GƏNCƏLİLƏRİ NİYƏ SINDIRMAQ İSTƏYİRLƏR?! - Aqil ABBAS yazır

AQİL ABBAS
1118 | 2024-10-30 09:00

Gəncə təkcə ölkəmizin ikinci ən böyük şəhəri deyil, eyni zamanda ən qədim şəhəridir. Şəhər mədəniyyəti ilə də başqa şəhərlərimizdən fərqlənir. Adamları comərddi, dostcanlıdı, səxavətlidi, belə demək mümkünsə, qabaqlarından  yeməyən insanlardı, sözlərinin  üstünə söz deməyi sevmirlər. 

İndi belə bir şəhərin adamlarını «Kəpəz» klubuna olan münasibətlə niyə sındırmaq istəyirlər? 

Avropada Gəncədən az əhalisi olan ölkələr var ki, 10-15 komanda  saxlayır, ölkə çempionatları da  Azərbaycan çempionatından maraqlıdır. 

Allahın cındır ölkələrindən biri olan Cəbəllütariqdə də futbol var. 

Vaxtilə ölkəmizin böyük bir futbol məktəbi, futbol mədəniyyəti olan Gəncə niyə bu günə düşüb? 

Vaxtilə «Turan»ın zəif oynadığı  və sahibsiz olduğu dövrlərdə belə bir köşə yazmışdım: «Olmayan Ağdam və olan Tovuz». İndi həmin ifadəni  Gəncəyə də işlədə bilərik: «Olmayan Ağdam və olan Gəncə».

400 minlik əhalisi olan bir şəhərin stadionu yoxdu, «Qarabağ» komandası kimi hər yerdə qonaqdı. Cənab Prezident İlham Əliyev çox  qısa bir zaman kəsiyində Xankəndidəki stadionu bərpa elədi və «Qarabağ»la «MOİK» arasındakı Kubok oyununda da topa ilk zərbəni özü vurdu. İndi azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işləri aparan Cənab Prezident İlham Əliyev işini-gücünü atıb Gəncədəki stadionla da ilgilənməlidir? Bəs, futbol təsərrüfatına baxan təşkilatlar nə ilə məşğul olmalıdır, oyunçu alıb-satmaqla, xaricdən məşqçi gətirməkləmi? 

Neçə vaxtdır eşidirik ki, Gəncədə stadion tikilir. Nə vaxt başa çatacaq, Vanqa da sağ deyil ki, gedib ondan  soruşaq. 
87-88-ci illərdə  Ağcabədidə stadionu iməclik yolu ilə tikmişdilər. Və həmin stadionun  tikintisində mən də Bakıdan gedib fəhlə kimi  iştirak edirdim. İndi Gəncədə də iməcliklə bu stadionu çoxdan tikib qurtarmış olardılar, heç bir o qədər də xərc çıxmaz. 

Yəqin ki, yeni stadion  istifadəyə verilənə qədər «Kəpəz» yenidən birinci liqaya qayıdacaq.  Bununla da Gəncədə futbol Azərbaycanın milli komandasının gününə düşəcək, yəni öləcək. 

Yazının sonunda bir məsələyə də toxunmaq istəyirəm. Klubun  rəhbərliyi nə qədər pul verib xaricdən Santuş adlı bir qapıçı  gətirdib. O da ortalama hər oyunda  üç top buraxıb. Gəncədə yoldan bir gənci tapıb gətirib qapıya qoysalar bu qədər  top buraxmaz, gəncəli qeyrəti buna yol verməz. 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV