adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İLHAM ƏLİYEVİN TALIŞDA YANDIRDIĞI TONQAL VƏ YENƏ DƏ BAŞ ÇƏKİM AĞDAMA GƏRƏK - Aqil ABBAS yazır

AQİL ABBAS
817 | 2023-03-28 18:20

Düz 27 ildi Novruz bayramı ərəfəsində Ağdama gedə bilməmişəm, qovrula-qovrula qalmışam. 27 il doğma ocağımızda tonqal qalaya bilməmişəm, bütün ağdamlılar kimi.

Amma hər Novruz bayramı ərəfəsində gedirdim Evoğlu kəndinin üstündəki sonuncu postumuza, sonuncu səngərə. Hətta bəzən səngəri də adlayıb keçirdim, ordan həsrətlə Ağdama baxırdım. Ağlayırdım.

Son zamanlar ermənilər bizim acığımıza həmin ərəfədə işğal altında olan kəndlərimizi, bağ-bağatlarımızı od vurub yandırırdılar, keçib söndürə bilmirdim. Onlar evlərimizi, kəndlərimizi, bağ-bağatlarımızı deyil, biz ağdamlıların ruhunu yandırırdı.

Amma heç vaxt ruhdan düşmürdüm. İnanırdım bu yolu gedəcəyimizə. Və bütün yazılarımda da millətə bunu aşılayırdım ki, gedəcəyik bu yolu.

Və getdik də. Özü də «Dolu» romanında və «Dolu» filmində necə getmişdiksə, eləcə getdik – piyada. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına açıldı bu yollar.

İndi üç ildir ki, hər Novruz bayramında gedirəm Ağdama, həyətimizdə tonqal qalayıram və üstündən də hoppanıram.

Yenə bayram ərəfəsində xanımıma dedim ki, yığış gedək Ağdama, həyətimizdə bir tonqal qalayaq. Və sübh tezdən üz tutduq üzü güləbədinə, yəni Ağdama. Bərdəyə çatanda xanımım dedi ki, bəlkə əvvəlcə Tərtərə gedək Talış kəndinə, sonra Ağdama. Birinci, ağzım nədi komandirin sözündən çıxam, ikincisi, bu mənim də ürəyimdən keçirdi. Maşını döndərdim Tərtərə tərəf, ordan da üzü güləbədinə, yəni Talış kəndinə.

Möhtərəm Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Novruz bayramında Talış kəndinə səfərlərini dəfələrlə izləmişdim. Orda qaladıqları tonqalın istisinə mən Bakıda qızınmışdım. İnsanlarla səmimi görüşlərində bir şeyi də hiss etmişdim. Qaçqının üzü-sifəti gülə bilər, amma gözlərinin içi heç vaxt gülmür. Talışa köçmüş qaçqınların Prezidentlə görüşündə bu dəfə hiss elədim ki, gözlərinin içi də gülür. Bundan böyük xoşbəxtlik olarmı? İnsan doğma yurd-yuvasına qayıdır.

Gəldik çıxdıq Talışa. Xanımımın birinci sözü bu oldu:

- Boyy, bura lap Avropaya oxşayır ki?

Doğrudan da belə yaraşıqlı kəndlərə Avropada rast gələ bilərik. Burda insanların elə Avropadakı kimi yaşamaları üçün hər cür şərait yaradılıb, bütün infrastruktura qurulub: tibb məntəqəsi, poçt, məktəb, uşaq bağçası, xeyir-şər binası, icma mərkəzi, icra nümayəndəliyinin binası, Bayraq meydanı. Hələ ki kəndə iyirmi ailə köçürülüb. Kənddə tikinti-bərpa işlərinə rəhbərlik edən Səbuhi Abdullayev gələcək inkişaf planından danışdı. Yaxın zamanlarda daha 158 yaşayış evi tikilib sakinlərin istifadəsinə veriləcək.

Ermənilərin 30 il yaşadıqları bu kənddə bir dənə abadlıq işi görməyiblər. Yaşadıqları evlər də quş damına oxşayır, qarabağlıların dili ilə desək, bu evlərdə it də yaşamaz.

Səbuhi müəllimlə kəndi gəzdik. Erməni kilsəsinə də baş çəkdik, yerində durur, bir daşına da əl dəyilməyib. Biz müsəlmanlar üçün kilsə də, sinaqoq da, məscid də Allah evi sayılır, müqəddəsdir, toxunulmazdır. Amma ermənilər Qarabağda bir məbədimizi də, bir məscidimizi də, tarixi abidələrimizi də qoymayıblar, dağıdıblar. Məscidlərimizdən tövlə kimi istifadə edirdilər, donuz saxlayırdılar. Amma biz bunu edə bilmərik, çünki biz müsəlmanıq və türkük. Hətta kilsənin içi də tərtəmiz idi.

Kəndin sakinləri ilə görüşdük. Hamı bizi evinə dəvət edirdi, tanıyan da, tanımayan da.

Əyyub kişinin qonağı olduq. Samovar çayı dəmlədi, yığışdıq bir süfrənin başına. Süfrədə mürəbbə, konfet. Gözlərinin içi gülən Əyyub kişi çox söhbətcil adam idi. İxtisasca mühəndis olan Əyyub kişi tarixi, ədəbiyyatı da gözəl bilirdi. Hardan danışırdı fırlayıb Kəlbəcərin üstünə gəlirdi: İstisudan, Dəlidağdan, Keti-Meti dağından, Yüzbulaqdan, Tərtər və Tatarlar çayında çimdiklərindən, tütünçülükdən. Deyirdi Kəlbəcərin tütünündən və bir də balından dünyada yoxdu. O qədər doğma adamıydı ki, bir az da qurdalasaq qohum çıxacaqdıq.

İstədi həyətində bir tonqal da qalasın bizim xətrimizə, dedim, ağsaqqal, lazım deyil. Möhtərəm Prezident İlham Əliyev burda elə bir tonqal qalayıb ki, bütün Azərbaycan o tonqalın hərarətini hiss eləyib, hətta Arazın o tayı da.

İnşallah, İlham Əliyev işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə bayram tonqalları qalayacaq, eləcə də Xankəndində və Xocalıda.

Ayrılanda Əyyub kişiyə təzəcə çapdan çıxmış bir kitabımı da bağışladım.

Qayıtdıq Tərtərə. Bir qismət çörək kəsmək istədik. Bağlı-bağatlı bir yeməkxanada gördük ki, böyük süfrə açılıb. Və gördük ki, Tərtərin icra başçısı Müstəqim müəllim də həyətdə gəzişir. Məlum oldu ki, şəhid analarını Tərtərə dəvət edib, özü Oruc tutduğuna görə süfrədə əyləşməyib. Şəhid anaları ilə söhbətləşdik, daha dəqiq desək, dərdləşdik. İnsan dərdini paylaşanda yüngülləşir.

Bu vaxt bir şəhid anası dedi ki, mən sənin yerlinəm.

- Ağdamdansınız?

-Xeyr. Şahbuzun Nursu kəndindənəm, Məmməd Arazın kəndindən.

Hamının dodağına bir incə təbəssüm qondu. Söhbət zamanı məlum oldu ki, bu anaların övladları Suqovuşanda, Talış kəndində şəhid olublar. Və üçüncü ildir ki, Müstəqim müəllim bu şəhid analarını rayona dəvət edir, övladlarının azad etdiyi torpaqları gəzdirir. Çaylını, Suqovuşanı, Talışı gəzdirir.

Halallaşıb, ayrıldıq. Yenə üz tutduq üzü güləbədinə, yəni Ağdama. Bu dəfə «Real» televiziyasının əməkdaşları da gəldilər və birlikdə getdik Ağdama, həyətimizə tonqal qalamağa. Keçən il də «Real» TV-nin əməkdaşları ilə bayram ərəfəsində Ağdamda olmuşduq, həyətimizdə olmuşduq, tonqal qalayıb üstündən atlanmışdıq, yüngül süfrə də açmışdıq. Amma bu dəfə televiziyanın əməkdaşlarından birinin ağzı oruclu olduğuna görə süfrə açmadıq. Tonqalımızı isə qaladıq. Üç dəfə atlandım üstündən. Birində şəhid və qazilərimizə dua edib atlandım, ikincisində millətimizə, ailəmizə və həyətimizə dua edib atlandım, üçüncüsündə isə bizə bu günləri bəxş edən Möhtərəm Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dua edib atlandım. Duanın sonu da belə olur də: «Azarlarımız, bezarlarımız tonqalda yansın, yaman gözlərə də şiş batsın».

Və təbii ki, «Real» televiziyasının əməkdaşları ilə birlikdə doğma həyətimizdə mənim ad günümü da qeyd etdik.

Və 30 il bu həyətə qarovul çəkib məni gözləyən, əlimlə əkdiyim gilas ağacı haqqında da danışdım. 30 il susuz qalaraq qurumayan gilas ağacı məni görəndən sonra qurumuşdu.

Xanımım bu barədə maraqlı bir yazı da yazmışdı. Və demişdi ki:

- Gilas ağacı 30 il sənin yolunu gözləyib, səni görəndən sonra deyib ki, al həyətinizi, indən belə sən qoru. Və ona görə quruyub, dilxor olma!

Yeni çıxmış kitabımın adı belədir: «Çay qırağında bitib, susuz qalan ağacların sağlığına». Qurumuş gilas ağacına baxıb dedim:

- Otuz il susuz qalıb, qurumayan ağacların sağlığına!

Və gilas ağacını öpdüm.

TƏQVİM / ARXİV