adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

“Komedixana” və Ənvər Abbasovun səs-küyü – Eminquey yazır

EMİNQUEY AKİF
1269 | 2022-06-28 13:43

Azərbaycan yumoru haqqında yazdıqlarımıza o yumoru xalqa təqdim edənlər bir yumor kimi baxır, əllərini qarınlarına qoyub şaqqanaq çəkəndən sonra üstümüzə acıqlanırlar.

Əslində başa düşürəm.

Hegelsin fəlsəfəsi bu prosesdə öz təsdiqini tapır.

Göz yaşı pik həddə çatanda yerini kədərə verir. Eynilə doğmasını itirən bir adamın ağlamaqdan havalandığı, qəfil durub oynadığı, güldüyü kimi.

İndi bizə şaqqanaq çəkəndən sonra qəzəb, hirs sərgiləyən o yumor icraçıları da eyni fəlsəfəni bizə bir daha isbat etmiş olurlar.

Keçək əsas məsələyə.

Bir ildən çoxur ki efirdə yayımlanan “Komedixana”ya.

Bu layihə hələ efiə getməmişdən Türkiyə efirində yayımlanan “Gülür güldür”, “Çok güzel hareketler bunlar” kimi layihələri izləmiş və “niyə bu əjdahadan bizdən yoxdur?” kimi suallarla həşir-nəşir olandan sonra aktyor, rejissor dostlarımla bunu Azərbaycanda həyata keçirmək barəsində müzakirələr etmişdim. Açığı, çox düşünsək də, hərənin ağzından bir söz çıxdı və bir ortaq nöqtəyə gələ bilmədik.

Üstündən bir müddət keçdi,”Komedixana” efirə getdi. Artıq kimlərsə bunu düşünüb və reallaşdırıb. Sevinmişdim. Şükr, kimlərsə belə bir addım atdı. Amma...

Bu layihə haqqında tez-tez statuslar yazılır, bayağı olub-olmadığı müzakirə edilir. “Komedixana” efirdə illərdir at oynadan, hara daş atsan oradan çıxan aktyorların, vaynerdəndönmə aktyorların oynadığı, ssenaristlərindən biri Ənvər Abbasov olan bir layihədir. Bizi Türkiyənin “Güldür güldür”ündən, “ÇGHB”-dan fərqləndirən təkcə bayağılıqdırmı? Bütün dərdimiz yumorun keyfiyyətidirsə, bəs bunun səbəbi nədir?

Fərqi izah etmək üçün paralellər aparaq.

“Güldür güldür”ə Kamal Sunalın oğlu Ali Sunal, “Çok güzel hareketler bunlar” isə Yılmaz Erdoğanın rəhbərlik edir. Format budur ki, hər iki rejissor skeçlər təqdim olunandan sonra fikrini bildirir, müdaxilə edir, zal ilə interaktiv söhbət aparır və skeçlər tamaşaçı tərəfindən “ən yaxşı” olaraq qiymətləndirilir, “zəng” çalınır. Və bütün bunlar hamısı ayrı-ayrılıqda yumora çevrilə bilir. Bəzən taşaçılardan birinin söylədiyi fikir skeçdə improvizə kimi istifadə olunur.

Amma biz “Komedixana”da bunu müşahidə etmirik. Tamaşaçı sadəcə alqış üçündür, skeçlər müzakirə olunmur, nə rejissor ortadadır, nə də ssenaristlər. Bax, gülə bilsən gül, bilməsən də, olanımız budur.

Fərqin biri bundadır ki, türklərdə teatr heyəti əksərən heç yerdə tanınmayan istedadlı gənclərdən ibarətdir. Onlar sırf bu skeçlərin hesabına püxtələşir, tanınır, daha sonra filmlərə rol belə ala bilirlər. Hər iki layihənin rəhbəri birbaşa yumorun içində olan, sözünü demiş, peşəkar, mütaliəli insanlardırlar. Ali Sunal atasından gördüyü ənənəni davam etdirir, Yılmaz Erdoğan isə artıq özü bir ənənədir.

“Komedixana”da isə bu ənənələr yoxdur, layihə sırf tanınmış, kütlə tərəfindən ən çox baxılan, izlənilən insanlar tərəfindən təşkil olunub. Bəzən çox yaxşı skeçləri olur, baxmışam, güldüklərim də olub, amma ümumilikdə nədənsə mənə elə gəlir ki, bu layihə səs-küy doğurmaqdan çox səs-küylə daha çox baş ağrıdır. Buna misal kimi təkcə Ənvər Abbasovun qışqıra-qışqıra danışmağını çəkə bilərəm.

Skeçlərin bir çoxusu realda baş verən, gündəm olan gülməli şeylərin səhnədə hansısa skeçə daxil olmasından ibarətdir. O hadisələrə fərqli baxış yoxdur.

“Komedixana” bu templə tez gülünüb qurtaracaq və ənənəyə çevrilməyəcək. Bəlkə heç bu heyətin dediyim şeyə iddiası da yoxdur. Sadəcə mövsümi layihədir. Sponsor olmadı, it-bat olacaq. Amma çox istərdim ki, çox fərqli, yeni bir tərzdə, başqa bir adla, başında bəlli bir ənənəsi olan, yumor adına danışa bilən bir adamla yeni layihələr işlənsin. Ali Sunal-Yılmaz Erdoğan dostluğu və rəqabəti bizdə də olsun.

Vəssalam...

 

TƏQVİM / ARXİV