adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

LALA VƏ "TOPLAN" ƏLİ

MAHİR QABİLOĞLU
26438 | 2014-10-22 01:43




Mikrorayon bazarının dairəsi. Papaninə gedən yol. Hə, yəqin buranı deyiblərmiş. Amma, adı pisdir də - Qul bazarı. Hansı dövrdə yaşayırıq? Quldarlıq dövrü-zaddır ki? Heç olmasa adını fəhləxana qoyun. Belə yenə yaxşı səslənir. Eybi yox. Yaman günün ömrü az olar. Müvəqqəti çətinlikdir də... Uşaqları böyüdüb başa çatdırmalıyam. Özü də qız uşağıdırlar. Gözləri tox böyüməlidirlər. Bir də ki, üç qızı böyüdüb ər evinə köçürən atanın yeri behiştlikdir deyiblər. Bəlkə Cənnəti mənə bu balarım qazandırdılar.
Getdikcə də adam çoxalır. Bəziləri parketyonan maşınıyla, dreliylə gəliblər. Yəqin ustadırlar. Mənim əlimdəki kulyokdasa bir köhnə şalvar-köynəkdir, bir cüt də cırıq ayaqqabı. Hə, arvad günortaya pendir-çörək də qoyub. Amma çayı hardan tapacam. Pulum evə qayıtmağa çatar, əgər iş tapa bilməsəm. Başqalarına bax - termosla gəliblər. Gör mənim arvadımın ağlına gələr? Lap gəlsə belə, termosumuz deyəsən yoxdu axı.
Özü də üç-üç, dörd-dörd dayanıblar. Yəqin qohum-tanışdırlar. Ailə briqadası qurublar. Hamısı da maşallah canlı, cüssəli. İndi fəhlə kimi işləməyə onları götürərlər, yoxsa cüssəsiz məni? Əlbəttə ki, onları.
Səkidə dayananların sayı artdıqca, yavaş-yavaş məni də qırağa sıxırlar. Nə həyasızdırlar e. Maşının dayanmağına bənddirlər, biri arxa qapını açır minir, o biri qabaq qapını. Bir buna bax. Ay kişi, axı maşında dörd yer var, sən özünü hara soxursan? Hələ bir gör nə deyir? "Qaçqınam. Qurban olum, məni də götür!" Nəyimə lazımdır e... Qoy nə deyirlər desinlər. Allah onlara da bir çörək yeri yetirsin, mənə də.
Birdən maşını saxlayıb soruşsalar ki, "nə iş bacarırsan?", nə cavab verim? Deyərəm ki, hər şey. Bu zəmanədə ən birinci dilin olmalıdır. Dilin olmadısa batarsan. Bəlkə bir az qələbəlik olan yerə gedim? Burda çətin ki, məni görüb götürən olsun. Hə, dairəyə yaxın yaxşıdır. Burda dayanacağam.
- Qağa, - deyə biri səslənir. Deyəsən mənimlədir, - qağa, səninlə deyiləm? Burda dayanma. Bura bizim territoriyadır.
- Kəndinizdən belində gətirmisən? Onu kim çıxartdı, - deyə cavabını verirəm.
- Artıq-əskik danışma, Deyəsən Semaşkoluq olmaq istəyirsən a? Bas burdan o yana.
İstəyirəm qol gücümü nümayiş etdirərək cavablarını verim. Amma çoxdurlar. Hamısı da pəhləvana bənzəyir. Lap tək olsaydı da heç nə edə bilməzdim. Füləsə yıxılaram. Keçirəm yan böyrə. Beləcə bütün rayonlardan olanların "territoriya"larını gəzib qayıdıram əvvəlki yerimə. "Eybi yox, bura da yaxşıdır. Çörəyi Allah yetirir. Qismətimdə varsa burda da yetirər".
Ayaqüstə dayanmaqdan da yoruldum. Dizlərimi qatlayıb oturum bir az. Yox, biədəb görsənir. Elə bil "aziatski unitaz"da oturmuşam. Arvad-uşaq keçir, ayıbdır. Özümü dikəldirəm. Maşınlar gəlib gedir. Amma mənə tərəf heç baxan da yoxdur. Küçədə dayanan fahişələri indi başa düşməyə başlayıram. Gör necə çətinmiş işləri. Dörd saat dayanmışam, artıq bezmişəm. O yazıqlar isə kabluk ayaqqabıda, qışın soyuğunda, payızın yağıçında mini yubkada, saçı-başı, yaxası açıq necə dayanırlar görəsən? Vallah, qəhrəmandırlar. Mən kişi xeylağı isə dörd saatdır burdayam, artıq dözə bilmirəm. Yorulmuşam. Sonra da deyirlər ki, qadın zərif, zəif məxluqdur. Yalan deyirlər. Kişi zəif məxluqdur. Özü də bu zəmanədə. Qul olmaq da əlindən gəlmir.
Bir kənd var e, Derembel. Ora qonaq getmişdim. Danışdılar ki, bəs bu kəndin belə bir adəti var - dilənçiliyi bacarmayana qız vermirlər. Güldüm onların bu adətlərinə. Amma indi görürəm ki, ağıllı adammışlar. Heç olmasa dilənçiliyi bacaraydım. Axı, bunu da bacarmıram. Onda, ailəm necə olsun? Acından ölsün? Yox. Maşın dayananda mən də qaçacağam. Yalvaracağam. Bəlkə rəhmləri gəldi. Məni də götürdülər.
Günorta da oldu. Pendir-çörəyimi yeyim, Allahıma şükür edim. Şükür etməyib, neyləyəcəyəm ki? Məni bu günə salıbsa, deməli nəsə bilir də... Allahımla durub spor edəcəyəm? Spor eləyərəm, başıma özüm boyda daş salar. Balalarım qalar yetim. İndi oturublar məni gözləyirlər. Arvad da böyük bir siyahı yazıb qoyub cibimə ki, gələndə alarsan. İndi iş tapmasam nə olacaq? Gərək borc tapım hardansa. Yox, hələ bu barədə düşünməyim. Saat hələ gör neçədir? Heç üç olmayıb. Mən isə indidən bədbinliyə qapılıram.
Dairə də yavaş-yavaş boşalır. Bu yaxşı oldu. Nə qədər az adam olsa, mənim də bəxtim tez açılar. Amma, nə gözəl maşınlar şütüyür? Allah artıq eləsin, amma mən istəməzdim. Aşağısı bir otuz min manat qiyməti var. Otuz minə mən gör neçə il şah kimi yaşayardım e... Günə iyirmi manatdan - bu aya edir altı yüz manat. İlə vursan 7200 manat. Düz dörd il bir ay on beş gün dərd-sərsiz yaşamaq olar bu pula. Özü də evdən bayıra çıxmadan. Mənim isə gözüm iş verən axtarır. Yox, pis çıxdı "iş verən" deməyim. Lap "işverən"ə oxşadı. Yanlarında da bu söz ağzımdan çıxsa, başıma qapaz vurub qovarlar. Özü də ki, işləri görüb başa çatdırandan sonra. Acığa, pulumu da verməzlər. Nə isə. Kim olur-olsun, təki məni burdan götürüb aparsın. Yer süpürüm, torpaq belləyim, zibil atım - nə desələr eləməyə hazıram.
Budur e, vaxtında sənət öyrənməməyin axırı. Soruşanda da hələ fəxrlə deyirəm ki, Universitetin kitabxanaçılıq fakültəsini bitirmişəm. Kül mənim başıma. Kitabxanaçı maaşına da indiki dövrdə beş baş ailə saxlamaq olar? Təki vaxtında kənd təsərrüfatı texnikumuna girəydim. Baytardan, arıçıdan olardım. Mən mal-qara saxlayardım, arı saxlayardım, onlar da məni, mən də ailəmi. Torpağı əkib-becərib öldürərdim, o isə məni dirildərdi. Yox, belə getsə qayıdacağam kəndə.
Hava da qaralır. Xoşum gəlmir də qışdan. Yayda heç olmasa Günəş gec batır. Dairə də yavaş-yavaş boşalır. Deyəsən bu günüm boşa çıxır. Yaxşı ki, səhər avtobusla gələndə düşüb qaçdım, pul vermədim. Gedəndə də elə etsəm heç olmasa çörək ala bilərəm. Qırx qəpik də qırx qəpikdir də... Bir təhər gecəni keçirərik. Sabaha təvəkkül. Görək nə olur.
Hə, dairə tamam boşaldı. Bəs mən nə gözləyirəm? Yox, əliboş getmək olmaz. Bir az da gözləyim. Allah deyəsən səsimi eşitdi. Bir dənə qəşəng "CİP" gəlir. Görəsən bu, neçəyə olar? Yox, bu otuz minlikdən deyil. Azı-azı yüz min qiyməti var. A, dayandı. Deyəsən, bəxtim açıldı. Amma, görəsən qaranlıqda bu iş nə iş olacaq ki? Mən nə vaxt başlayıb, nə vaxt qurtaracağam? Şüşəni aşağı salır. A, qız imiş ki, sükan arxasında. İndi yəqin hansısa şadlıq evinin yerini soruşacaq. Şəhəri tanımırsansa, nə vacibdir e, maşın sürməyin. Qız, sənin şofer boyunu yerə soxum. Sənə prava verənin... Əli, dayan, nə olub? Nə qızışıb özündən çıxmısan? Bir yaxınlaş gör nə istəyir?
- Xanım, nəsə bir kömək lazımdır?
- Dayı, mən it axtarıram.
- Nə?
- İt.
- Burda it satılmır.
- Bəs onda nə edim? Mənə təcili it lazımdır.
- Üzr istəyirəm. Gecə vaxtı mən sizinçün hardan it tapım? Bir də ki, nə vacib iş çıxıb ki, it axtarırsınız?
- Bağda qəfəsdən quş çıxıb, onu tutub yerinə salmaq üçün.
- İt onu tutsa boğar ki?
- Mənə də o lazımdır da... Ki, ağzında tutub mənə gətirsin.
- Vallah, ilk dəfədir ki, belə şey eşidirəm.
- Dayı, siz quşu tutmağa yardım edərsinizmi?
- Niyə etmirəm ki, a bala, nə çətin şeydir ki, quş tutmaq.
- Onda, əyləş, getdik.
- Bağ hardadır ki?
- Mərdəkanda.
- Nə qədər verəcəksən?
- 100 dollar. Əgər quşu tutub mənə verə bilsən.
"100 dollar" sözünü eşidəndə boğazım qurudu. Yenə də fikirləşdim ki, qız məni dolayır. Amma ciddi danışırdı.
- Birdən quşu tuta bilməsəm? - deyə soruşdum.
- Onda yol pulunu verərik, qayıdarsan.
Maşının qapısını açıb, qabaqda əyləşdim. Başqa əlacım da yox idi. Kənd uşağıydım. Hasarlı bağda quşu tutmağa nə var idi ki? Bir də ki, ortada 100 dollar söhbəti vardı. Bu pulla evə getsəydim arvadın gözü çıxacaqdı kəlləsinə.
Arxada bir qız, iki oğlan oturmuşdu. Danışıqlarından şəhər uşaqlarına oxşayırdılar. Siqaret çəkirdilər. Hərəsinin də əlində bir şüşə.
- Dayı, siqaret çəkirsən? - deyə arxadakı qız dilləndi.
- Yox, başına dönüm, çəkmirəm.
- Bəlkə viski içəsən. Ləbləbiylə.
- Yox, içmirəm.
- Lala, nə yaxşı itin var sənin. Nə siqaret çəkir, nə viski içir. Mənim bu alfonslarımda isə heç otkaz yoxdur. Verməsən də, özləri istəyirlər.
- Ay bala, alfons nədir?
- O da elə it kimi bir şeydir. Amma qucaq iti.
Aman Allah, bunlar nə danışırlar? Nə it? Nə əl iti? Nə alfons? Mənə də it deyirlər. Görəsən məni hansı cinsə aid edirlər? Ərinmədim soruşdum.
- Dayı, sən isə bizim ov itimizsən. Bizimçün quş ovlayacaqsan.
Day sual vermədim. Yaxşı ki, 100 dolları əvvəldən demişdilər. Yoxsa, bunların dədəsini, nənəsini söyüb maşından düşəcəkdim. Amma 100 dolların xətrinə dözürdüm. Qurban olsunlar yaşıl yüzlüyə. Yüzlüyə yox e, evdə ac-yalavac yemək gözləyən uşaqlarıma.
Sükan arxasında oturan qız gözəl geyinmişdi - qırmızı rəngdə dublyonka, qara şalvar, qırmızı uzunboğaz çəkmə. Gözündə eynək vardı. Arxada oturan oğlanların cınqırı da çıxmırdı. Təkcə Lalanın rəfiqəsindən başqa.
- Dayı, hansı parodadasan?
Qaldım ki, nə cavab verim. Paroda-zad tanıyırdım? Bircə çoban iti görmüşdüm rayonda. Ona görə də:
- Çoban iti parodasından, qızım.
- Çoban iti? Lala, maşını saxla. Bizi dişləyər. Mən qorxuram. Fu, Toplan, fu! - demişdi ki, arxada gülüş səsləri bir-birinə qarışdı. Lala:
- Bəsdirin mənim Toplanıma sataşdınız. Canınızı alaram ha.
Arxada oturanlar səslərini kəsdilər. Lala yolüstü supermarketin yanında saxladı. "Nə alım sizə?" soruşdu. Oğlanlar pivəylə çipsi istədi. Rəfiqəsi isə viski. Mən isə heç nə istəmədim. Çünki, məndən soruşan da olmadı. Amma ürəyim yaman yanırdı. Su istəyirdim. Birdən qızın rəfiqəsi maşının pencərəsini endirib dükana girmək istəyən Lalanı çağırdı:
- Lala, Lala, Toplançun da Çappi al, - dedi.
Təzədən arxada oturanların qaqqanağı aləmi götürdü. Mən isə fikir vermirdim. Fikrim 100 dolların yanındaydı. Lala marketdən qayıtdı. Yola düşdük. On dəqiqədən sonra bağa çatdıq. Darvazanı bir yaşlı kişi açdı. Gözəl, geniş bir bağ idi. Yarım hektar ərazisi olardı. Meyvə ağacları, dekorativ bitkilər, gül kolları. Ortada basseyn də vardı. Belə bağı kinolarda görmüşdüm. Qismət oldu gözümlə də gördüm. Lala, rəfiqəsi və oğlanlar evin girişinin qarşısındakı eyvan kimi yerə çıxdılar. Bir stol və dörd stul qoyulmuşdu. Üstündə də müxtəlif qəlyanaltılar, meyvələr. Əyləşdilər. Buradan həyət əl içi kimi aydın görsənirdi. Lala mənə tərəf çönüb:
- Toplan, sən də gəl yanımda çömbəl.
Lalanın dediyi kimi etdim. Gəlib yanında dayandım.
- Elə yox, it kimi çömbəl. Axı, sən mənim Toplanımsan.
O dediyi kimi də elədim. Əllərimi, dizlərimi yerə qoyub, it kimi dayandım. Lala şokoladı kağızından çıxarıb ağzıma yaxınlaşdırdı. Mən də ağzımı açdım. Konfeti qoydu ağzıma.
- Molodes, Toplan, molodes, - deyib başımı sığalladı.

(Ardı var)

TƏQVİM / ARXİV