adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Öz çirkabımızda boğuluruq... – Eminquey yazır

EMİNQUEY AKİF
417 | 2022-08-05 14:21

Bakının ən çiy marşrutu olan 165 № avtobusdan yaxamı qurtarmaq üçün metro ilə Elmlər Akademiyasına, ordan da çıxıb 39 № avtobusla iş yerimə - Nəşriyyatın binasına gəlirəm.

39 № avtobusun da “165” vaxtları olub, amma sonra təkamülə uğradı, kondisionerli avtobuslar gəldi, təzəlikcə isə sürücü heyəti dəyişdirilib. Allahsızlıq eləməyim, əksəriyyəti mədəni sürücülərdir, avtobusu da adam kimi sürürlər.

Bu səhər yenə işə gəlirdim. Avtobus 5 dəqiqəlik dayanacaq fasiləsində idi. Otuz doqquzun orta yaşlı sürücüsü yaxınlaşdı, yandıran istədi, verdim. Sonra qayıtdı ki:

- İnsanları başa düşmürəm də. Zəng vurub, götürmüşəm. İndi mən zəng vururam, açmır. Axı niyə adamlıqdan çıxırlar?

Söz tapmadım, ötəri gülümsünüb başımla razılaşdım.

Bu dəm sürücü avtobusa çəlikli birinin mindiyini, kartı vurmadan keçib oturduğunu gördü, avtobusa mindi və adamdan (çöldən belə anladım) gediş haqqını vurmağını istədi. Adi bir şeydir deyib üzümü bu yana çevirmişdim ki, qəfil səs-küy qopdu. Yaxınlaşdım avtobusa. Sərnişinlərdən bir kişi çəlikli adama əsəb içində deyir:

- Sürücü səndən nə istədi? Dedi ki, gediş haqqını ödə də. Hamı necə, sən də elə. Bu ölkədə bircə polis işçiləri kartlarını göstərib nəqliyyatdan pulsuz istifadə edə bilər. Nə hoqqa verirsən burda? Ayıb deyil?

Sonra bu yandan bir qadın da mübahisəyə qoşuldu:

- Düz deyir də. Sürücünü niyə söyürsən ki? Pulun yoxdursa, birindən xahiş elə, keçirtsin. Onun nə günahı var? O da işini görür də.

Əsəbi kişi sözünə davam elədi:

- Vallah da. Pulunun olmamağının günahı sürücüdədi? Başa düşürəm, müharibə veteranı ola bilərsən, pulun olmaya da bilər, amma bu boyda camaatın içində sürücünü söymək nə deməkdi? Ayıb deyil?

Çəlikli kişinin isə bayaqkı səs-küyündən əsər-əlamət yox idi. Lal-dinməz dayanmışdı. O, bir dayanacaq sonra düşdü.

Mən isə işə çatandan sonra da öz içimdəki suallarla savaşmağa davam elədim.

Doğrudan da sürücünün nə günahı var?

Bu çəlikli kişinin söyüş söyməkdən başqa nə günahı var?

Bu sualda ilişdim.

Var, var...

Günahı çoxdur.

Bu gün yaşadıqları onun öz günahıdır. Dolana bilməməyi də, mədəniyyətdən bixəbər olmağı da, üsyanının ünvanını səhv salmağı da, lap belə veteranlığından istifadə etməyi də.

Açıq desəm, artıq özümüzə acımağı tərgitməyə başlayıram. Yavaş-yavaş heç kimə yaşadıqlarından dolayı yazığım gəlməməyə başlayıb. Öz çirkabımızda boğuluruq.

Hər şeyin yerini bu cür səhv salan adamlardan ibarət topluma yazığım gəlmir daha. Sadəcə çox iyrənirəm...

TƏQVİM / ARXİV