«QARABAĞ»LA «ARAZ» NAXÇIVANIN FƏRQİ! - Aqil ABBAS yazır

AQİL ABBAS
1635 | 2024-09-26 17:15

«Qarabağ» ona görə Bakıya  sığınıb ki, təmsil etdiyi Ağdam 27 il işğal altında qalıb. Və xeyirxah insanlar bu komandanı dağılmağa qoymadılar.  Bu gün də Azərbaycan futbolunu Avropada ləyaqətlə  təmsil edir.

Bu günlərdə Möhtərəm  Prezident Ağdam şəhərində UEFA-nın tələblərinə cavab verən  İmarət stadionunun təməlini qoydu. Və stadion 2028-ci ildə hazır olacaq. O müddətə  qədər də ağdamlıların  xeyli hissəsi doğma şəhərlərinə dönəcək və «Qarabağ» da ev oyunlarını Ağdamda  keçirəcək, bu məlum. 

Bəs, «Araz» Naxçıvan  niyə Bakıya sığınıb? Allaha min şükür ki, Naxçıvan yerindədir. Özü də  böyük stadionu var, bazası var və o stadionda da olmuşam. «Qarabağ» «Qəbələ» ilə Kubokun finalında oynayırdı və stadionda iynə atsan yerə düşməzdi.  Və Naxçıvan camaatının futbola necə maraq  göstərdiklərinin şahidlərindən  biriyəm. 

Vaxtilə Əhməd Ələsgərov «Araz»ın baş məşqçisi işləyəndə özü ilə yüksək liqada oynayan «Çernomorets»in üç ulduz futbolçusunu da Naxçıvana gətirmişdi. 

Əhməd Ələsgərovla  dost idim. Söhbətlərimizin birində dedi:

- Naxçıvanda futbolu  çox sevirlər. Hətta oyun gedə-gedə müəyyən  fanatlar  tamaşaçıların arasında gəzir, camaatdan pul yığır  və oyundan sonra gətirib  stolun  üstünə qoyurdular ki,  bu pulu da futbolçulara  payla. 

Bu günlərdə Naxçıvana getmişdim. Təbii ki, bir stadiona da baş çəkdim. Hər şey yerində idi, bircə ot örtüyünü  dəyişmək lazımdı. Axşamüstü şəhərin  kənarında bir göl var, adı yadımdan çıxıb, Milli Məclisin sabiq deputatı Cəbi müəllim bizi həmin gölə çay içməyə apardı. Doğrudan da füsünkar bir göl idi. Yolun kənarında  iki dənə məşq stadionu var idi. Deyəsən, biri  hələ örtülü  stadion idi, naxçıvanlılar da burda futbol oynayırdı.  Cəbi müəllim dedi ki, «Araz»ın futbolçuları da bura gəlir. Necə ola bilər ki, böyük bir Muxtar Respublika artıq neçə müddətdir ki, bir stadionunu  bərpa edə bilmir və «Araz» da

«Qarabağ» kimi öz yuvasından  məhrum olub?

Özü də Elman Baxşıyevin komandası layiqincə futbol oynayır. 

Üzümü Naxçıvan nümayəndəliyinə və AFFA-ya tutub xahiş edirəm ki,  «Araz»ı Naxçıvana  qaytarın, onlara «Qarabağ»ın taleyini  yaşatmayın.

TƏQVİM / ARXİV