adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rüşvət pulla alınan ərzaqlardan bişirilmiş yemək orucu pozurmu? – Eminquey yazır

EMİNQUEY AKİF
787 | 2022-04-04 12:58

Ramazan gəldi, ümmətimizin bir-birindən şəhanə sualları başladı. Düzdür, indiyə kimi ən gülməli sualları Türkiyədə Nihat Hatipoğlunun verilişində eşitmişəm, amma yenə də məmləkətimizdə də duzlu insanlar çoxdur. Ya efirdə, ya da hansısa bir şəraitdə hamı suallarına cavab axtarır.

- Hacı, nəfəs çatışmazlığım var, burnumu fısıldatmağım orucu pozarmı?

- Oruclu halda uşaq əmizdirmək olar?

- Göz yaşımı udmuşam, orucum pozulubmu?

- İmsakda dişibin dibində yemək qalığı qalmışdı, uddum. Orucum pozulubmu?

- Tüpürcəyi udmaq orucu pozurmu?

- Oruc ola-ola yatmaq orucu batil edərmi?

 

(Guya oruc tutmayanda çox da oyaq adamdır axı...)

Dərdimizə bax, ilahi!

Badəm şərabla dolu

Sinəm sualla dolu, Hacı!

 

- Oruc ola-ola başqasının haqqını yemək orucu pozurmu?

- Ərinə xəyanət etmək orucu pozurmu?

- Yolda bilə-bilə tıxac yaradıb nəsil-nəcabətini söydürmək orucu pozarmı?

- Oruc ola-ola qızların orasına-burasına yaxşıca göz gəzdirib işə götürmək orucu pozarmı?

- Rüşvət pulla ərzaqlardan bişirilmiş yeməklə orucumu açsam, orucum qəbul olunarmı?

- İftara qədər ağzımın suyu axa-axa vəzifəli, imkanlı adamlara (mədəni şəkildə deyirəm, biədəbini anlayın) yaltaqlıq etsəm, orucum pozularmı?

- “Topaz”dan udduğum pulla fitrə çıxarsam, qəbul olunarmı?

- Kiməsə söz verib, ümidli edib onu darda, çətində qoymaq orucu batil edərmi?

- İmsakdan sonra insanların ömürlərini yemək, arzularını oğurlamaq, ümidlərini öldürmək orucu pozarmı?

- İlin-günün bu vaxtında, yaşayış şərtlərinin ikiqat ağırlaşdığı dövrdə maska taxmadığına görə cərimə ödəyə-ödəyə söyüş söymək orucu batil edərmi?

- Ramazan ayında saxladığına “sənin gözlərini yeyim, sənin dodaqlarını yeyim, sənin...” deyən həcinin orucu qəbul olunarmı?

- Nəzir qutularından yığılan pulla özünə yaxşı şərait qurub xalqa “dünya malında gözünüz olmasın” demək orucu batil edərmi?

- TV-də “Çağırış” filmi göstərilərkən çevirib “Ata ocağı” serialına baxmaq orucu pozarmı?

- Nizami küçəsində partlayan klubdakı insanların yaralanmasına, ölməsinə sevinmək, oradakı insanlara damğa yapışdırmaq orucu pozarmı?

 

Məsələn, bir şey deyim, oruc tutanda ac qalırsınız deyə çox enerji sərf etməməyiniz daha yaxşıdır ki, iftara qədər taqətiniz olsun. O səbəbdən harada haqsızlıq görsəniz, ağzınıza su alıb oturun, danışmaq da xeyli enerji aparır. Hə, bir də, ağzınızdakı suyu udmayın, orucu pozur!

 

 

 

TƏQVİM / ARXİV