adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SAĞ OL, BAKI

SEYFƏDDİN ALTAYLI
92871 | 2013-09-28 00:47
Ankara Universiteti Tibb fakültəsinin müəllimi prof. dr. Həsən Özkan bəylə çoxdandır dostuq. Bir gün yanına getmişdim, mənə dedi ki: "Bakıda sentyabr ayında konqres keçirəcəyik, bizimlə gəlib orda mətbuatla əlaqəmizin təminində kömək olarsanə" Mən də bu təklifin qarşısında, "əlbətdə gələrəm" demişdim.
Günlər-günləri, aylar-ayları yola saldı və bir gün Həsən bəy zəng vurdu ki: "Artıq getmək vaxtı yaxınlaşır nə deyirsən, işdən icazə ala biləcəksənmiə" Ona müsbət cavab verib işə ərizəmi yazdım və on günlüyünə Bakıya gedəcəyimi bildirdim. Sentyabr ayının 12-sində Bakıda Tibb Universitetində 13-cü Avrasiya Qastroenterologiya və Cərrahiyyə konqresi öz işinə başladı. Çərşənbə günü başlayan tədbir cümə ertəsi gününə kimi davam etdi. Bu günlər ərzində mən də konqresdə iştirak etdim və öhdəmə düşəni layıqıncə yerinə yetirməyə çalışdım. Konqres bitdikdən sonra 1986-cı ildəndir davam etdirdiyim "Sözümüz Söhbətimiz" verilişi üçün müsahibələr götürməyə, dostlarla görüşlər keçirməyə başladım.
1988-ci ildəndir Azərbaycandakı dostlarla qurduğum əlaqələrim davam edir. Ötən bu müddət ərzində sevincli və iztirablı günlərim oldu. Azərbaycanın müstəqilliyi ilə sevincimdən göylərə uçdum, Qara Yanvarda, Xocalı Soyqırımında və rusların köməyi ilə torpaqlarımızın işğal olunmasında ürəyimdən qara qanlar axdı, sinəmdə çalın-çarpazlı sağalmaz yaralar yarandı. O yaralar Xocalının qisası alınmayınca, torpaqlarımız düşmən tapdağından azad olmayınca sağalmayacaqdı.
Bakıya etdiyim bu səfərimdə Bakını bir az daha simasını dəyişən, nazənin bir gəlinə bənzər gördüm. Bakı, Çingiz Aytmatovun məşhur əsərinin adında olduğu kimi, zincirlərini qırdığından bəri sürətlə dəyişir. Torpaq eyni torpaqdı, neft-qaz eyni neft-qazdı, bəs yetmiş il Sovetlər Birliyi vaxtında ölkə niyə o kökdə idiə! Azərbaycanın ürəyindən dartıb çıxarılan neft və qazın bəhrəsinin heç olmasa on faizi nəyə görə Azərbaycana ötürülmürdüə Binalar tör-töküntü, yollar dəlmə-deşik, şəhərlər bomboz üzüylə kasıb bir mənzərəyə bürünmüşdü.
Müstəqillik əldə ədiləndən bəri iyirmi il keçib, ancaq şəhərlər, yollar, binalar tamamilə dəyişib, müasirləşib. Sovetlər Birliyi vaxtında bulvar çirkab içində idi, indi isə bulvar gözəlliyi ilə göz qamaşdırır. Sovetlər Birliyi vaxtında Qaraşəhər Bakıya zəhər qusurdu, indi o zəhər yuvaları dağıdılıb, yerində Ağşəhər tikilir. Şəhər güllük-gülüstanlığa çevrilib. Bunu bacaranlara halal olsun. Azərbaycanın, Bakının problemləri yoxdurmu, ehtiyac içində olan vətəndaşlar yoxdurmu, əlbəttə var, hansı ölkədə yoxdurə! əslinə qalsa mən ordakı problemləri görmədim, görmərəm də, onlar Azərbaycan hakimiyyətinin və xalqının məsələsidir, mənə dəxli yoxdur, ancaq könül Azərbaycan dövlətçiliyinin hər yöndən ən tez vaxtda çiçəklənməsini, xalqın tamamının firavan yaşamasını, şəhərlərin, kəndlərin qısa müddətdə abadlaşmasını, Azərbaycanın qayda-qanun yönündən dünyaya nümunə olmasını istəyir. Əslində könül bunlardan da artığını istəyir, ancaq hər bir insanın daşıya biləcəyi, götürə biləcəyi yük qədər, dövlətlərin də öz gücləri nisbətində həll edə biləcəkləri problemlər vardır, ondan artığını bir anda həll edə bilməzlər.
Bakıda olarkən Azərbaycan seçki ərəfəsində idi. Namizədlər televiziya ekranında öz proqramlarını və fikirlərini xalqa çatdırırdı, bu proses hələ də davam edir. Yeganə arzum, bu seçkidə Azərbaycanda demokratiyanın, münasibətiylə də Azərbaycan dövlətçiliyinin qələbə çalması və dünyaya nümunə olmasıdı.
Türkiyə Cümhuriyyətinin yarandığı illərdə xalq ehtiyac içində idi. Ölkə yüz illər boyu hərblərlə boğuşduğundan əhalisinin potensial gücünü səngərlərdə itirmişdi. Cəmisi 11 milyon əhaliyə malikdi. Bunların 80 faizi qoca, uşaq, qadın, əlil və xəstə idi. Türk dünyasının görkəmli tarixi, dövlət və siyasət xadimi Atatürk o qədər insandan yığdığı orduyla, xalqı kütləvi şəkildə müdafiəyə cəlb etməklə yeddi düvələ qarşı Azadlıq Müharibəsini qazanmışdı. Müharibə qazanılmışdı, ancaq torpağı sürüb-əkəcək nəinki texnika, heyvan gücü də yoxdu. Xalq on illər boyu özünü ancaq dolandıra bildi. O halda belə ölkə başdan-başa dəmiryol toruyla hörüldü, zavodlar, fabriklər yaradıldı. 630 il padşahlıqla idarə edilən, bu cür bir gələnəyə sahib olan xalq ac-yalavac olsa da demokratiyanı könüldən mənimsədi. Problemlər olmadımı, olduə Qurunun oduna yaş da yandı, ancaq Türkiyənin bugünkü səviyyəsinə çatması üçün tutduğu yolda güzəştə gedilmədi. Bugünkü Türkiyə, böyük dövlət xadimi Atatürkün göstərdiyi yoldan yeriyərək indiki səviyyəsinə çatdı. əgər Atatürk modern Türkiyəni yaratmasaydı, ölkə indi ərəb ölkələrindən də pis gündə olacaqdı.
Azərbaycan, modern və müasir dünyanın layiqli bir üzvü olmaq yolunda problemlərini həll edərək yeriyərsə, dövlətçiliyi də çiçəklənər, ölkəsi də başdan-başa güllük-gülüstanlıq olar, xalqı da firavan yaşayar. Şəxsən bizlər belə bir Azərbaycanın intizarını çəkirik. İnşallah müstəqillik kimi onun da gərçəkləşdiyini görəcəyik.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV