adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ŞEYTAN ÖLMÜR - Aqil ABBAS yazır

AQİL ABBAS
526 | 2022-08-31 18:45

Allah şeytana əbədi ömür verib. Yəni Qorbaçov ölməz, o, şeytanın insan cildində təcəssümüdü.  Hansısa bir adda yenidən zühur edəcək.

Və Qorbaçov tək deyil, dünya doludu  qorbaçovlarla. Harda qan-qada var, onu törədənlər Qorbaçovdu və qorbaçovlardı.

Şeytan və şeytanlar şeytanlıqlarından bir dəqiqə belə əl çəkmirlər. İki qardaş xalqı (Rusiya-Ukrayna) bir-birinə düşmən eləyib şəhərləri, kəndləri dağıdırlar. Qocaya, cavana, uşağa rəhm eləmirlər. Suriyanı, İraqı, Əfqanıstanı dağıdırlar. Liviya xalqını xoşbəxt edən  Qəddafini verirlər yoldan çıxartdıqları  xalqının əlinə linç etdirib vəhşicəsinə öldürürlər. Pakistanla Hindistanı  vuruşdururlar. Yəməndə müsəlmanı müsəlmana  qırdırırlar. Nə  bilim, Afrikada bir milləti  xristian və müsəlmanlara bölüb vəhşicəsinə  qan tökürlər.  Milyonlarla  insanı  aclıq və səfalət içində çürüdürlər. Qarabağda evləri, meşələri yandırırlar, çöllərə, çəmənlərə  mina döşətdirirlər. Cənubi Amerikada  nə qələt qarışdırırlar…

Oturub insanları fəlakətə  sürükləmək üçün min bir xəstəlik kəşf edirlər, dünyaya  yayırlar, adını  da qoyurlar pandemiya, meymun çiçəyi, nə  bilim  quş qripi, eşşək qripi. Ölkələri iqtisadi  böhrana  yuvarladırlar.

Şeytan və şeytanlar  isə gözəl-gözəl saraylarda, ağevlərdə, Kanar adalarında, Maldiv adalarında kef eləyə-eləyə törətdikləri əməllərdən ləzzət alırlar.

Qorbaçov şeytandı, ölə bilməz. Yenə başqa bir adda zühur edəcək və yəqin ki,  zühur də edib.

Amma mən ən çox bir şeyə təəccüblənirəm.  Bizim Allah qarşısında nə günahımız vardı ki, bu Qorbaçovu bizim üçün göndərmişdi? Başımıza nə müsibətlər gətirdi? Hələ də yaralarımızdan qan axır.  Fahişə arvadı ilə erməniləri yoldan çıxarıb, silahlandırıb saldı bizim millətin üstünə. Və əslində gic ermənilərin özləri də bədbəxt oldu. Biz ermənilərə «bic» deyirdik, amma indi məlum olur ki,  bic yox, gicmişlər.

Şeytan və şeytanlar yenə də onların quyruğunun altını qaşıyır, yenə də  soncuqlayırlar.

Dünyanın  bütün  mətbuatı  yazır ki, Qorbaçov öldü. Ağdamlıların bir zarafatı var, əclaf adam öləndə deyirlər: «Görən, birinci dəfə öldü? Birinci dəfə ölübsə çox çətin olacaq». Yəqin indi  inkir-minkir salıb təpiyinin altına. Cəhənnəm də qəbul eləmir, bir də gördüz oğraş təzədən dirildi.

Dostlar, şeytan ölmür. Yenə deyirəm, Qorbaçov və qorbaçovlar yenə də zühur edəcək – ayrı adda, ayrı postda.

TƏQVİM / ARXİV