adalet.az header logo
  • Bakı 13°C
15 Avqust 2021 12:22
192031
MƏMLƏKƏT
A- A+

Başı kəsilmiş, yandırılmış 23 əsgər – 28 ildir unudulmayan “Daşbaşı” faciəsi

Həmin gün Ermənistan silahlı qüvvələrinin Ordumuzun Daşbaşı postuna qəfil hücumu nəticəsində 23 əsgərimiz həlak olmuşdu.

Adalet.az xəbər verir ki, Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirmişdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdılar.


1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonun "Daşbaşı" postunda baş verən faciə belə xatırlanır:


Milli MəclisinDeputatı, Cəbrayıldan olan Ceyhun Məmmədov: -Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri koordinatlar əsasında açdıqları yaylım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda isə zenitçilər mövqedə durmuşdular.

Ümumilikdə Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı. Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı. Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirmişdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdılar. Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyuldu.

 

 

Cəbrayılın Papı kəndindən olan, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov : - Xalam oğlu da burda həlak oldu.Çox qəribə idi. Post mühasirəyə alınmış, 23 əsgər vəhşicəsinə, işgəncə ilə öldürülmüşdü. Bəzilərinin başları, qolları bədənlərindən ayrılmış, gözləri çıxarılmışdı. Meyitlərin üstündən isə zəncirli traktorla keçmişdilər. Mənim xalam oğlu da orada şəhid olmuşdu. Bu gün də fikirləşəndə mənə qəribə gəlir. Bütün bir postu necə müharisəyə alıb, əsgərləri necə tərksilah edə bilmişdilər... Axı hamısı işgəncə ilə öldürülmüşdü.

 

Cəbrayılda İdman cəmiyyətinin sədri olmuş Ramiz İmanov: - Həmin vaxtlarda uşaqlardan 25 nəfər götürüb həftədə 2-3 dəfə posta gedirdik. Növbə çəkirdim. Həm də o vaxt komandir müavini kimi çalışırdım.

Səhərə qədər erməni postu ilə üz-üzə qalırdıq. Elə birinci dəfə “Daşbaşı” postunun ələ keçirilməsi ilə Cəbrayılın “beli qırıldı”. O hadisə yadıma düşəndə indi də özümə gələ bilmirəm. Postdakı əsgərlərimizin başını bədənindən ayırmışdılar. Birini də diri-diri yandırmışdılar. Bir hadisə də yadımdan çıxmır. Kənd qadınlarından birinin tövlədə belini qırıb, öldürmüşdülər. Bu cür dəhşətli hadisələrin şahidi olmuşam. İndi də danışdıqca əllərim əsir.

 

 

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Taleyin ironiyası deyək:Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər...

44 günlük Vətən müharibəsindəki Qələbəinin ardından doğma torpaqları ziyarət edən Cəbrayıl camaatı, o cümlədən Böyük Mərcanlı sakinləri “Daşbaşı ”şəhidlərinin dağıdılmış məzarlarını bərpa etməyi özlərinə borc bildilər.

Qarşında baş əyirəm Azərbaycan Ordusu! Ruhunuz şad olsun, müqəddəs şəhidlərimiz!
 

Əntiqə Rəşid