SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: SUSMAQ...

  41952   |  
Şriftin ölçüsü  


... Çox götür-qoydan sonra bu qənaətə gəldim ki, bizim başımıza nə faciələr və hansı oyunlar gəlibsə; o elmsizliyimizdən və susmağımızdan yaranıb!.. Elmsizliyimiz və susmağımız həmişə bizə baha başa gəlib. Məsələn, başqa millətlər elm dalınca gedəndə biz axmaq-axmaq və cahil-cahil işlərlə məşğul olmuşuq. Və bu axmaq-axmaq və cahil-cahil işlər bizi aparıb çıxarıb qaranlıq bir dünyaya. Hələ də o qaranlıq dünyadan çıxa bilmirik ki, bilmirik!..

... Bəzən özümüzü aldadırıq ki, əşi, yox ey, biz çox inkişaf eləmiş, savadlı, elmli adamıq! Elə ki, çox yox, Biləcəridən o yana keçirsən, başqa millətlərlə, başqa xalqlarla yol-yoldaşı olursan, söhbət eləyirsən, görürsən ki, ən geridə qalan bizik...

... Heç bu gerilik də bizi yerindən tərpətmir ha!.. Ha eləyirsən, ha çalışırsan bir addım önə gedə bilmirsən. Böyük Üzeyir Hacıbəyovun sözü ilə demiş olsaq, cürətsizliyimiz və cəsarətsizliyimiz bizi istədiyimiz məqsədə çatmağa imkan vermir. Aramızda bir-iki nəfər o addımı atan tapılsa da, millətin içindən çıxıb ona bir badalaq atırlar, o da kəllə-mayallaq dəyir yerə, başı yarılır və addım atmağına peşman olur...

... Dil bilmək savadlı olmaq demək deyil. Ola bilər beş dil biləsən və beş dildə də bülbül kimi cəh-cəh vurasan. Bu başqa bir məsələdi. Bizimkilər isə bir-iki dil bilməklə bəzən sinələrini qabağa verib deyirlər ki, biz hər şeyi yaxşı bilirik. Amma onu bilmirlər ki, o bir-iki dili öyrənmək vərdişdi. Əsas odur ki, ürəyin olsun, bu vətəni, bu torpağı sevməyi bacarasan. Dildə yox ha, əməldə! Biz də, şükür Allaha, əməl yox, dil pəhləvanlarıyıq!. Nə desən danışırıq, nə desən üyüdüb tökürük, amma bir iş görə bilmirik ki, bilmirik...

... Elmsizliyimizdən və susmağımızdan yadellilər həmişə istifadə ediblər; başımıza qapaz vurub çox şeyimizi götürüblər, torpağımızı əlimizdən alıblar, şəhərlərimizi, kəndlərimizi yandırıb dağıdıblar. Biz isə ən yaxşı halda öz içimizdə dərdimizi, sərimizi çalxalamışıq və demişik. Bir az da irəli gedib bu göz yaşlarını, bu faciəni avropalılara danışmışıq. Onların da bizə heç vaxt ürəyi yanmayıb. Çünki avropalılar da ən çox öz dinlərindən və dillərindən olan millətlərə inanıblar.

Məsələn, ermənilər haqsız ola-ola yalandan danışa-danışa dünyanın hər tərəfində haqlı çıxıblar. Onların yalanı ayaq tutub yeriyib, bizim düz sözümüz, haqqımız elə düzdə qalıb! Ermənilərin nefti, qazı, təbii sərvəti olmayıb, bizim təbii sərvətimiz, neftimiz, qazımız olsa da, o həqiqəti o kar avropalıların qulağına çatdırsaq da, məsələni həll eləyə bilməmişik. İndi 27 ildir ki, biz qışqıra-qışqıra deyirik ki, ermənilər Şuşanı, Laçını, Kəlbəcəri... işğal edib. Biz deyirik, onlar eşitmirlər...

... Əlimizdə dəlil, sübut ola-ola heç kimi inandıra bilmirik ki, biz haqlıyıq. 27 ildir gözləyirik ki, o Lazım köpəkoğlu gələcək, biz də silaha sarılıb torpaqlarımızı işğaldan azad edəcəyik. Və lazım köpəkoğlu da gəlmək bilmir ki, bilmir! Hələ 27 il də gözləməliyik ki, o Lazım köpəkoğlu gələcək. Bax, burda nə çıxır üzə? Burda üzə o çıxır ki, biz cürətsiz və cəsarətsizik! Elə əcnəbilər də bizim bu zəif yerimizi yaxşı bilib bu məsələləri ötür-ötür oyununa salırlar. Çörəyimizi yeyirlər, suyumuzu içirlər, meşələrimizdə, dağlarımızda ceyran-cüyür ovlayırlar, sonra burdan gedən kimi hər şey yadlarından çıxıb başlayırlar timsah kimi göz yatökən ermənilərə qahmar çıxmağa. Çörəyimiz tutsun onları!..

... Bizim bir atalar sözü vür: "Susmaq qızıldı”. Yaxşı sözdür. Amma baxır susmaq harda qızıldı. Məsələn, indiki zamanda susmaq, danışmamaq, dilini boğazda saxlamaq bizi zaman-zaman işğal altında olan torpaqlarımızdan bir az da uzaqlaşdırır. Heç danışmaqla məsələ də həll olunan deyil. Çünki danışmaqla məsələ həll olunsaydı, 27 il bundan əvvəl torpaqlarımız qayıdardı. Deməli, nəyəsə sığınmaq və o addımın atılması çoxdan gecikir. Həqiqətən də güclü ordumuz varsa, Lazımın gəlməsinə ehtiyac yoxdur. Belə bir deyim də var ey: "Vuran oğul atası ilə məsləhətləşməz”.

... Elmsizliyimiz və susmağımız bu gün də davam eləyir. Çünki vəzifədə oturanların çoxu elmsizdi. Onlar işi bilməkdən çox pul alıb verməyi bacarırlar. Əsas odur ki, vəzifədə oturanda alıb-verməyi bacarasan. Bunu ki, bacardın, tay sənə zaval yoxdur! Vəzifə pillələrini çox yüksəklə qalxacaqsan, gəlib oturacaqsan ürəyin istədiyin yerdə. Və belə adamlar da gəlib ürəyi istədiyi yerdə əyləşəndə nə vətən yada düşür, nə xalq, nə də millət. Yuxarıdan aşağı o vətənə, o xalqa, o millətə baxmaqda davam eləyir. Bir savadlı adam görəndə də elə bil ki, qutuda ilan görür. Axı savadlı adam haqqını tələb etməyi, hüququnu yaxşı bilir. Bizimkilərin də hüququnu bilən, haqqını tələb edən adamlardan zəhləsi gedir.

Biz savadlı, elmli və bilikli olsaq, bütün qapıları aça bilərik. Ancaq təhsilimizi elə günə qoyublar ki, bir qoca arvad lazımdır ki, dəsmal götürüb ağı deyərək bu təhsilin gününü ağlasın! Gündə bir "yenilik” eləyib yazıq uşaqların belini qırırlar. Təsəvvür edin, dərs proqramı başa çatmamış buraxılış və qəbul imtahanları keçirilir. Əgər iyunun 15-də orta məktəblərdə dərs sona çatırsa, bəs onda nə üçün buraxılış və qəbul imtahanları mayın əvvəllərində aparılır? Suallar da həddindən artıq çətinləşdirilib...

... Builki qəbul imtahanları zamanı hələ ki, heç bir abituriyent 700 bal toplamayıb. Çünki təhsilimizin başına elə bir corab hörüblər ki, çətin ki, istedadlı uşaqlar bu corabı cırıb istədiyi balı toplaya bilsin. Böyük şair Bəxtiyar Vahabzadə deyib: "Hara gedir sabahımız?”. Bax, indi mən Təhsil Nazirliyindən və eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyindən soruşuram: "Bu proqramla, bu sistemlə hara gedir təhsilimiz?”

Çox danışıb, çox yazıb əsəblərinizi və ovqatınızı korlamaq istəmirəm. Ancaq bir mətləb də var; mən deməyim, sən demə, o deməsin, bəs kim bu millətin ağrıyan, "xəstə” yerini göstərsin? Biz bunu göstərməliyik ki, bu "xəstəlik” müalicə olunsun. Hələ görək bu "xəstəlik” müalicə olunurmu? Yazıma böyük Ramiz Rövşənin "Tanrı bizə ömür verdi” şeiri ilə nöqtə qoyuram:

Çıxdıq zülmətdən işığa,

Tanrı bizə ömür verdi,

Özgələrə - danışmağa,

Bizə - susmağa dil verdi.

Qıfıl asdı dilimizdən,

Qalxdıq, basdı belimizdən,

Nə aldısa əlimizdən –

Əvəzində səbr verdi.

Çox ömrü toya döndərdi,

Kimini aya göndərdi,

Bizi də suya göndərdi –

Əlimizə xəlbir verdi...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK