adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Sentyabr 2020 10:10
72247
MƏDƏNİYYƏT
A- A+

 45 ilin “Dədə Qorqud”u , Givi Toxadze və Azərbaycan filmlərinin gürcü aktyorları  

Azərbaycan konomatoqrafiyasının böyük uğuru sayılan filmlərimizdən biri də “Dədə Qorqud”dur. Sovet dönəminin qəhrəmanlıqla dolu olan  bu ekran əsəri o dövrün gənclərin örnək götürə biləcəyi bir sənət nümunəsiydi.

“Dədə Qorqud” 45 il əvvəl 

1975-ci ildə ekranlaşdırılan "Dədə Qorqud" Azərbaycan tarixindən bəhs edən mükəmməl filmlər sırasındadır. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilib.

Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.
Filmdə baş rol olan Dədə Qorqud saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.Ekran əsərində vətənə məhəbbət, dostluq, qardaşlıq, sədaqət kimi yüksək hisslər tərənnüm olunur. 

Mediadan: Filmin maraqlı məqamları

Məşhur operator Rasim İsmayılovun həyat yoldaşı Nadejda İsmayılova “Dədə Qorqud”la bağlı maraqlı məqamları xatırlayır. Deyir bu film onun redaktor kimi işi olub: “Əvvəla onu deyim ki, filmin gözəl komandası, çəkiliş heyəti vardı. Anarın ssenarisini oxuyanda çox sevindim. Ssenari üzərində işləməyə, dəyişikliyə ehtiyac yox idi. Çünki çox yaxşı yazılmışdı. Oxumağa başlayanda ayrılmaq olmurdu. Üstəlik o vaxt belə mövzudan, soy kökümüzdən danışmaq cəsarət tələb edirdi. Bu baxımdan ssenarinin mövzusu, dil və üslubu yeni idi. Anar filmdə fantaziyadan istifadə etməyin tərəfdarı idi. Elə biz də. Tofiq müəllim isə realist idi. Bunun üstündə rejissorla ssenarist arasında fikir ayrılığı vardı. Ancaq sonradan Tofiq müəllim o fikirlə razılaşdı. Film bir az nağılvarı alındı. Bu işdə Toğrul Nərimanbəyovun adını məxsusi çəkmək lazımdır. Onun film eskizləri o qədər gözəl alındı ki, filmin əvvəlində istifadə etdilər. Bu da filmə müəyyən qədər nağılvari ton verdi”.

Əcnəbi aktyorlar: Həşim Qodayev və Givi Toxadze...

Filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Tofiq Tağızadə, quruluşçu operatoru Rasim İsmayılov, rejissoru Akif Rüstəmov, quruluşçu rəssamı Nadir Zeynalov, bəstəkarı Emin Sabitoğlu,  direktoru Nazim Ələkbərovdur. Film ekranlara çıxandan sonra birinci kateqoriyaya layiq görülüb.

Rollarda Həsən Məmmədov, Rasim Balayev, Həşim Qadoyev, Givi Toxadze, Hamlet Qurbanov, Fərhad Yusifov, Dinarə Yusifova, Leyla Şıxlinskaya, Şəfiqə Məmmədova, İnarə Quliyeva, Mikayıl Mirzə və başqaları çəkiliblər.

Filmin baş rol ifaçısı Rasim Balayev(Beyrək) mediaya maqraqlı açıqlamalar verərək bildirmişdi ki, filmin rejissoru Tofiq Tağzadə Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi:” Çünki bir neçə filmdə birgə çalışmışdılar, münasibətləri yaxşı idi. Buna baxmayaraq, sınaq çəkilişlərindən sonra  bədii şura Beyrək roluna məni təsdiq etdi. Beləcə çəkilişlər başladı. Çox böyük, istedadlı aktyor heyəti qurulmuşdu. Bir-birimizi çox gözəl anlayırdıq. Filmdə bir çox gəlmə aktyorlar da çəkilirdi. Məsələn, Qazan xanı Tacikistandan olan Həşim Qadoyev, Alp Aruzu, Gürcüstandan olan Givi Toxadze  oynayırdı. İnarə Quliyeva Moskvadan dəvət olunmuşdu, bir neçə filmlərdə çəkilmişdi. Gəlmələrlə yerli aktyorlar arasında heç bir narazılıq yox idi. Sadəcə bizim hamımızda bir qısqanclıq hissi vardı. Aktyoru yetişdirmək lazımdır. Yadımdadır, bizim aktyorlar hamısı etiraz edirdi ki, "gedib ordan-burdan aktyor gətirirsiz, bəs bizdə necə aktyor yetişəcək?" Filmdəki narazılıq əsasən bundan ibarət idi. Daha bir nüansı Rasim Balayev belə xarakterizə edir:” Məsələn, mən baş rol ifaçısı olaraq 2500 rubl almışdımsa, iki günlük çəkilişə görə şirə 5 min rubl vermişdilər”. 

 Azərbaycan filmlərində çəkilən gürcü aktyorlar

 “Dədə Qorqud” filmində Alp Aruzu və “Koroğlu” filmində Gürcüoğlu rolunu canlandıran Givi Toxadze yeganə gürcü deyil ki, Azərbaycan filmlərində çəkilib. Bildiyiniz kimi, Azərbaycan filmlərinin bir çoxunda gürcü aktyorları iştirak edib. “Əhməd haradadır?” filmində “Ceyran” rolunun ifaçısı Gürcüstanın xalq artisti Nonna Paçuaşvili, “Ad günü” filmində Əli obrazının yaradıcısı Gürcüstanın əməkdar artisti David Uplisaşvili, “Uşaqlığın son gecəsi” filmində Elya obrazını yaradan  aktrisa Megi Kejeradze,  “Yol əhvalatı” (1980) filmində yaratdığı Mustafa rolunu Vaxtanq Pançuladze,  “Yaramaz” filmində Hətəmi canlandıran  gürcü aktyoru,  kinorejissor Mamuka Kikaleyşvili . “Nakəs” və “Milli bomba” filmlərində rol  almış Avtandil Maxaradze,   "Yoxlama" filmində "Çolaq" obrazını Nodar Mqaloblişvili, “Romeo mənim qonşumdur”, “Səhər”, “Fit səsi” və digər filmlərdə gürcü aktyorlarından İpolit Xviçiya,  Ariadna Şenqelaya, İrakli Xizanişvili, Giuli Çoxonelidze, Liya Eliava və başqaları Azərbaycan filmərində rol alıblar və tamaşaçılar tərəfindən sevilərək yaddaşlarda qalıblar..  

Əntiqə Rəşid