adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Yanvar 2021 11:20
19689
GÜNDƏM
A- A+

Naxçıvanda icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb

Naxçıvan Muxtar Respublikası ərazisində 2020-ci ildən icbari tibbi sığorta tətbiq olunmaqdadır. Ötən il icbari tibbi sığorta haqqının yığımına tətbiq olunan güzəşt isə 2021-ci ilin 1 yanvar tarixində başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, cari ilin yanvarın 1-dən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Qeyd olunan sahələr üzrə fəaliyyət göstərən vətəndaşlar təyin edilmiş məbləğdə icbari tibbi sığorta haqqı ödəməklə tibbi xidmətlərdən yararlana biləcəklər.

Dövlət sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.

Qeyri-dövlət sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilibdir. Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır.

Qeyd edək ki, icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.