adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Mart 2021 17:49
28288
ELM VƏ TƏHSİL
A- A+

Xoreoqrafiya Akademiyasında Vətən müharibəsində iştirakçıları ilə görüş keçirilib

Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana - informasiya mərkəzinin təşkilatçılığı ilə Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşları, məzunları, eləcə də ailə üzvləri müharibədə iştirak etmiş əməkdaşlarla görüş keçirilib.

Əvvəlcə döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan BXA-nın Tədris işləri üzrə prorektoru, müvəqqəti olaraq rektor vəzifəsini icra edən Əziz Qarayusifli müharibədə torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları və məzunları düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun igidliyi sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayan Ə. Qarayusifli Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Ə. Qarayusifli tariximizə qızıl hərflərlə həkk olunan möhtəşəm Qələbənin əldə edilməsində pay sahibi olduqları üçün onlarla qürur duyulduğunu bildirib.

Daha sonra Xarici əlaqələr üzrə prorektor Təranə Muradova, BXA –nın Kollec direktorunun müavini Olqa Haşımova, Kitabxana - informasiya mərkəzinin müdiri İradə Mehdiyeva da çıxış edərək müharibə dövründə xalqın həmrəyliyi və mənəvi dəstəyindən bəhs edib, müharibə qəhrəmanlarına göstərdikləri şücaətə görə təşəkkürlərini bildiriblər.

Sonda isə döyüşçülər keçdikləri şərəfli döyüş yollarından və xatirələrindən danışıb, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, görüşdə Vətən müharibəsində iştirak etmiş BXA-nın I kurs tələbələri Valeh Mirzəzadə (Rəqs müəllimliyi), Səxavət Əsgərov( Milli rəqs), Akademiyanın musiqi fənləri üzrə müəllimi Kamran Novruzov iştirak ediblər.

Xatırladaq ki, II Qarabağ Müharibəsində Bakı Xoreoqrafiya Akademiyasının bakalavriat üzrə məzunları Əli Şabanzadə ("Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib), Hüseyn Həsənov ("Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib), orta ixtisas təhsil pilləsi üzrə məzunları Tağıyev Namaz və Məmmədov Samir ("Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif ediliblər), Bakı Xoreoqrafiya Akademiyasının Kollec direktorunun müavini Olqa Haşımovanın oğlu kiçik çavuş Haşımov Cavanşir də ( "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib) iştirak ediblər.