adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Sınaqdan daha güclü çıxan Türkiyə

ƏBÜLFƏT MƏDƏTOĞLU
50993 | 2021-07-16 09:30

Beş il bundan öncə Türkiyə və Türkiyə ilə bir sırada olan hər kəs çətin bir sınaqla üz-üzə gəldi. Beş il öncə Türkiyə tarixində qorxunc bir cəhdin insanları ayağa qaldıran, həmrəy edən anlar yaşandı. Bu 15 iyul - Temmuzu idi.

Belə ki, həmin gecə Türkiyədəki hakimiyyət hərisli qüvvələr dövlət çevrilişi etməyə, özü də bunu silah gücünə həyata keçirtməyə qərarlı idi. Bu məqsədlə, ölkənin hər yerində hazırlıq işləri görülmüş və hakimiyyətə can atan, əksəriyyəti də hərbçilərdən ibarət xain qüvvə hərəkətə keçdi. Məhz həmin gecə Türkiyə öz prezidentinin, öz cümhur başqanının ətrafında sıx birləşərək bu çevrilişin qarşısını aldı. Həmin gecə təkcə Türkiyə deyil, bütün dünya da türk xalqının və xüsusilə Rəcəb Tayyib Ərdoğanın bir siyasi lider kimi iradəsinin, qətiyyətinin, uzaqgörənliyinin şahidi oldu.

Cümhur başqanı Rəcəb Tayyib Ərdoğan dəqiq və xalqın güvəninə söykənən qərarı ilə həmin müdhiş gecənin tarixin yaddaşına yazılmasına nail oldu. Qan tökülsə də, həmin gecə türk xalqı qalib gəldi. Həmin səhərə Türkiyə daha güclü çıxdı. Bu, şərəfli tarixin artıq 5 yaşı tamam olur. Bu 5 il ərzində Türkiyə böyük uğurlara imza atdı. Özünün xarici və daxili siyasəti ilə buna qarşı yönələn güclərin hamısına diz çökdürdü. Necə deyərlər, türkün özünə dönüşü Avropanı da, Amerikanı da, Şərqi də, Qərbi də bu dövlət, bu millət barəsində daha dərindən düşünmək, daha hörmət və sayqı ilə yanaşmaq məsələsini gündəmə gətirdi. Hər kəs bildi ki, Türkiyə bir dövlət olaraq var! Türkiyə özünün cümhur başqanı Rəcəb Tayyib Ərdoğanla birlikdədir və bu günün siyasi liderlərinin hamısını qəbul edib, sayqı ilə yanaşdırıb, bir türk  cümhur başqanı var - bu da  Rəcəb Tayyib Ərdoğandır!

Arxada qalan 5 ilin hər anı Türkiyə üçün qiymətlidir. Həmin 15 Temmuz gecəsi Türkiyə ilə bir yerdə olan bir millətin ikinci dövləti Azərbaycanın prezidenti cənab İlham Əliyev də xalqımız adından cümhur başqanı ilə birlikdə olduğumuzu bəyan etdi. Bu gün türk cümhuriyyəti liderinə təbrik məktubu göndərən cənab İlham Əliyev həmin tarixi anlara və o anlardan bu günə gələn uğurlar barəsində böyük sevgi ilə xatırlatmalar etməklə Azərbaycan-Türk birliyinin əbədi olduğunu xüsusi vurğulamışdır. Məktubda qeyd olunmuşdur ki, bir millətin iki dövləti hər zaman və hər bir məsələdə birlikdə olacaqlar. Bir cərgədə dayanıb bir mövqedən çıxış edəcəklər. Çünki böyük Atatürkün və ümummilli liderimiz Heydər Əliyev cənablarının bir millət üçün açdığı yol birlikdə olmaqdan keçir. Biz birlikdə hamıdan güclüyük. Bunu Azərbaycanın 44 günlük böyük vətən müharibəsi də sübut etdi.

Bəli, bu günün Türkiyəsi özünün daha uğurlu strategiya və taktikasını həyata keçirməkdədi. Siyasəit  və güc meydanında hər kəs Türkiyə ilə hesablaşmağa məcburdur. Türkiyəni bu nöqtəyə gətirib çatdıran da məhz cümhur başqanı  Rəcəb Tayyib Ərdoğandır!

Yolun açıq olsun, Türkiyə!

Uğurların, zəfərlərin bol olsun, sayın cümhur başqanı!

Tanrı türkü qorusun!

 Tanrı Türkiyəni və Azərbaycanı qorusun!

TƏQVİM / ARXİV