adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Sentyabr 2021 13:06
8307
LAYİHƏ
A- A+

Günümüzün strategiyası Qalib Azərbaycandır!

Son vaxtlar dünya mediasının diqqət yetirdiyi aparıcı mövzulardan biri təbii ki, Ermənistanda baş verən hadisələrdir. Birmənalı şəkildə demək olar ki, həmin hadisələrin mahiyyəti daha çox daşnakların, hakimiyyət iddialı olanların və özlərini hələ də qalib hesab edənlərin fikirlərində əks olunur. Erməni cəmiyyətinin bu hissəsi 44 günlük müharibənin sonunu, yəni bizim qələbəmizi qəbul etmək istəmir. Onlar ümid edirlər ki, hansısa bir fövqəl gücün köməyi ilə revanş edə biləcəklər və guya onlara məxsus olan Şuşanı və digər əraziləri azərbaycanlılardan geri alacaqlar.

Təbii ki, bu həm absurd, həm də gülünc bir fikirdir. Ən azından ona görə ki, işğaldan azad edilmiş ərazilərdəki real mənzərə özü düşmənlərin, yəni ermənilərin bu torpaqlara bir qaraguruh kimi, bir vandal kimi daxil olduğunu, burada daşı daş üstünə qoymadığını bütün insanlar nümayiş etdirib. Və beynəlxalq medianın, eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və prezident köməkçisi Hikmət Hacıyevin dünya mediasına verdikləri müsahibələr həmin reallıqları canlı şəkildə hər kəsə çatdırıbdı. Bu işdə əslən azərbaycanlı olan, fransada yaşayan fotoqraf Rza Diqqəti döyüş bölgələrindən, talan olunmuş yurdlarımızdan lentə köçürüb mətbuatda yayımladığı şəkillərlə də əsl gerçəyi hər kəsə çatdırıbdır. Bütün bunlar onu göstərir ki, biz kimlərdənsə torpaq almamışıq, işğal etməmişik. Əksinə, biz öz ata-baba yurdlarımızı xilas  etmişik, onu öz həqiqi sahiblərinə qaytarmışıq. Ona görə də bizim müharibəmiz haqq, ədalət, azadlıq müharibəsi olubdur. Bu müharibənin də qəhrəmanı Dəmir Yumruq və Azərbaycan əsgəridir! 

Ermənistanda siyasi proseslərin səmtini yönəldənlər isə üzdə 10 noyabr bəyanatına əməl etdiklərini dilə gətirsələr də, onlar da pərdə arxasında müxtəlif müzakirələr aparıb, bununla Qarabağa döyüş üçün yollar arayırlar. Hətta Ermənistan ordusunu yenidən təşkil etmək üçün Rusiyadan kifayət qədər yararlanırlar. Bu işdə Fransanı, eləcə də ermənilərə dəstək verən dövlətlərin də, siyasi fiqurların da, iş adamlarının da xidməti danılmazdır. Doğrudur, Ermənistanın baş naziri Paşinyan özünün müəyyən çıxışlarında imzalanmış bəyanatı Ermənistan tərəfindən əməl edildiyini, xüsusilə, Azərbaycanın dövlət sərhəddinin tanınması, Zəngəzur dəhlizinin və kommunikasiyaların bərpası kimi məsələlərdə də müəyyən addımların atıldığını dilə gətirir. Bu sözlərin nə qədər real olduğunu yaxın zamanlar göstərəcək. Amma ortada olan bir gerçəklik var, o da erməni təxribatlarının ara verməməsidir.

Bugünlərdə Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova Vyanada Qadın Parlament Sədrlərinin 13-cü sammitində çıxış edərkən Ermənistanın Parlament sədrinin Azərbaycanı şantaj edən fikirlərinə kəskin şəkildə cavab verərək bir daha bəyan etmişdir ki, «Ötən il Azərbaycan  44 günlük Vətən müharibəsində öz imkanları və gücü hesabına ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu və öz tarixi torpaqlarını – Qarabağı azad edərək ərazi bütövlüyünü bərpa etdi.  2020-ci ilin noyabrın 10-da bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş üçtərəfli bəyanat imzalanıb. Təəssüf ki, Ermənistan tərəfindən həmin ərazilərin minalanması və sərhədlərimizdə davamlı təxribatlar törədilməsi sülh yaratmaq prosesinə mane olur».

Parlament sədrinin Vyanada səsləndirdiyi bu fikirlər onu həmin sammit çərçivəsində digər ölkələrin parlament sədrləri ilə keçirdiyi görüşlərdə vurğuladığı məqamlar Azərbaycan həqiqətinin, Qarabağ gerçəkliyinin dünyada tanıdılması yolunda atılan addımlardan biridir. Yeri gəlmişkən onu da vurğulamaq lazımdır ki, hələ Qoşulmama Hərəkatının son sammitində də videokonfrans zamanı Hərəkatın sədri cənab İlham Əliyev üzv dövlətlərin təmsilçilərinə müraciətlə vurğulamışdır ki, «Bu gün Azərbaycan dövləti özünün ən şanlı tarixini yaşayır. Çünki Azərbaycan tarixi heç vaxt bu qədər güclü olmamışdı. Bu gün bu, həm siyasi gücdü, iqtisadi gücdü, xalq iqtidar birliyidi, hərbi gücdü və bizim regionda oynadığımız müsbət roldu». Elə bu iqtibasdan da göründüyü kimi bu gün dünya Azərbaycan reallığı ilə barışmaq niyyətindədi. Onların istəklərindən asılı olmayaraq Azərbaycan dövləti iqtisadi, siyasi, hərbi sahədə hər kəsi heyrətləndirəcək addımlar atır. Təəssüf ki, bu addımlar Azərbaycanı sevməyənləri qıcıqlandırır. Onlar üz-üzə və yaxud arxada öz ikili standartlarından çıxış edərək hər vasitə ilə Ermənistanı dəstəkləyir, onu yenidən silahlandırmağa cəhd göstərir. Özdə bu silahlandırma daha çox «humanitar yardım» kimi təqdim olunur.

Bütün bunlara baxmayaraq, qalib ölkə olan, həm də davamlı inkişaf yolunu tutmuş Azərbaycan bütün səviyyələrdə öz prinsiplərinə sadiq qalaraq Böyük Qayıdışa ayırdığı diqqətlə paralel olaraq, həm də ordumuzun  daha qüdrətlənməsi, güclənməsi, ən son silah və sursatla təmin olunması, eləcə də hərbçilərimizin sosial şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımları atır. Son aylarda keçirilən hərbi təlimlər, eləcə də qardaş Türkiyə və Pakistanla birlikdə reallaşan genişmiqyaslı aviasiya, tank qoşunları və digər hərbi birləşmələrin iştirak etdiyi təlimlər də həmin görülən işin tərkib hissəsidi. İstər Azərbaycan, istər Türkiyə ərazisində keçirilən bu təlimlərin məqsədi Azərbaycan və türk silahlı qüvvələrinin döyüş hazırlıq səviyyəsini ən yüksək səviyyədə saxlamaqdır.

Bu bir həqiqətdir ki, bizim artan gücümüz düşməni həmişə narahat edib və bundan sonra da edəcəkdir. Amma biz bundan heç bir narahatlıq hissi keçirmirik. Ona görə ki, Azərbaycan kimsədənsə torpaq almaq niyyətində deyil. Azərbaycanın məqsədi qonşuluq, dostluq şəraitində bütün dövlətlərlə qarşılıqlı əlaqələr qurub, müstəqilliyini, ərazi bütövlüyünü qorumaqla daha böyük iqtisadi uğurlara nail olmaqdı. Günümüzün strategiyası da İqtisadi, Siyasi və Hərbi gücün hər şeyə qadir olan Böyük Azərbaycandır!

Əbülfət Mədətoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.