adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ... Və o ziyalılar

FAİQ QİSMƏTOĞLU
1237 | 2021-09-15 11:45

...Dünya yaranan gündən ta bugünə kimi işıqlı və ziyalı insanların çiynindədir. Ən azından ona görə ki, bu işıqlı və ziyalı insanlar cəmiyyəti cəhalətdən, nadanlıqdan və fanatizmdən qurtarmaq istəyir, insanları elmə, maarifə, inkişafa və yüksəlişə istiqamətləndirir. Və əgər dünyada bu ziyalı, bu işıqlı insanlar olmasaydı, yaşadığımız aləm çoxdan dağılmışdı, çökmüşdü, cəhalətin və nadanlığın qurbanına çevrilmişdi...

...İnanın, mən bir istedadlı adam, ziyalı insan və işıqlı şəxs görən kimi elə düşünürəm ki, onlar bu millətə hava və su kimi lazımdır. Onlar nə qədər çox olsa, onlar nə qədər cəmiyyətdə işıq saçsa, bir o qədər də biz günəşə və nura doğru addımlaya bilərik. Bu addımlar möhkəm olanda, bu addımlar güclü olanda, cəmiyyətə bir işıq, bir nur və bir sevgi gəlir...

Bu yazı heç də elə belə yaranmadı. Bir neçə həftə bundan əvvəl yaxın dostum və gözəl ziyalı Səməndər Məmmədov Azərbaycanın böyük alimi, biologiya elmləri doktoru, professor və Azərbaycan Dövlət Pedaqoji Universitetində uzun müddət kafedra müdiri işləmiş, dünya şöhrətli ziyalı Əli Hüseynovun yas məclisində olmuşdu. Həmin məclisdən qayıdanda tanışlarından biri deyir ki, əgər “Neftçilər” prospekti istiqamətində gedirsənsə, onda zəhmət olmasa, dostumuz Valeh Məmmədovu da maşınla apararsınız.

Təbii ki, Səməndər müəllim özü də həmişə kiməsə yaxşılıq etməkdən zövq alan bir ziyalıdır. Və bu sözü eşidən kimi «mənim gözlərim üstə» deyib, Valeh müəllimi avtomobilinə dəvət edir. Valeh müəllim avtomobilə əyləşir və bir neçə dəqiqədən sonra onların arasında çox səmimi və şirin söhbət başlayır. Valeh müəllim deyir ki, mən sənin haqqında «Ədalət» qəzetində Faiq Qismətoğlunun qələmə aldığı «39 gün ölümlə üzbəüz» yazısından sonra daha ətraflı tanış olmuşam. Üstəlik də onu da deyir ki, sən Faiq Qismətoğlu ilə yaxın dost və qonşusan. Və hər ikinizin imzanızı «Ədalət» qəzetində sevə-sevə izləyirəm. Aqil Abbasın, Faiq Qismətoğlunun, Əbülfət Mədətoğlunun bir-birindən gözəl yazılarını böyük həvəslə oxuyuram. İnanın, o yazıların hər birində mən insanların iç dünyasını, ürək çırpıntısını, qəlbinin səsini eşidirəm. Və elə yazılar var ki, oxuyandan sonra onu saxlayıram...

Səməndər müəllim həmin günü bu barədə mənə ətraflı söhbət açdı. Dedi ki, Azərbaycan Pedaqoji Universitetinin dosenti, riyaziyyat elmlər namizədi Valeh Məmmədov sənin yazılarına həddindən çox maraq göstərir. Dost olduğumuzu bilib, hətta sənə öz səmimi salamlarını göndərdi. Sözün düzü, mən də bundan qürur hissi duydum. Qürur hissi duydum ki, Azərbaycanın çox böyük ziyalıları bizim qəzetimizdə qələmə aldığımız yazıları maraqla oxuyur və öz fikirlərini bildirirlər.

Bir neçə gündən sonra Səməndər müəllim Valeh müəllimə telefon açdı və onunla söhbət etdik. Hansı ki, Əli müəllimin yas məclisindən qayıdanda Səməndər müəllim mənə Valeh müəllimin yanından zəng edib. Mən də telefonu evdə qoyduğuma görə açmamışam. Amma bu dəfə Valeh müəllimlə telefonda çox səmimi ürək söhbəti elədik. Hiss etdim ki, sözə, publisistikaya və jurnalistikaya çox böyük dəyər verir. Təbii ki, belə böyük ziyalıların bizim kimi yazarların

qələmə aldığı hər hansı mövzunu oxuması məni sevindirməklə yanaşı, məsuliyyət hissimi bir qədər də artırır. Çünki əgər Azərbaycanın böyük ziyalıları qəzetimizi izləyirsə, yazılarımızı oxuyursa, bu, o deməkdir ki, yazmağa dəyər...

...Və bəzən biz düşünürük ki, əşşi, bu qədər yazı yazırıq, onu oxuyan yoxdur. Amma Valeh Məmmədov kimi alimlərin və ziyalıların yazılarımızı oxuması bizdə həvəs yaradır ki, qələmi yerə qoymayaq. Dünyamızı və insanları narahat edən mövzuları gündəmə gətirək, səmimi və şirin dildə yazıb onları sevindirək. Deməli, Valeh müəllim kimi dəyərli ziyalılar, oxucular varsa, bizi oxuyan da çox olacaq. Çünki onlar adi oxucu deyil, böyük əhatə dairəsi olan ziyalılardır. O ziyalılar ki, biri min oxucuya bərabərdir. Və biz də biri min oxucuya bərabər olan Valeh müəllim kimi ziyalıları hər an, hər dəqiqə maraqlı və orijinal yazılarımızla sevindirməliyik...

TƏQVİM / ARXİV