SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Saodat Muxamedova ilə

  50930   |  
Şriftin ölçüsü  

Zaman və onun sirləri təkcə fərdləri deyil, ümumilikdə bəşəriyyəti ağuşuna alıb bəzən oyun oynayan, bəzən də özü alətə çevrilən, amma sirrini sona qədər heç bir mütəfəkkirin aça bilmədiyi müəmmadır. Zaman anlayışı insan oğlunu kimliyindən, millətindən, dinindən asılı olmadan həmişə düşündürüb. Hərə özünəxas şəkildə bu məfhumu anlamağa, çözməyə, şərh etməyə çalışır. Elə "Ədalət”in vaxtı”nın məramı da budur: hətta eyni cameada olan insanların müxtəlif düşüncələri, fərqli zaman anlayışı... Bu dəfə qonağımız qardaş Özbəkistandan oldu: 

Özbəkistanın tanınmış filoloq alimi, ədəbiyyatşünası Muxamedova Saodat Xudoberdiyevna – 1970-ci il martın 13-də Daşkənddə ziyalı ailəsində doğulub. 1987-ci ildə oxuduğu  orta məktəbi qızıl medalla bitirib. Həmin il Daşkənd Dövlət Universitetinin (indiki Özbəkistan Milli Universiteti) filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdindən sonra özbək dili və ədəbiyyatından orta məktəbdə dərs deyib. 1994-cü ildə Universitetin aspiranturasına daxil olaraq, 1999-cu ildə filologiya elmləri namizədi dərəcəsini müdafiə edib. 1999-2004-cü illərdə Universitetin  "Özbək dili” kafedrasında dosent vəzifəsində işləyib. 2004-2011-ci illərdə Nizami Gəncəvi adına Daşkənd Pedoqoji Universitetinin "Ümumi dilçilik” kafedrasında dosent, professor olaraq çalışıb.  2011-ci ildən həmin kafedranın rəhbəridir. 2007-ci ildə doktorluq dərəcəsi alıb.

Özbəkistan Respublikasının Test mərkəzi nəzdində ekspert komissiyasının üzvüdür. Həmçinin, Respublikanın Orta və ali ixtisas təhsili üzrə nazirliyi yanında  elmi-metodik şurada işləyir. Özbəkistanda dilçiliyə dair ilk elektron dərslik hazırlayan elmi qrupa başçılıq edib. "Özbəkistan-Azərbaycan dostluq qrupu”nun üzvüdür. Ölkəsi ilə yanaşı Bakıda da məqalələri çıxıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Ulduz” jurnalının redaktor heyətinə daxildir. Bakıda 2015-ci ildə "Vektor" beynəlxalq akademiyasının akademiki seçilib.


... Və Saodat Muxamedovanın zaman anlayışı:

 

"Zaman Allahın bəşəriyyətə ərməğanıdır”

 

 - Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Zaman Allahın bəşəriyyətə ərməğanıdır. İnsanlara verilmiş əvəzolunmaz imkandır. Biz özbəklər həyat haqqında belə bir ifadə işlədirik: iki qapı arası... Yəni doğum  və ölüm qapıları arasında yaşanan ömür müddəti... İnsan bir qapıdan digərinə qədər olan zaman çərçivəsində ömrünü yaşamalıdır, bu Allah tərəfindən verilən imkandır... Şəxsən mənə gəldikdə isə, zaman ömrünü doğru-düzgün yaşayıb, özündən sonra da yaxşı ad qoymaq, bu dünyaya, vətənə gözəl kitablar bəxş etməkdir.

 

 - Zaman və insan: hansı hansını idarə edir?

- Nə qədər ki, insan yaşayır, zaman idarə edir. Amma elə ki insan öz adını əbədiləşdirdi, artıq o, yaşadığı zamana, hətta digər zamanlara da hakimdir. Belə dahi insanlar istər dünyada, konkret olaraq Özbəkistanda da çoxdur.

 

- Belə insanları zaman özü seçir, ya onlar özlərini zamana sübut etməyi bacarırlar?

- Onlar əlbəttə ki, seçilmişlərdir -  Allahın seçdiyi bəndələrdir. Amma bu demək deyil ki, insan da əlini-qolunu sallayıb oturmalıdır. Zəhmət çəkməyəndə, özünü sübut etməyəndə Allahın da etimadını boşa çıxarmış olarıq.

 

 "Yaşadığımız zamana uyğunlaşmağa borcluyuq”

  

- Bəs, zamanın nəbzini tutmaq asandı?

- Deməzdim, əksinə çox çətindir... Amma mənim devizim belədir: sən zamanın dalınca getmə, qoy zaman sənin dalınca gəlsin...

 

- Əgər zaman insanı təqib edəcəksə, bu o deməkdir ki, onda zamanı idarə edən onu yönəldən də insandır!

- Əlbəttə, əgər devizləri həmişə həyata keçirmək mümkün olsaydı, dediyiniz kimi olardı.

 

- Özünüzü zamanla uyğunlaşan adam hesab edirsiniz?

- Yaşadığımız zamana uyğunlaşmağa borcluyuq. Bunun üçün bir insan olaraq öhdəmizə düşən işi görməliyik. Hamı kimi mən də verilmiş zaman çərçivəsində ailəm, övladlarımla yaşayıram, o zamanın şərtlərinə uyğun fəaliyyət göstərirəm...

 

- Bəzi insanlar öz zamanlarından gileylənirlər, başqa dövranda yaşamağı arzulayırlar. İnsanlarda belə düşüncə nədən qaynaqlanır?

- Məncə bu cür düşünən insanlar aciz, iradəsiz insanlardır. Onlar hətta arzuladıqları zamanlarda yaşasalar belə yenə də öz sözlərini deyə bilməyəcəklər. Başqa sözlə, öz fəaliyyətsizliklərinə və ya uğursuzluqlarına belə təsəlli ilə haqq qazandırmaq istəyirlər. Əslində, fərqi yoxdur hansı zamanda doğulmusan. Əsas olan Allahın verdiyi ömrü, zamanı necə istifadə etməyindir, onu doğru dəyərləndirməkdir.

 

- Ola bilərmi ki, bu cür düşünən insanlara əvvəlki dövrlərin həyat tərzi və geyimi daha xoş gəldiyindən bu fikirdə olsunlar?

- İnanmıram ki, yetkin insan yalnız bu səbəbdən başqa dövrləri xəyal etsin...

 

 "Başqa zamanda yaşasaydım, özüm ola bilməzdim”

 

 - Bəs siz necə, öz zamanınızdasınız?

- Bəli, heç vaxt başqa zamanda yaşamağı düşünməmişəm. Mən elə öz zamanımdayam. Bəlkə başqa zamanda yaşasaydım, bu gün mən özüm ola bilməzdim, öz işlərimi, arzularımı həyata keçirə bilməzdim.   

 

- Keçmişin insanısınız, ya gələcəyin?

- Nə keçmişin, nə də gələcəyin: mən bu günün insanıyam! Nə bu günün işini sabaha qoymağı sevirəm, nə də sabah üçün indidən baş yormuram.

  

"Xroniki vaxt çatışmazlığından "əziyyət çəkirəm””

 

- Ötən illərə nəzər salanda, həyatınızda vaxt itkisi olubmu?

- 1992-ci ildən bəri qətiyyən olmayıb. Çünki həmin il institutu bitirdim. Bəlkə də əvvəlki illərdə hardasa ola bilərdi, amma institutut bitirdikdən sonra mən xroniki vaxt çatışmazlığından "əziyyət çəkirəm”. Demək olar ki, televizora baxmıram, vaxtımı mağazalarda alış-verişə sərf etmirəm, ziyafətlərdən uzağam. Bəlkə də bu səbəbdən yaşıdlarımla nisbətdə daha böyük uğurlara, daha yaxşı nəticələrə imza atmışam. Elə tələbələrimə də həmişə tövsiyə edirəm: zamanınızın bir dəqiqəsini belə boşa keçirməyin, vaxtınızın qiymətini bilin! Ailə, uşaq qayğılarından əlavə boş vaxt tapanda belə oxuyun, qiraət edin, yazmaqla məşğul olun!

 

-Elə isə qazandığınız uğurun təməlində məhz vaxtı düzgün dəyərlindərməyiniz böyük rol oynayıb...

-Bəli, sırf bu cəhətimin uğurlarımda böyük rolu var. Ümumiyyətlə, 50 yaşına qədər uğur qazanmış insanlar məhz zamanı düzgün dəyərləndirib, vaxtı boşa keçirməyən insanlardır. Bizdə belə atalar sözü var: "50 qaça ekasan, 50-dan keyin urasan". Yəni 50 yaşa qədər əkərsən, 50 yaşdan sonra əkdiyinin meyvəsini yeyərsən. Ona görə də ahıl yaşlarında əməyinin bəhrəsini görmək üçün gənc yaşlarında çox işləmək, əsasən də hər işi vaxtında görmək lazımdır.

 

"Zaman və özbək gəncləri bir-birləri ilə yaxşı anlaşırlar”

 

 - Zaman həmişə gənclərin əlində olub. Zamana təsir edən, onu yönləndirən, eləcə də dövranının yetirmələri məhz gənclərdir. Bu gün zamanın özbək gənclərinə, eləcə də onların zamana təsirini necə dəyərləndirsiniz?

-Məncə, hər ikisinin bir-birlərinə güclü təsiri var. Zaman və özbək gəncləri bir-birləri ilə yaxşı anlaşırlar. Gənclərimiz çox fəaldırlar. Bu gün özbək gənci iki istiqamətdə seçilir. Özbəkistan gəncləri bu gün iki qanad üzrə yetişirlər: bilik və tərbiyə. Bizim təhsil sistemimizdə də bu, əsas prioritet kimi götürülür – biz gənclərimizə həm tərbiyə veririk, həm də təhsil. Elə bizi Avropa və Amerikadan yaxşı mənada fərqləndirən də budur. Bu bizim üstünlüyümüzdür.

 

- Vaxtınızı necə bölürsünüz?

- Səhər açılandan bütöv günün planını tuturam. Bu planın içində mütləq qiraətə və internetə vaxt ayrılır. Çünki bu günün tələbələri qarşısına çıxmaq üçün hərtərəfli olmalısan. Heç bir ön hazırlığın olmadan kompyuter-informasiya texnologiyalarını müəllimlərindən dəfələrlə yaxşı bilən tələbəyə dərs keçmək üçün gərək zamanın tələblərini yerinə yetirəsən, yaxşı hazırlıqlı olasan.

 

- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

- Əlbəttə ki, hər dəqiqəni qiymətləndirsinlər. İtirilən hər dəqiqə əhəmiyyətlidir. Biz özbəklər demiş: "Ertaga bugunni topib bularmu?" Yəni – "Bu günü sabah tapmaq olarmı?” Ona görə də vaxtınızı dəyərləndirin, zamanın qədrini bilin!

 

 Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK