adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2015 19:33
52464
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Fəridə Əzizova : "Bu, əsl sensasiya olacaq"

Fəridə Şıxməmməd qızı Əzizova 1995-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunda anadan olub. 20 yaşı hələ tamam olmasa da, o, çıxış etdiyi taekvondo idman növündə bir çox uğurlara imza atıb. Gənclər arasında iki dəfə Avropa çempionu və dünya çempionatının qalibi olan F.Əzizova böyüklər arasında keçirilən mötəbər turnirlərdə də adından söz etdirib. 2013-cü ildə Meksikanın Pueblo şəhərində keçirilən mundialın bürünc mükafatını qazanan dayanq ustamız ötən il paytaxtımızda keçirilən qitə çempionatında da fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

F.Əzizova olimpiya oyunlarına lisenziya qazanan ilk və yeganə qadın taekvondoçu kimi Azərbaycan idman tarixinə düşüb. O, cəmi 17 yaşında London Olimpiadasında iştirak hüququ qazanıb.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı taekvondo üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının lideri Fəridə Əzizovadır.



"Əslində, mənə gərəkli olan o idi ki, cəmi altı ay məşq edim, qan dövranım yaxşılaşsın"



- Fəridə xanım, nəzərə alsaq ki, sizə qədər beynəlxalq arenada ciddi nailiyyət qazanmış qadın taekvondoçumuz yoxuydu, bu idman növünə necə gəldiyinizi, kimi kumir seçdiyinizi bilmək maraqlı olardı...

- Taekvondoyla məşğul olmağa başlayanda cəmi 6 yaşım vardı, hər hansı məşhur taekvondoçunu kumir seçməyim bir yana qalsın, heç bu idman növünə bələd deyildim. Düzdür, o vaxtlar hazırda federasiyamızın vitse- prezidenti olan Niyaməddin Paşayev dünya çempionu olmuşdu, amma mən heç onu da tanımırdım. Uşaqlıqdan səhhətimdə problem olduğu üçün həkimlər mənə bir idman növü ilə məşğul olmağı məsləhət gördülər. Əsrin əvvəllərində Azərbaycanda bu idman növü yeni sayılırdı. Qusarda da taekvondo bölməsi bir neçə ay idi açılmışdı. Atam mənə dedi ki, istəyirsən səni ya futbola, ya da taekvonodoya yazdıraq. Futbolu da xoşlayırdım, ancaq taekvondonu seçdim. Çünki çox dəcəl uşaq idim, döyüş növlərinə daha çox meylli idim.


- Əsrin əvvəllərində taekvondoya nisbətən karate daha çox dəbdə idi. Valideyniniz məhz olimpiya növü olduğu üçün sizi taekvondo bölməsinə yazdırdı?

- Xeyr. Sadəcə, atamın iş yerinə yaxın idi deyə bir növ gözü önündə olmağımı istəyirdi. Əslində, mənə gərəkli olan o idi ki, cəmi altı ay məşq edim, qan dövranım yaxşılaşsın, amma bu idman növünü, onun fəlsəfəsini o qədər çox sevdim ki, sonradan buraxmaq istəmədim. Mən özümü bir növ taekvondoda tapdım.



- O vaxt ağlınıza gələrdi ki, tez müddətdə bu qədər nailiyyət qazanacaqsınız?

- Əvvəllər yox, amma məşqlərə başladıqdan üç ay sonra məşqçim məni yeniyetmələr arasında respublika birinciliyinə cəlb etdi, qısa müddət məşğul olmağıma baxmayaraq üçüncü oldum. Yarışdan sonra məşqçim mənə dedi ki, sən çox istedadlısan, öyrədilənləri tez mənimsəyirsən, ən əsası da istəklisən. Bunlardan sonra məndə ikiqat həvəs yarandı, artıq sanki taekvondoyla nəfəs alırdım. Hər gün taekvondoyla bağlı videoroliklərə baxır, evdə dayanmadan məşq zamanı öyrəndiyim fəndlər üzərində işləyirdim.


- Haçansa əksər azərbaycanlı qızlar kimi idmançı karyeranızı yarımçıq buraxıb, elmi sahələrə yönlənmək fikriniz olub?

- Mən orta məktəbdə əvvəllər çox yaxşı oxuyurdum, sinifin ən nümunəvi şagirdlərindən hesab olunurdum. Milli komandaya cəlb olunduqdan sonra davamiyyətim aşağı düşdü, dərs oxumağa vaxtım az olurdu. Buna görə də getdikcə zəifləməyə başladım. Hazırda ali təhsil alıram. Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsiyəm.



"Bakıda keçirilən Avropa çempionatında daha yüksək nəticəyə ümid edirdim"



- Meksikada keçirilən dünya çempionatının yarımfinal döyüşündə Taypey idmançısına məğlub oldunuz... Baxmayaraq ki, görüşün əsas favoriti olaraq sizin adınız çəkilirdi...

- Keçən il Mançesterdə keçirilən Qran-Pri turnirinin bürünc medal uğrunda görüşündə onu 7-5 hesabı ilə məğlub etdim. Məğlub olduğum idmançılardan əksər hallarda revanş almışam. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, mənim üçün "keçilməz idmançı" anlayışı yoxdur.



- Son Avropa çempionatı Bakıda keçirilirdi. İdman ictimaiyyəti bu turnirdə sizdən bürünc yox, ən azından finalda iştirak gözləyirdi...

- Bilirəm. Mən özüm də daha yüksək nəticəyə ümid edirdim. Təlim-məşq toplanışı zamanı səhhətimdə problem yarandı, bu səbəbdən məşq etməyə icazə vermədilər. Məni müalicə üçün birbaşa Qəbələdən Bakıya göndərdilər. İki həftə yığmadan uzaq qaldım. Bu da mənim formadan geri düşməyimə səbəb oldu.



- Bu kimi hallarla tez-tez üzləşirsiniz?

- Çox yox, hərdən olur. Zədə və ya sağlıqda yaranan problem ciddi olmayanda müəyyən vasitələrlə məşqlərə davam etmək mümkün olur, ancaq qitə çempionatı öncəsi səhhətimdə yaranan problem həqiqətən ciddi idi.


- Türkanə Tahirli və Günay Ağakişiyeva kimi müəyyən qədər adından söz etdirmiş komanda yoldaşlarınız da var. Onlarla müqayisədə siz...?

- Əlavə izaha ehtiyac yoxdur, titullar öz sözünü deyir.


- Qısa müddətdə dörd məşqçi dəyişikliyi oldu. Ələkbər İmaməliyev və Gündüz Abdullayevin rəhbərlik etdiyi yerli məşqçilər korpusu ilə koreyalı məşqçilər iki dəfə bir-birini əvəzlədi. Bunun sizə və ümumilikdə komandaya nə kimi təsiri oldu?

- Koreyalı məşqçilər çox təcrübəlidir. Taekvondo idman növünün vətəni bildiyimiz kimi Koreyadır, bu baxımdan onlar bir növ bu idman növünün mətbəxinə bələddirlər. Bizim milliyə rəhbərlik edən koreyalı məşqçilər  dünya miqyasında ən yaxşılardan hesab olunur. İdmançı karyeramın daha uğurlu olması baxımından koreyalı mütəxəssislər mənim üçün daha əlverişlidir.


- Siz əldə etdiyiniz nailiyyətlərin əksəriyyətini məhz Gündüz Abdullayevin rəhbərliyi altında qazanmısınız. London Olimpiadasında isə ilk görüşdən mübarizəni dayandırdınız....Hər halda bunları da nəzərə almaq lazımdır...

- London Olimpiadasında nəticə qazanmağım üçün sadəcə təcrübə çatmadı. Mənim o vaxt cəmi 17 yaşım vardı. Rəqibim isə 27 yaşında, kifayət qədər təcrübəli, vitse- olimpiya və dünya çempionu idi. Bu məğlubiyyətdə sırf təcrübə amili öz sözünü dedi. Çox nadir hallarda olur ki, 17 yaşlı idmançı olimpiadadan medal gətirsin.


- Bakıda keçirilən təsnifat turniri öncəsi heç kəs sizdən lisenziya gözləmirdi. Özünüz necə, belə uğurlu çıxış edəcəyinizə inanırdınız?

 - O ərəfədə taekvondoçular elekton jiletlərlə döyüşürdülər, turnirə iki gün qalmış elektron jiletlər adi jiletlərlə əvəzləndi. Mən isə adi jiletlərdə daha yaxşı çıxış edirəm. Çünki daha çox sürət və gücə meyilliyəm, sadəcə xal qazanmağa yox. Məşqçilər də məni istər psixoloji, istərsə də fiziki cəhətdən yarışa çox yaxşı hazırlamışdılar. 

Hərdən deyirdilər ki, sən hələ çox balacasan, nəticə qazanmasan da heyfsilənmə. Açığı, bu mənə pis təsir edirdi, fikirləşirdim, axı niyə mənə belə sözlər deyilsin ki... Qarşıma məqsəd qoymuşdum ki, mütləq lisenziya qazanıb, özümü sübut etməliyəm.

Bakıdakı təsnifat turnirində ümidlər daha çox Günay Ağakişiyevaya idi. Çünki, o, mənə nisbətən daha təcrübəli hesab olunurdu.



"Ən ciddi rəqiblərim Fransa, Rusiya və İsveç təmsilçiləridir"



- Qarşıdan Avropa Oyunları gəlir. Bu yarışda sizdən nəticə gözləyək?

- Əvvəlcədən proqnoz vermək düzgün olmazdı. Bundan əlavə qarşıdan dünya çempionatı da gəlir. Komanda halında hər iki turnirə çox ciddi hazırlaşırıq. Artıq yanvar ayından gərgin təlim-məşq toplanışına başlamışıq.


- Rəqibləriniz arasında daha çox kimlərdən ehtiyatlanırsınız?

- Mənim ən ciddi rəqiblərim Fransa, Rusiya və İsveç təmsilçiləridir, amma heç birindən çəkinmirəm. Bu idmançılarla bir neçə dəfə qarşılaşmışıq. Fransa idmançısı ilə döyüşlərimin nəticəsində tarazlıq var; 2 görüşdə qalib gəlib, ikisini yenilmişəm. İsveç idmançısı ilə də eləcə; Bakıdakı təsnifat turnirinin yarımfinal görüşündə mən, ötən il Mançesterdə keçirilən Qran-pri turnirinin yarımfinalında o qalib gəldi. Rus idmançısı ilə görüşlərimin statistikası isə təəssüf ki, uğursuzdur. Hər üç görüşdə ona məğlub olmuşam.


- Pekin Olimpiadasınadək olan Azərbaycan taekvondosu ilə indikini müqayisə etsək, sizin fikrinizcə hansı daha uğurludur?

- Zənnimcə, indiki yığma daha güclüdür. Həm də o dövrkü taekvondo ilə indikinin arasında da fərq çoxdur. Demək olar ki, ayrı-ayrı idman növləridir.


- Azərbaycan taekvondosunda Niyaməddin Paşayevin dünya çempionluğu yeganə olaraq qalır. Necə fikirləşirsiniz, sentyabrda Rusiyada keçiriləcək dünya çempionatında 14 illik tilsim qırılacaqmı?

- İnşallah, bu tilsimi qıracağıq(gülür). Biz bunun üçün səylə çalışırıq. İnanıram ki, bu il həsrət sona yetəcək.



- Bəlkə ikinci dünya çempionumuz elə siz özünüz oldunuz...

- Niyə də yox?! Düzdür, çətin olacaq, rəqiblər günü-gündən daha da artırırlar. Mən də yerimdə saymıram, məqsədlərim üçün dayanmadan çalışıram. İnanıram ki, nəinki medal, çempionluq qazanacam. Bizim kişilərdən ibarət yığma komandamızda da bu tilsimi qıra biləcək Radik İsayev və Ramin Əzizov kimi taekvondoçularımız var.


- Artıq Rio Olimpiadası da ilk qaranquşlarını qarşılamağa başlayır. Hər kəs taekvondoçularımızdan ilk olimpiya medalını gözləyir...

- İnşallah, medal qazanacağıq. Böyük ehtimalla Ramin Əzizov da Rio Olimpiadasına qatılacaq. İnanıram ki, o, ikinci dəfədən mükafatçılar sırasına düşəcək.


- Qazanacağıq, yoxsa qazanacam?(gülərək)

- Niyə də qazanmayım!?(gülür).

Mən hazırda 67 kiloqram çəki dərəcəsində ilk altılıqdayam, bu da birbaşa olimpiadaya lisenziya verir.


- Gələcəkdə çəki dərəcənizi dəyişmək fikriniz var?

- Olimpiya çəkisi olduğu üçün bu çəkini seçmişəm və dəyişmək fikrim yoxdur.


- Qəribə stiliniz var. Bu nədən qaynaqlanır?

- Fərqli olmaq istəyimdən. Hamı kimi görünmək istəmirəm(gülür).


- Fərqli olmağın üstünlüyü nədir?

- Üstünlük dedikdə... Mən belə geyinməyi xoşlayıram. Hər bir insanın öz zövqü var, kimisi klassik, kimisi idman tərzində, kimisi də sərbəst geyinməyi xoşlayır. Heç yerdə yazılmayıb ki, qız standart görünüşdə; saçı uzun, şalvarı dar olmalıdır. 

Mənim valideynlərim də seçimimə hörmətlə yanaşır, geyimimə qarışmırlar. Nə bilmək olar, bəlkə bir gün səhər oyandım və dedim ki, yox daha belə geyinmək istəmirəm, bütün qızlar kimi - standart görünmək istəyirəm. Bax, bu əsl sensassiya olacaq(gülür).


"Rio Olimpiadasından sonra səhhətimlə bağlı bir müddətlik məzuniyyətə çıxacam"


- Qusardan bir məşhur güləşçimiz də var: Rəsul Çunayev. Onunla münasibətləriniz necədir?

- Rəsulla dövlət başçısının mükafatlandırma mərasimində bir yerdə olmuşuq. Cənab Prezident ikimizə birlikdə ev hədiyyə etdi. Evə hələ köçməsək də qeyri-rəsmi qonşu hesab olunuruq(gülür).


- Hansı qadın idmançımızla daha çox ünsiyyətdəsiniz?

- Boks üzrə yığma komandamızın üzvü Yelena Vstropova ilə. Onunla Pekin Olimpiadasında dostlaşmışıq. Hazırda da çox yaxın münasibətlərimiz var.


- Həvəsdi bəsdi deyib, haçan idmançı karyeranızı yekunlaşdırmaq fikrindəsiniz?

-  Hələlik bu haqda qətiyyən fikirləşmirəm. Rio Olimpiadasından sonra səhhətimlə bağlı bir müddətlik məzuniyyətə çıxacam. Xaricdə əməliyyat olunacam.


- Belə ciddi məsələdir?

- Görməyimdə problem var, bu da döyüşlərimdə ciddi maneçilik törədir. Sağlığımla bağlı əlavə problemlərim də var... İnşallah, tam müalicə alıb, daha yüksək formada yarış meydanlarına dönəcəm.


Sahib ƏSƏDBƏYLİ