SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Vahid Məcidovla

  53840   |  
Şriftin ölçüsü  

Zamanın nələr gətirib-götürəcəyi insanlar üçün həmişə maraqlı olub, insanın daim bilmək istədiyi, məntiqlə bəlkə də, şüuraltı can atdığı məsələlərdən biri gələcəyini görmək, bilmək arzusudur. Bununla nəyi dəyişəcək və ümumiyyətlə, bacaracaqmı – bu onun inancı və iradəsinin gücündən çox asılıdır. Amma zamanın bütün dönəmlərində gələcəkdən xəbər verən insanların sayəsində bu istək müəyyən mənada reallaşıb: bilinməzlər siyahısından çıxıb... Maraqlıdır ki, bəşər tərəqqiyə, inkişafa doğru getdikcə taleyi öncədən bilmək, zamanı qabaqlamaq istəyi daha da güclənir. Öncəgörücülük də öyrənilən, araşdırılan sahələrdən birinə çevrilir. Bu istiqamətdə ən çox etibar edilən sahə isə xiromantiya və numerologiyadır. "Ədalət”in vaxtı”nda bu dəfə zamana doğru rəqəmlərdən və xətlərdən yol saldıq. Bu yoldakı "bələdçi”mizi tanıyaq:

Vahid Məcidov – xiromant-numeroloq. 1970-ci il, aprelin 5-də Quba rayonunun Səbətlər kəndində doğulub. Azərbaycan Dövlər İqtisad Universitetini bitirib. Bundan başqa xalçaçılıq üzrə peşəkarlaşıb. 5 il Bakı Xalı şirkətində işləyib. 1992 ci ildə Ayaz Salayevin rəhbərliyi ilə onun və rəssam qardaşı İmran haqqında sənədli film çəkilib. Eyni zamanda yaradıcılıqla da məşğuldur, şeirləri mütəmadi olaraq qəzet və jurnallarda dərc olunur. Xiromantiya və parapsixologiyanın sirlərini Rusiyada öyrənib. Bakı Psixologiya Mərkəzində Rusiyada kurslar keçib. 2014-cü ildən OPPL (Общероссийская Профессиональная Психотерапевтическая Лига – Ümumrusiya Peşəkar Psixoterapevtik Liqası). Xiromantiya-numerologiya, parapsixologiya ilə bağlı bir sıra məqalə və yazıların müəllifidir. Hazırda "Azərbaycan övladı qəzetinin əməkdaşıdır.

 

"Sanki zaman da zamanını gözləyir”

 

– Tale və zaman bir-biri ilə sıx bağlıdır. Öncə zamana nəzər salaq. Sizcə zaman nədir?

– Zaman məhfumu çox geniş anlamdır. Biz doğulan vaxtdan, obrazlı desək, zamanın sehrinə düşmüş oluruq. İnsanın həyatında, kainatda mövcud olan rəqəmlər zamana təsir edir, eynilə də onlar da zamanın təsirinə məruz qalır. Başqa sözlə, vəhdət təşkil edirlər. Bizim doğuşdan ölümə qədər atdığımız bütün addımlar, etdiyimiz işlər, ümumilikdə həyatımız zamana bağlıdır. Belə bir söz var: "Hər zamanın öz hökmü var”. Həqiqətən də tale yollarımızda zamanın hökmranlığı hər an özünü büruzə vermir. Sanki zaman da zamanını gözləyir, lazım olanda müdaxilə edir. Eləcə də zamana müdaxilə edən insanlar var. Yəni müəyyən zaman içindəki zəmanəni dəyişə bilirlər, ona diktə edirlər. Bəzən elə də olur ki, zaman insandan güclü olur, ona müdaxilə etmək mümkün olmur. Burada bəzi rəqəmlərin rolu var...


– Deyirsiniz ki, insan bəzən zamana müdaxilə edə bilmir. Amma xiromantiya və ya digər insan taleyini göstərən elm, yaxud görücülük zamana müdaxilə deyilmi?

– Müdaxilələr, dediyim kimi, həmişə mümkün olmur. Burada rəqəmlər xüsusi rol oynayır. Çünki bəzən güclü təsirə malik rəqəmlərin üst-üstə düşməsi zamanı idarə etməyə yetir. Rəqəmlər əsasında zamana diktə olunur. Yaxud insan rəqəmlər vasitəsilə zamanın sirrini, belə deyək, "iç üzünü” aşkara çıxarır.


– Gəlin bu rəqəm məsələsini bir az da açaq: rəqəmin il, ay, yəni təqvim olaraq təsiri var, yoxsa ümumilikdə mövcud olan bütün rəqəmlərdən söhbət gedir?

– Hər bir dövrün öz rəqəmi var. Hər ildə olan rəqəmlər təsir gücünə malikdir. Xüsusilə də hər rəqəm qruplaşması bir məna daşıyır. Hətta tarixə nəzər salsanız, görəcəksiniz ki, təkrarlanan rəqəm qruplaşmasında oxşar hadisələr baş verir. Məsələn, 2012-ci ilin dekabrın 21-i  hər kəsi çox narahat edirdi, böyük təşviş yaratmışdı. O zaman mən Pifaqor cədvəli ilə hesablamalar apardım və müsahibələrimin birində qeyd etdim ki, gözlənilən qiyamət olmasa da, bu tarix heç bir şey olmadan da ötüşməyəcək. Bu tarixdən sonra özünü din elçisi elan edən biri və ya qruplaşmalar ortaya çıxacaq. Çünki həmin təqvimdə rəqəmlərin zamana güclü təsiri var idi. Orada 2 və 7 rəqəmlərinin sayı çox idi. 2 rəqəminin qruplaşması axıcılıq, qeyri-sabitlik, təlatüm deməkdir. 7 isə səmadan müdaxilə və ya dinlə bağlı dəyişikliyə işarə edir. 1 rəqəminin çoxluğu isə kimlərinsə diktəsi, topluma təsirini göstərirdi. Bu günə nəzər yetirsək, görərik ki, bəli, dini qruplaşmalar, dini təzyiqlər günümüzdə aktualdır. Bəlkə də, o zaman dəqiq deyə bilmədiyim dinlə bağlı təzyiqlər, dəyişikliklər bu gün İŞİD kimi qruplaşmada özünü göstərir. Bu qruplaşma elə din altında əraziyə, insanların, dövlətlərin taleyinə müdaxiləsi deməkdir. Bax, rəqəmlərin zamana təsiri belə məqamlarda özünü göstərir. Əgər 9 rəqəmlərinin qruplaşması yarana bilərsə, zamanın bu məqamına təsir edə bilər.

 

"Tarixdə rəqəm topluları çox dəyişikliklərlə yadda qalıb”

 

– Bəs o 9 qruplaşması necə yaranacaq?

– O, insanların özləri vasitəsilə yarana bilər. İnsan amili burda ortaya çıxaraq zamana müdaxilə edə bilər. Daha doğrusu, zaman özü o insanı və ya insanları ortaya çıxaracaq: öz qəhrəmanı kimi... Sadəcə, 9 rəqəmləri çoxluq təşkil edib, necə deyərlər, öz xanasına düşməlidir. Ümumiyyətlə tarixdə rəqəm topluları çox dəyişikliklərlə yadda qalıb. Hər rəqəmin də öz təsiri, öz ağırlığı olub. Məsələn, 0 rəqəminin çoxluğu heçə enmə, tənəzzül deməkdir. Eyni zamanda da yenilikdir. Bir çox inqilablar 0-ın çox olduğu illərdə baş verib. Məntiqlə götürsək, birinin süqutu digərinin dirçəlişidir. 0 həm son, həm də başlanğıcdır.


– Zamanla, tədricən insan əlindəki tale xətləri dəyişə bilərmi?

– Bəli. Əsas 4 xətt var ki, o dəyişməz qalır. Digər xətlər zaman keçdikcə dəyişə bilər. Ümumiyyətlə, xətlər iki əldə təkrarlanırsa, bu taledir. Tək bir əldədirsə, digər əldə o xətlərin bənzəri yoxdursa, bu, insanın öz təcrübəsi və ya yanlışlarıdır. Biz insanlar zamana təsir göstərə bilərik. Yəni tale xətlərimizdə nələrisə görüb o istiqamətdə və ya pisdirsə, onun qarşısını almaqda müəyyən işlər görə bilərik. Müqayisə üçün deyək ki, Yer Kürəsinə təhlükəli meteorit yaxınlaşır. Müasir elm və texnikanın köməyi ilə onu Yerdən kənarlaşdırmaq mümkündür. Eləcə də insan öz taleyini öncədən görməklə, oradakı təhlükələrdən yaxa qurtara bilər.


– Maraqlıdır, əgər bu xətlər taleni göstərirsə, insan ora yazılanları necə dəyişə bilər?

– Bu xətlərdən konkret olanı və olmayanı var. Xətlər təkcə elə düz xətdən ibarət deyillər. Orada başqa xırda işarələr var. O işarələr bir neçə funksiyadan ibarətdir. İnsana yazılandan başqa, özünün yaşadığı və yaratdığı problemlər var.  Əgər problemi biz yaratmışıqsa, ömürdə olan hər hansı bir hadisə məhz səhvimiz, başqalarına münasibətimiz ucbatından baş verirsə, onu kənarlaşdırmaq da bizim əlimizdədir. Məsələn, heç kim oğru olaraq doğulmur, bu insanın öz yanlış yoludur, amma taleyi deyil. Tutduğu peşə onun əl formasına, xüsusən barmaq uclarına, xəttlərə dəyişiklik verə bilir. Onun əlinə baxıb oğru olduğunu demək olar. Amma yaranışdan belə olmayıb, sonradan qazanılıb və iradəsinə güc gəlsə, bu yoldan dönə də bilər.


– Din elmi qəbul edir, amma falı yox. Xiromantiya bunların ikisinin arasında qalır: həm elmdir, həm də gələcəyi görür. Belə çıxır ki, xiromantiya özü zamanın toruna düşüb.

– Çoxları deyir ki, xiromantiya taleyi göstərirsə, gələcəkdən xəbər verirsə, deməli günahdır. Mən bununla razılaşmıram. Əgər lazım olmasaydı, Allah bu işarələri bizə göndərməzdi. Tanrı, təbiət insanlarla birbaşa danışmır, işarələrlə, əlamətlərlə danışır. Xiromantiya və digər gələcəyi görmək üsulları tarixin hər zəmanəsində olub. Müəyyən insanlar bunu bacarmaqla həm özlərinə, həm başqalarına kömək ediblər, yol göstəriblər.  Hətta Bibliyada belə yazılıb: "O, insanın əllərində işarələri qoyub ki, insan özünü və başqalarını tanıya bilsin”. Bəzi ölkələrdə xiromantiyanı dərs kimi keçiblər. Hazırda Kanadada bu elm üzrə akademiya fəaliyyət göstərir.


– Bu zamanın insanını, dövrün mənzərəsini necə görürsünüz?

– Bu gün insanlar zamana o qədər yanlış müdaxilələr ediblər ki, zaman eybəcərləşib. Hər dövrdə yanlışlıqlar olur. Amma biz öz dövrümüzdən danışırıq, öz zəmanəmizdən narahatıq. Bütün bunlar insanların psixologiyasına, taleyinə, seçdiyi yola təsir edir. Texniki tərəqqi bir tərəfdən nə qədər yaxşıdırsa, digər tərəfdən pisdir, fəsadlarsız ötüşmür. İnsanlar kömpüter arxasında oturub, dünyanın başqa ölkələrində baş verənləri görür. Bu təkcə informasiya çoxluğu, dünyagörüşünün artması ilə kifayətlənmir, həm də baş verən xoşagəlməz hadisələr, fəlakətlər, cinayətlər, müharibələr onlara pis təsir edir. İnsanlar qorxuya düşürlər. Sanki o hadisələrin öz ölkələrində baş verəcəyini də gözləyirlər. Bu da öz növbəsində artıq təlaş, stress yaradır.  Bu, zamanın insana mənfi təsiridir. Eyni zamanda insan əqlinin və əlinin məhsuludur.  


– Zaman və yaşamla bağlı insanlara nə tövsiyə edərdiniz?

– İnsanlara bu gərgin zəmanədə səbrli və tədbirli olmasını dilərdim. Bundan başqa dürüst olsunlar. Ailəsini, dövlətini sevsinlər. Ailəsini sevən insan səhv etməkdən qorxar, hər addımında diqqətli olar. Doğma torpağını sevsinlər: torpağını sevən insanlarda vicdan güclü olar. Öz dövlətini sevmək, həm də özünü sevmək deməkdir. Nədəsə eybəcərlik yerinə, gözəllik axtarsınlar.


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK