adalet.az header logo
  • Bakı 13°C
25 Fevral 2016 16:36
103002
RUBRİKA
A- A+

Sirli ədəbiyyat: Yarıtanrılar əfsanəsi

Ədəbiyyatın bilinməyən, görünməyən tərəfi - sirləri oxunmaq üçün tələsir. Təbii ki, bizim araşdırdıqlarımız bu sirlərdən yalnız bir hissəsidir. Qalanları isə yenə də Əlahəzrət Zamanın hökmü ilə ortaya çıxacaq. Bu dəfə isə "Sirli ədəbiyyat" rubrikamızda hibrid yolu əmələ gəlmiş yarıtanrılardan bəhs edəcəyik.

Alimlərin ən maraqlı və vaz keçə bilmədiyi təcrübələrindən biri hibrid yaratmaqdır. Bu günə kimi gerçək-xəyali olaraq heyvanlar, bitkilər, hətta insanlar üzərində belə qarışıq növləşdirmə prosesi aparıblar. Bu cür qarışıq canlının əldə olunması bəlkə də insan şüurunun alt yapısından irəli gəlir. Çünki ağlımız kəsəndən yarıinsan-yarıheyvan və ya yarıtanrılar haqqında sirli, qorxulu nağılları çox dinlədiyimizdəndir, əlinə fürsət düşüb alim olanlarımız da uşaqlıq xəyallarını reallaşdırmağa çalışırlar. Amma hibrid yaratma meyli təkcə elmdə deyil, ədəbiyyatda da özünə yer edə bilib ki, bu təxəyyülün sayəsində dünya ədəbiyyatına antik dövrlərdən bu yana çoxsaylı fantastik əsərlər daxil olub.

Hibrid haqqında bizə ilk məlumat antik yunan ədəbiyyatında verilir. Tanrılar və insanların izdivacından yaranmış yarıtanrılar – Herakl, Promotey, Atlant, Herkules kimi və heyvanlarla insanın qarışığından əmələ gələn kentavrlar (yarı at, yarı insan). Yeri gəlmişkən, Hibrid latın sözü olub, əslində bir millətin digəri ilə qarışığına deyilir (bizdə metis anlayışı kimi). Daha doğrusu, o dövrün ən elit xalqı sayılan romalının qeyri-romalı ilə nikahından yaranmış uşaq nəzərdə tutulur.  Bənzər mövzuya Qədim Misir ədəbiyyatında da rast gəlmək mümkündür. Amma yunanlardan fərqli olaraq misirlilər tanrılarını daha toxunulmaz hesab edir və onların insanlarla izdivacını təsvir etmirdilər. Güman ki, bu Qədim Misir elitasının adi insanı saymazdan gəlmələri ilə bağlıdır. Onlar daha çox tanrılarının heyvanlarla izdivac qurub yeni və güclü nəslin formalaşmasının tərəfdarı idilər ki, bizə gəlib çatan təsvirlərində də başı şir, pişik, əjdaha, bədəni isə insan olan tanrıların təsvirləri, fiqurları mövcuddur. Elə hind eposları da yerli hindlilərlə yadplanetlilərin izdivacından yaranan yeni və daha sağlam, gözəl nəslin tərənnümü ilə kifayət qədər zəngindir. Yadplanetlilər məsələsinə bir az sonra yenidən qayıdacağıq.  



Nəzərə alsaq ki, nağıllar keçmiş və ya gələcəkdən bəhs edən bədii xəbərdarlıqdır. Deməli hibridlərin nə zamansa, həqiqətən də mövcud olduğunu ehtimal etmək olar. Hər halda alimlərin bugünkü çabası da elə bu cür qarışıq növlərin əldə olunmasıdır. Çılğın alim təxəyyülü sonunu düşünmədən, yaratdıqları məxluqatların bəşəriyyətə fəsadının olub-olmayacağını hesaba almadan elm uğrunda bu təcrübəyə yox deyə bilmirlər. Alimlərin belə əcaib təcrübələri ədəbiyyata bol süjet verir. Sonrakı dövrlərdə şifahi xalq ədəbiyyatında naməlum müəlliflərin təxəyyülü daha da qorxunc görkəm alaraq insan və paranormal varlıqların birgə məhsulu olan canlılardan bəhs edilməyə başladı. Vahiməni adrenalin kimi canına çəkən ölümlü insanlar belə varlıqları təsnifatlandırmaqdan da yan keçmirdilər. Məsələn hibridlə onun atası qulyabanı arasındakı fərqləri axtararaq belə müəyyənləşdirirdilər ki, hibrid də atası kimi ölümsüz olsa da onu da müəyyən dualarla zəiflətmək olar. Amma onlar atalarından daha güclü, daha sürətlidirlər. İstənilən an heyvan şəklinə düşərək insan qarşısına çıxmaq bacarığına malikdir, gecələr olduğu kimi gündüzlər də rahat şəkildə insan arasına çıxa bilir, günəş qorxusu olmur, yüksək təmkin və soyuqqanlılıq nümayiş etdirirlər və s.

Yazılı ədəbiyyatda mistik-fantastik janr geniş vüsət almağa başladığında da ilk müraciət olunan mövzu hibridlər olmuşdu. Görünür, bəşəriyyət təkcə başqa millətlərlə nikaha girib qarışıq nəsil yaratmaqdan doyub, artıq yeni növ canlılar yaratmaqda maraqlıdır. Bu da əlbəttə ki, insanda allahlıq iddiasının təsiridir ki, sanki yaradanına meydan oxuyaraq onun da canlı yarada bilmək qüdrətinin sübutuna əsaslanır. Yaxud gözəgörünməz Tanrının öz aralarındakı modelini yaratmaq, ona toxunmaq istəyidir ki, əslində buddizmin mahiyyətində də bu dayanır. Yaxşı yadımdadır ki, bir dəfə daş bütə dua edən hindlidən soruşdum ki, doğrudanmı bu daşın sənə kömək edəcəyinə inanırsan? Cavab düşündürücü oldu: "Bu gördüyün daş mənim tanrımın özü deyil, onun heykəlidir. Biz səmavi dinlilər kimi tanrıya görməzə-bilməzə ibadət etmirik, hüzuruna getmək üçün qiyaməti gözləmirik, onu daşlarda əbədiləşdirib hər an toxuna, hiss edə, hüzurunda dayana bilirik. Üstəlik, bu bütlərin çoxu yarımtanrılardır. Allahın səmadan göndərdiyi varlıqlarla insan izdivacından yaranıblar".

Görünür, hər bir yaradılışın canında tanrısını bütləşdirmək duyğusu var ki, insanlar onu cismaniləşdirməyə çalışırlar. Məgər təkallahlılığı mədh edən müsəlmanlar imam və seyidlərin şəkillərini daşıyıb, evlərindən asmırlarmı? Elə bu da bütpərəstliyin bir növüdür ki, digər səmavi dinlərdə də rastlanır. İnsanlar Tanrıdan çox, müqəddəslərə inanırlar, səbəb isə məhz həmin müqəddəslərin gözəgörünən olmasıdır. İnsan gözəgörünməz Allahın mövcudluğunu nə qədər qəbul eləsə də, şüur altı ona gördüyünə inan deyir. Beləliklə də bir tərəfi müqəddəs, bir tərəfi ölümlü yarımtanrılar meydana çıxır ki, insan düşüncəsində onlar adi insanlardan daha güclü, daha kamil və qüdrətli hesab olunurlar.  

Fantastikanın ən uğurlu ədəbi nümunəsi ingilis yazıçısı Meri Şellinin "Frenkenşteyn və ya müasir Promotey” romanıdır. Xanım yazar yuxuda gördüklərini sətirlərə köçürərək dünya ədəbiyyatı üçün fantastik şedevr yarada bilib. Belə ki, Meri Şelli bir gecə yuxudan oyanaraq çardaqdan gələn səslərin nə olduğunu tapmaq üçün ora qalxır və orada gördüklərinə inana bilmir: ağbəniz gənc alim yaratdığı məxluqun qarşısında dayanmışdı. Çox güclü mühərrikin işə salınmasından sonra otağın ortasında uzanan ölü dirilir. Elə bu dəm Meri də çox qorxmuş halda yuxudan oyanır və beləliklə də əfsanə yaranır. Meri belə düşünür ki, onu qorxudan bu kabus minlərlə digər insanı da qorxuda bilər. Qorxu və elm birləşərək "Frenkenşteyn, və ya müasir Promotey" əsərini yaradır. Yazıçı o dövrün ilk texnoloji icadlarından ilhamlanırdı və məhz həmin zamanda populyar olan Qalvanizm cərəyanına əsasən obrazını canlandırırdı. Qalvanizm – İtaliyanın Baloniya Universitetinin fiziki Luici Qalvaninin təcrübələri idi. Qalvaninin təcrübələri qısa müddət ərzində Avropada sensasiyalar yaradıb. Qalvani hesab edirdi ki, istənilən canlı əl və ayaqlarını hərəkət etdirmək üçün elektrik enerjisinə ehtiyac duyur. Başqa sözlə, hərəkətlərin kökündə elektrik enerjisi dayanır. Digər canlıların üzərində apardığı təcrübələrdən sonra, Qalvani ölmüş məhkumların üzərində də təcrübə aparıb. Ölü insanların bədənindən güclü elektrik cərəyanı keçirməklə möhtəşəm nəticələr əldə edib: ölünün gözləri açılıb bağlanıb, əli qalxıb. Cərəyan miqdarı artırıldıqda isə ölü qalxaraq oturub.

Romanda gənc alim Viktor Frenkenşteyn ildırımın qoca palıdı necə parçaladığını və yandırdığını görür. Bu möhtəşəm gücdən ilham alan Viktor ildırımla - bu ilahi od qığılcımı ilə təcrübələr aparmağa başlayır.

Qalvaninin təcrübələri o zamankı elmi-fantastik yazıçıların əksəriyyəti üçün ilham mənbəyi olmuşdu. Bunlardan biri də amerikalı Edqar Allan Po, britaniyalı Herbert Uells idi. Sonuncunun "Doktor Moronun adası” əsərində yenidən hibrid mövzusu qabardılır. Bu dəfə həkim Moro kimsəsiz adaya gələrək elmi təcrübələrini həyata keçirir. Müxtəlif heyvanları bir-birinə "calaq” edir ki, qorxunc nəticələr alınır. Şir bədənli, dovşan başlı, tülkü bədənli ceyran başlı və s. təbiətin düzənini alt-üst edən əcaib heyvanlar yaradır. Amma bu heyvanları fərqləndirən cəhət təkcə bu deyildi, onlar insan kimi danışmağı da bacarırdılar.



Yuxarıda qeyd etdiyimiz hind eposlarına – insanların yadplanetlilər ilə izdivacına qayıdaq. Qərb alimlərinin son zamanlarda belə bir ehtimalı irəli sürülür ki, yadplanetlilər Yer üzünün insanlarını öz planetlərinə təcrübə üçün apararkən onların yalnız kişi və qadın olmalarından asılı olaraq, sperma və yumurtalıqlarını alırlar. Buna qədər isə dəfələrlə iddia olunurdu ki, bu dünyanın insanlarını bəzən cismən, bəzən də ruhən olaraq özləri ilə aparıb beyin hüceylərini, qan və sümük iliklərini istifadə edirlər. Bu sonuncu ehtimal nədən qaynaqlanır, hələ ki alimlər müfəsəl məlumat vermirlər, amma bildirirlər ki, insan toxumu ilə yadplanetlilərinki birləşdirilərək yeni nəsil yaradılacağı (bəlkə də artıq yaradıldığı) dəqiqdir. Niyə? Yenə də əvvəlki qeydlərimizə diqqət yetirsək görərik ki, məqsəd daha güclü və sağlam canlının yetişdirilməsidir. İnsan görkəmini və zehni inkişafına görə çox-çox irəlidə olan yadplanetlinin mental qabiliyyətlərini mənimsəyən nəsil daha güclü, sağlam, insani duyğulardan uzaq və soyuqqanlı olacaq. Bu iddialarda əsas axtarmaq olar, belə ki, məhz bu məqsədlə tarix boyu hibridlərin əldə olunmasına çalışılıb. Çünki insan nə qədər güclü, zəkalı, dözümlü, hətta qəddar olursa olsun, yenə də müxtəlif duyğular daşıyır, emosional eniş-yoxuş yaşayır, qısası, bir ürəyə sahibdir. Təbii ki, böyük xəyalları və iddiaları olan insan yarıtanrıların axtarışı üçün hələ çox təcrübələrə əl atacaq, amma onun saydığı ilə fələyin hesabı həmişə üst-üstə düşməyə bilər. Allah ona şərik olmaq istəyənlərə daim aciz insan olduğunu xatırladıb. Yadplanetlilərə gəlincə isə, bu sadəcə bir iddiadır, icraat olduğu halda ilahi müdaxilənin də özünü gecikdirməyəcəyi şübhəsizdir. 


Şəfiqə ŞƏFA