adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Mart 2016 15:42
98254
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Yuxudan gerçəyə”

Dünyanın qara üzünə gedən yollardan biri də məhz qaranlığın süst aləmi - yuxulardan keçir. İnsanın gün ərzində gördükləri gecəyə qaralıb daha da təhrif olunmuş halda onu ağuşuna alır. Yuxu – hər birimizə yaxşı tanış olan bu proses illərdir elmi araşdırmalara hədəf olub, ədəbi süjetlər ərsəyə gətirib. Alimlər yuxunun elmi izahını veriblər, amma həmişəki kimi elmin izah edə bilmədiyi məqamlar da var ki, bu da bizə ilham verir və düzü, elə ən çox diqqət çəkən də yuxunun bu müəmmalı tərəfidir. 

Əvvəlcə yuxu haqqında elmi məlumatlara diqqət yetirək: insanlar həyatlarının təxminən 31%-ni yuxuda keçirirlər. Bu da 60 illik bir ömrün 20 ili deməkdir. Beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses sayılan yuxu bütün canlı varlıqlara öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün gərəklidir. Yuxu müxtəlif mərhələlərdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik. Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir. Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində heç bir yuxu görmürük. 



Qeyd etdiyimiz kimi alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlar tam olaraq aydınlaşdırılmayıb. Yuxu məsələsində Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə yuxunun ilahi bir mesaj olduğunu hesab edirlər. Elə ən dəqiq yuxuyozmaları da məhz şərqlilərə məxsusdur. İlk olaraq qədim misirlilər və ərəblər yuxuyozmaları haqqında kitablar yazmağa başlayıblar. Skeptik qərblilər yuxuya elmi cəhətdən yanaşmağa çalışsalar da, əslində Şərqdə tərtib olunan yuxuyozma kitabları əllərindən düşmür. Təbii ki, istisnalar da var. XIX əsrin sonlarında Amerikada Edqar Keysi adlı bir ekstrasens vardı ki, onun yuxusunda gördükləri zamanla öz təsdiqini tapıb. Adam I və II dünya müharibələrini, ABŞ və Avropa ölkələrindəki Böyük İflası (30-cu illərdən başlayaraq), SSRİ-nin qurulma və dağılmasının dəqiq tarixini yuxusunda görüb demişdi. O zamanın müasirləri yazırlar ki, E. Keysinin seansları üçün insanlar günlərlə növbə tutardılar. Hər birinin ekstrasenslə görüşü isə 15-20 dəqiqədən artıq çəkməzdi. O, bu zaman yatmış vəziyyətdə olsa da, içəri girən adamın kimliyini, xəstəliyini, dərdini elə yuxudaca deyirdi. Sonra problemdən çıxış yolunu göstərirdi, hətta dərmanının hansı aptekdə, hansı ölkədə, hansı həkimdə olduğunu da söyləyirdi. Alimlər bu fenomeni izah edə bilmirdilər.    

Yuxu da nağıllar kimi yüyrək olur, yəni yaşananlar olduqca sürətlə baş verir. Bir neçə dəqiqəlik yuxu əsnasında belə çox uzun davam etdiyini düşündüyümüz qəribə, çaşdırıcı və çox dəyişik hadisələr bir-birini izləyir. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər. Hətta rəngli yuxuları psixoloji problemləri olan insanların gördüyü barədə də iddialar irəli sürülür.

Kabus və ya qarabasma adı verilən yuxular da var ki, belə yuxular adətən normal yuxular kimi başlayır. Yatan insan hər hansı xoş bir hadisəni görür və birdən-birə yuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla əvəzlənir. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışır. Amma ya oyana bilmir, ya da oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür. Əsasən qarabasmaları tək yaşayan insanlar, xüsusilə də qadınlar görür. Bir çox qadınlar etiraf edirlər ki, onlar gözlərinə yuxu gedən kimi qarabasmadan öncə əvvəlcə sanki kişi tərəfindən əzizləndiyini hiss edirlər, xoşhallanırlar, sonra ağırlığını duyduqları bu varlıq onları boğmağa başlayır. "Qurban” onun əlindən çırpınaraq çıxmağa çalışsa da bacarmır, amma bütün bunların yuxuda deyil, gerçəkdə olduğunu zənn edir. "Qarabasma” sözü isə təsadüfi verilməyib. Türk tədqiqatçıları belə hesab edirlər ki, onu gerçəkdən görənlər də var və həmin varlıq həqiqətən də qara, tüstü kimi bir fiqurdur. Yatan adamın gözünü və boğazını sıxır ki, onu görə bilməsin, cəld tərpənən adam isə gözünü açıb baxarsa, qarabasmanı görə bilər. Bununla yanaşı qadınlar kişilərdən, daha maraqlı və romantik yuxular görə bilirlər. İngiltərədə edilən bir araşdırma qadınların kişilərdən daha çox kabus və romantik yuxular gördüyünü ortaya çıxarıb. 170 nəfər könüllü üzərində aparılan araşdırma zamanı kişilərin yalnız 30%-i kabus gördüyünü söyləyib.



Alimlər sübuta yetiriblər ki, yuxuların 90%-ı unudulur. Xoruldayan zaman isə yuxu görülmür. Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur. Bu, insanın yuxu vəziyyətində hərəkətlərini məhdudlaşdırmaq üçündür. Amma bunun əksi də mövcuddur. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər. Bu zaman onların yatdığını yalnız qeyri-adi hərəkətlərindən bilmək olar. İlk başda qəribə heç nə hiss olunmur. Amma müəyyən müddətdən sonra belə adamlar hücum etməyə, hətta öldürməyə də qadirdilər. Oyandıqdan sonra isə yuxuda müharibədə olduğunu və ya meşədə üstünə vəhşi heyvanın hücum çəkdiyini deyirlər. Belə adamlara xalq arasında "lunatik” deyilir. Amma bu insanların adının "ay”la əlaqələndirilməsi də təsadüfi deyil. Belə ki, haqqında mahnılar, şeirlər yazılan, adı gözəl qızlara verilən ay əslində insan üçün təhlükə saçır. Xüsusən də bütöv ay çıxdığında həmin gecə mütləq cinayətlərin artdığı, qorxunc yuxuların görüldüyü və lunatiklərin hərəkətə keçdiyi bildirilir. Onlar yatar vəziyyətdə ayıq olduqlarından daha qıvraq və güclü olurlar, sanki bədənlərini özləri deyil, başqa varlıqlar idarə edir. Nənə-babalarımız həmişə bütöv ay çıxdığında insanların bayırda olmamağını, aya çox baxmamağını məsləhət görərdilər. Haqlıymışlar. Ümumiyyətlə, xalq inancları zamanla həmişə öz təsdiqini tapıb. Sadəcə, bu inancları cahillik adlandırmaq yerinə, onları araşdırmaq, əlaqələndirmək lazımdır. Mütləq bir ucu həqiqətə bağlanacaq.

Yuxarıda qeyd etdiyim ki, yuxular həmişə qələm adamlarının ilham mənbəyi olub. İstər yerli, istərsə də xarici ədəbiyyatda  yuxu ilə bağlı, eləcə də yuxunun təsiri ilə yazılmış əsərlər mövcuddur. Yazıçı Tahir Kazımov ( "Taleyin qisməti beləymiş yəqin”, kitabın yarıdan çoxu yuxularla bağlıdır), Vaqif Sultanlı ("Ölüm yuxusu”), şair Səlim Babullaoğlu  ("Ədəbi yuxular”) əsərlərini misal göstərmək olar. Dünya ədəbiyyatından Edqar Allan Poenin yuxulardan təsirlənmiş mistik, Ernest Heminqueyin sürrealist əsərləri buna nümunədir. Bundan başqa, fransız yazıçısı Volter "La Henriade" əsərini, Merri Şelli isə "Frenkenşteyn və yaxud müasir Promotey” əsərini yuxuda yaradıb. 

Sonda qey edim ki, insanın yaxşı yuxular görməsinin onun öz əlində olması da qismən təsdiqlənib. Stressdən, dərd-bəladan uzaq olan insan gününü necə formalaşdırırsa, gecəsini də o cür tamamlayır. Xüsusən, yatmazdan qabaq əsəbiləşmək, qəmgin xatirələri vərəqləmək, qorxulu kinolara baxmaq, eynilə bu cür əsərlər oxumaq olmaz. Çünki insanın oxuduqlarının, yaşadıqlarının, gördüklərinin davamı mütləq yuxusunda canlanacaq. Odur ki, şirin və xoş yuxular!


Şəfiqə ŞƏFA