adalet.az header logo
  • Bakı -°C

85-Cİ BAHARIN GÖZAYDINLIĞI - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
92 | 2026-03-05 18:21
A- A+

Təbrik ovqatlı düşüncələr

Mənim üçün inandığım və əmin olduğum bir həqiqət var. Bu da hər bir qələm adamının özünü yazmağıdır. Yəni istər nəsr, istər nəzm sahəsi olsun, burada qələm çalan, oxucu ilə təmas quran hər kəs özünü və öz sözünü deyir, çatdırır. Sadəcə olaraq, deyim üslubları, həmçinin fikrin özü söz sahibinin istedad və qabiliyyətindən, həyat təcrübəsindən qaynaqlanır və ona da söykənir. 

Bu mənada yaradıcılığına bələd olduğum, imzasını zaman-zaman izləyib və həm yazıçı, həm də şair kimi dəyər verdiyim Şövkət xanım Zərinin kitabxanamda olan ədəbi nümunələri yurd niskili ilə, Qarabağ həsrəti ilə, yaşadığımız 30 illik Vətənsizliyimizlə bağlı ağrılar xatırlananda, necə deyərlər, ötən günlər göz önünə gələndə dərhal məni özünə çəkir. Bunun da iki səbəbi var. Təbii ki, bu səbəbi mən özüm üçün müəyyənləşdirmişəm. O səbəblərdən biri Şövkət xanımın da Vətəndə mənim kimi vətənsiz yaşamasıdır. Bir az da açıqlasam 30 il Cəbrayıla həsrət qalmaq, Horovlu kəndini ziyarət edə bilməmək niskilidir. 

İkinci səbəb isə Şövkət xanımın keşməkeşli həyatı və onun bu həyatdan misqal-misqal qopub sözə çevrilən yaradıcılığıdır. Çünki Şövkət xanım öz həyatında kifayət qədər sıxıntılar yaşamış yaradıcılarımızdan, aydınlarımızdan biridir. O, 1941-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində doğulub. Ona görə Sovet-Alman müharibəsinin də acılarından dadıb. Sonra həyat elə gətirib ki, ölkə hüdudlarından kənarda yaşayıb, işləyib. Bu da ona Şərq dünyası ilə təmasda həmin dünyanın özəlliklərindən və gözəlliklərindən  xəbərdar olmaqda bir vasitə olub. Və sonra da torpaqlarımızın işğalı, qaçqınlıq, çadır həyatı, bütövlükdə Cəbrayılsız, Horovlusuz illər...

Mən bu həyat yolu cizgilərini ona görə xatırlatdım ki, oxucu özüm üçün müəyyənləşdirdiyim iki səbəbin məğzini anlasın. 
İndi masamın üzərində olan “Salam, ömür” şeirlər kitabı ötən ilin sonlarında işıq üzü görüb. Kitabdakı şeirlər 5 bölümdə oxucuya təqdim olunur. Mən bir oxucu olaraq hər dəfə bu kitabı əlimə götürəndə qarşıma hansısa şeiri axtarıb tapmaq məqsədini qoymuram. Eləcə kitabı açıram və səhifələrdən mənə baxan şeiri oxumağa başlayıram. İndi də belə etdim. Açdım və oxudum:

Ümidim kəm, arzum bölük,
Ömür qısa, tale dönük,
Tək səndə gördüm böyüklük,
Biraz da rüsxət ver, Tanrım!

....................................

Əlinə yetişsin əlim,
Diz çöküb səcdə eləyim, 
Vətənsiz mən necə ölüm,
Biraz da rüsxət ver, Tanrım!

İlk və son bəndlərini təqdim etdiyim şeirdə mən vətənsizlik yaşamış bir oxucu kimi müəllifin səmimiyyətinə də inandım, o misralara yüklənmiş fikirləri də qəbul etdim. Hətta kəndimizin həsrəti ilə dünyasını dəyişən atamın, anamın hər gün Haramı düzündən üzü Ərgünəşə tərəf boylanıb ah çəkməsini də, öz ocağında torpağa qovuşmaq duasını da xatırladım. Biraz da qabağa gedib deyim ki, 1995-ci ildə yazdığım “Vəsiyyət” şeirimi də xatırladım. Orda vurğulamışdım ki, “üzümü kəndimə tərəf çevirin!”. 

Bu şeirin fikir tutumu oxucuya həm müəllifin öz yurd niskili ilə yanaşı, həm də bu torpağa ziyarətgah kimi, müqəddəs ünvan kimi qovuşmaq istəyini də sərgiləyir. 

Qollarım açılıb xəzan çağına,
Yenə də payızla qucaqlaşmışıq.
Qoşulub bozaraq küləklərinə,
Ömürdən gör neçə illər aşmışıq.

Neçə yol ötürüb qarlı qışı biz,
Neçə yol bahara salam vermişik.
Bəzən də sarılıb bir-birimizə,
Həsrətdən kövrəlib qəhərlənmişik. 

..................................................

Payız yarpağıdır son ümidlərim,
Neçə cür dərdimin yuvası onda.
Payızı əynimə elə geymişəm,
Yayda da gəzirəm payız donunda.

Bəli, üç bəndini oxuduğunuz bu şeir 2016-cı ildə Strasburqda kağıza köçürülüb. Ürək pıçıltıları və müəllifin Vətəndən uzaqda ömrün payızını vərəqləməsi bir-birinə sarılıb şeirə çevrilib. Və müəllif oxucuya xatırladıb ki, yayda da, qışda da eyni niskillə, eyni həsrətlə ümidi payız yarpağına çevirmək böyük dözüm, iradə və bir də özündə əminlik ifadə edən ümid tələb edir. O ümid ki, payızdan sonra qışın gəldiyini bilsək də bizdə yaza çıxacağımıza şübhə yeri qoymasın. Zənnimcə, elə bu ümid də təkcə Şövkət xanımı yox, bütün Azərbaycanı Böyük Zəfərə - 44 günlük Vətən Savaşına gətirib çıxartdı. Qələbəni xəyaldan, arzudan gerçəkliyə çevirdi. 

Kitabdakı ilk şeir əslində elə kitabın adıdır. Və mən bu şeiri oxuyanda özüm özümə sanki bir daxili hesabat verirəm. Çünki Allahın verdiyi ömür, zənnimcə, yüzəyüz öz ixtiyarımızda deyil. Lap konkret desəm, biz bəzən düşünmədən, fərqinə varmadan həyatımızda iynə ucu boyda da izi olmayacaq nəsnələrə, işlərə ömürdən zaman ayırırıq. Bu, israfçılıqdır, ömürə dəyər verməməkdir. Bax bu mənada deyirəm ki, ömür bütünlüklə öz ixtiyarımızda olmur. Amma düşünən, yazan, yaradan, qurub tikən aydınlarımız ömrün tutumunu da bilir, dəyərini də, qədrini də. Bax, Şövkət xanımın “Salam, ömür” şeirində mənim nəql etdiyim düşüncələrim poetik bir üslubda oxucuya xatırladılır. Şair yazır ki: 

Yaz ömrünü qış yaşayıb
Ağılar tökdük yollara.
Gözümüzdə yaş qovurduq
Şəhid düşən oğullara. 

Qürbət ovutdumu bizi?
İnada durdu zaman da.
İndi bizdən gedənləri
Axtarırıq əlim yanda.

Bəli, 1941-ci ilin mart ayında, Novruz bayramı günlərində dünyaya gələn Şövkət xanım indi ömrünün 85-ci ilini tamamlayır. Mən əzizim Şövkət xanımı bu münasibətlə təbrik edir və ona öz misraları ilə təbrikimi çatdırıram:

Davamız yoxdu ki, bəxti yazanla,
İstəyi vermirsə o, sənin olmur.
Hamının dərdinə uçub gedirsən,
Səni sənin qədər gəzənin olmur.

Bəli, Şövkət xanım, siz hamının, doğmalarınızın, çevrənizin, söz adamlarının həmişə hayına tələsmisiniz, yanında olmusunuz. Maddi, mənəvi dəstəyinizi onlardan əsirgəməmisiniz. Həm də yazmısınız, yaratmısınız. Deməli, 85-ə SALAM! - demək halal haqqınızdır. İnşallah, hələ qarşıda Cəbrayıllı, Horovlu günlərin yubileyləri sizi və sizi istəyənləri gözləyir.
 

 

TƏQVİM / ARXİV