AQİL ABBAS:SONUNCU POST (Kinossenari)

AQİL ABBAS
2777 | 2024-08-10 19:50

… Kadrda Komandirin evi, iki uşaq yerdə, gəbənin üstə oturub oynayır. Komandirin xanımı  paltar ütüləyir. Komandirin  Anası çay içir. Televiziyada  «Xəbərçi». Uşaqlar  səs-küy salır:

- Ay uşaq, ə,  bir səsinizi kəsin görək nə deyirlər də!

Diktor:

-  Axşamınız  xeyir!  "Xəbərçi"nin on yeddi buraxılışı

efirdədir.  Studiyada  Rüstəm Əbülfətoğludur.  Müdafiə   Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, cəbhə xəttində  sakitlikdi. Atəşkəs pozulmayıb. İndi isə günün  baş  xəbərləri.  Qarabağ  qaziləri...

Ana   əllərini göyə qaldırır:

- Allah, sənə şükür, bu gün  ölüm-itim yoxdu!

… Məkan dəyişir. Dağın zirvəsinə yaxın  Post. Zirvədə  Azərbaycan bayrağı. Səngər. Çovğun, külək it kimi  uluyur. Dizdən yuxarı qar. Əsgərlər səngərdə kürək-kürəyə  veriblər, yorğundular.

Komandir radioəlaqə ilə az qala bağırır:

- Mərkəz! Mərkəz! Mən Şahinəm! Mərkəz! Mərkəz! Şahinəm!

Qara:

- Komandir, özünü öldürmə! Görmürsən  ratsiya  donub?!

Komandir:

- Mərkəz! Mərkəz! Ə, ölmüsüz, cavab verin də! Ay it…

Qara:

- Komandir, söymə! Onlar ölməyib ey, biz ölmüşük!

Dağlaroğlu:

- Komandir! İndi bizi heç  Allah da  eşitmir! Çığırma, qoy yataq də!

Komandir onlara fikir vermir:

- Mərkəz! Mərkəz! Mərkəz!

Şair:

- Komandir, Dağlaroğlu düz deyir! İndi bizi Allah da  eşitmir. Sən Allah, qoy öldüyümüz yerdə ölək!

... Məkan dəyişir. Qərargahın rabitə  otağı, rabitəçi əsgər:

- Şahin! Şahin! Mən Mərkəzəm! Mən Mərkəzəm!

Mayor:

- Nə oldu?

- Yoldaş mayor,  bütün günü çağırıram, cavab vermirlər. Yəqin ki,  ratsiyaları xarab olub.

Mayor:

- Sən çağır. – sonra telefonu götürüb  zəng edir; - Yoldaş polkovnik, cavab vermirlər. Yox, yoldaş polkovnik, bu havada heç cür kömək göndərə  bilmərik. İki dəfə cəhd elədik, çovğun aman vermədi, əsgərlər yarıyolda qaldılar. Risq edə bilməzdim, qaytardım geri. Lap bir  batalyon da göndərsək hamısı bu tufanda yenə yarıyolda qalıb qırılarlar, altından  çıxa bilmərik.

Telefondakı səs:

- Mən tufan-mufan bilmirəm. Əsgərlərin yolda qalacağından qorxursansa, özün qalx!

Mayor:

- Qalxaram, yoldaş polkovnik. Mən ölsəm düzələr?!

Telefondakı səs:

- Gərək ki, sənin də oğlun var.

Mayor:

- Bəli, yoldaş polkovnik.

Telefondakı səs:

- Universitetdə oxuyur?

Mayor:

- Xeyr, yoldaş polkovnik. Əsgərdi, vallah, özü də Murovdadı!

Telefondakı səs:

- Elə fikirləş ki, sənin oğlun da  onların arasındadı. Anlada bildim.

- Bəli, yoldaş polkovnik.

Telefondakı səs:

- Elə isə indi sənə əmr edirəm, qalx oğluyun  və oğlanlarıyın yanına!

- Baş üstə, yoldaş polkovnik!- sonra yenə əsgərə  müraciət edir: - Çağır, oğlum, çağır!

 

***

 

... Məkan dəyişir. Səngər, əsgərlər soyuqdan, şaxtadan bom-boz bozarıblar, əlcəklərini  çıxarıb əllərini hovururlar. Komandir  Şairi  öpür, Qaranı  dürtmələyir:

- Sizə qurban olum. Kişisiz ey, kişi!

Bayaqdan dillənməyən və avtomatını qucaqlayıb dişi-dişinə dəyərək sitildəyən Bakılı Balası:

- Komandir, belə getsə kişiliyimiz o söz!

... Məkan dəyişir. Erməni postu. Bayraq. Dağın ətəyindədi. Postların arası bir güllə məsafəsi. Ermənicə danışırlar. Tonqalları yanır. Amma onlar da  yorğun və düşkün, şaxtadan sitildəyirlər. Tonqalın istisinə qızınmağa çalışırlar.

Əsgərlərdən biri:

- Belə getsə hamımız donacağıq.

Başqa bir əsgər:

- Özlərinin balaları Yerevanın saunalarında kef eləyir, bizim kimi yetim-yesirlər də  dağlarda, dərələrdə  tülkü kimi qırılırıq. Müharibə bir il olar, iki il olar.

Zabit əsəbiləşir:

- Axmaq-axmaq danışmayın. Biz əsgərik! Əsgərin də borcu vətən yolunda ölməkdi.

Əsgər:

- Vətən uğrunda ölər də, daha türklərin  bu dağlarında yox.

Zabit:

- Bu dağlar türklərin deyil, bizimdi.

Əsgər:

- Babalarımızı da bu nağıllar  öldürdü, atalarımızı da. İndi də bizi.

Zabit:

- Kəsin səsinizi, küçüklər!

Əsgər:

-  Komandir, səsimizi kəs deyirsən, kəsək, amma kömək gəlməsə  qırılacağıq, yanacaq da qurtarır.

Zabit:

- Gətirəcəklər. Ratsiya işləməsə də, vəziyyətimizi  bilirlər. Siz necə ermənisiz?

Əsgər:
- Şaxtaya nə erməni, müsəlman!

Əsgər o biri əsgərdən soruşur:

- Türklərə kömək gəldi?!

- Yox!

Zabit:

- Gələ də bilməz! Heç bizə kömək gələ bilmir. Gör onlar hardadı, ora qalxmaq olar? Qoy donub qırılsınlar it uşaqları. Bu gecə o postu götürəcəyik. Sonra on gün  evə, sevgililərinizin yanına.

… Məkan dəyişir. Dərədən ağır-ağır bir yük maşını  yuxarı qalxır. Erməni əsgəri sevinclə:

- Komandir, bax, bizimkilər gəlir!

Zabit:

- Dedim kömək gələcək?! Bir az geciksəydilər hamınız vətən xaini olmuşduz. Amma inanmıram bura qalxa bilsinlər. Qalxsalar qəhrəmandırlar! – bu vaxt maşın dayanır; - Gördüz?!

… Məkan dəyişir. Ermənilərin maşını qara batır. Sürücü mühərrikə nə qədər güc versə də, təkərlər boşuna fırlanır, maşın yerindən tərpənmir. Erməni  əsgərlər maşını itələyib batdığı yerdən çıxarmağa çalışırlar. Mümkün olmur, yorulurlar.

Erməni serjant (ermənicə):

- Bu maşın posta  çıxan deyil. Şey-şüyləri götürün, burdan o yana piyada, marş!

Əsgərlər çantaları  maşının banından yendirirlər və qara bata-bata posta  dırmaşmağa başlayırlar.

Kadrda ermənilərin tonqalı.  Əsgərlər öpüşüb görüşürlər, çantaları boşaltmağa başlayırlar.

… Məkan dəyişir. Bizim əsgərlər  ermənilərin  tonqalına elə baxırlar, sanki  Qarabağ yanır. Qara dişini-dişinə qıcayır, pulemyota tərəf  qalxır, heç kim əhəmiyyət vermir. Qara pulemyotu  ermənilərin tonqalına tərəf tuşlayır, donmaqda olan  əllərini  hovurub tətiyi çəkir. Yanan güllələr havada uçuşur. Pulemyotun  şaqqıltısı  küləyin  səsinə  qarışır və  dağlarda əks-səda  verir.

Güllələr hədəfə dəyməsə də, ermənilər özlərini ora-bura atırlar.

... Ermənilər özlərinə gəlib cavab  atəşi açırlar.

... Komandir Qaranın üstünə atılır və çəkib  onu pulemyotun  üstündən  götürür:

- Ə, neynirsən itoğlu! Sabah komandirlər bizi minəcək. Hələ ATƏT-i demirəm.

Qara burnunu çəkə-çəkə:

- Sənin Atətiyin də, komandirləriyin də...

Bakılı Balası:

- Dünya dağılmadı ha! İtuşağı atəşkəsi hər gün on dəfə pozur, heç kim onlara gözün üstə qaşın var demir.  Qoy bir dəfə də  desinlər ki, atəşkəsi biz pozmuşuq.

...  Məkan dəyişir. Erməni postu. Atəşin dayandığını görən erməni zabiti:

- Bəsdi, saxlayın! Onsuz da donub ölürlər, bu gecədən çıxmayacaqlar. Sabah bax, o bayrağı  qoparıb bu ayaqqabılarımı  siləcəm.

Əsgərlərdən biri:

- Komandir, Allah qoysa de!

Komandir:

- Allah qoysa da siləcəm, qoymasa da!

 

***

...  Məkan dəyişir. Bizim post. Qaranın sifətində qan qalmayıb. Komandir  onun ayaqlarını  soyundurur, möhkəm-möhkəm ovxalayır, sonra öz sinəsini  açıb Qaranın ayaqlarını  sinəsinə sıxıb üstünü  örtür. Qara xoşhallanır.

Komandir:

- Dədəm-nənəm sizə qurban, yatmayın! Yatsanız, donub öləcəksiniz. Ana-bacılarımızın xətrinə! - Bayrağı göstərir: - O Bayrağın xətrinə! Yatmayın!

Bakılı Balası:

- Komandir, bəlkə nağıllardakı kimi barmağımızı kəsib duz dolduraq?!

Komandir əsəbi:

- Lazım gəlsə, barmaqlarınızı özüm kəsəcəm, amma qoymayacam yatasınız.

Komandir sonra flyaqasını çıxarır, əvvəlcə Qaraya bir qurtum içirir, sonra verir  uşaqlara:

- Bircə qurtum! İkinci qurtum ölümdü!

Hərə bir qurtum içir, sonra flyaqanı Komandirə qaytarırlar. Komandir də içmək istəyir, bir flyaqaya baxır, bir uşaqlara, içmir.

Komandir:

- Bir az da dözün. Çovğun bir az kəsən  kimi  kömək  gələcək.

Görmədiz, ermənilər bizdən nə qədər aşağıda, dərədədilər, amma maşınları çıxa bilmədi, batıb qaldı. Dözün! Kömək gələcək! Mütləq gələcək! Yatsaq, hamımız donnub ölərik, ituşaqları da postu götürərlər.

Dağlaroğlu:

- Komandir, vallah döyüşdə ölsəm heç uf da demərəm! Amma indi partlayıram. Axı mən  niyə burda donub ölməliyəm?! Biri var deyələr Dağlaroğlu şəhid oldu, biri də var deyələr donub öldü!

Və qalxır ayağa, səngərdən çıxmaq istəyir:

- Çıxıram gedəm, cəhənnəm olsun hamısı...

Komandir:

- Sən öl, bircə  addım  atsan səni  deşik-deşik  edərəm,  köpəyoğlu! – və atılır Dağlaroğlunun üstə, çəkib  salır səngərə və başlayır yumruqlamağa, üz-gözün qana boyayır. Dağlaroğlu ağlayır.

Komandir onun başını  sıxır  sinəsinə:

- Ağlama, qurban olum, ağlama! Sən mənim  balamsan! Balam! Ata kimi vurdum.

Dağlaroğlu da Komandirin boynunu  qucaqlayır, sonra  donmaqda olan uşaqlara  baxıb deyir:

- Məni   bağışlayın, qardaşlar. Hirsimdən oldu. Bir  qələtdi   elədim. Mən sizi heç düşmən   qabağında tək qoyub gedərəm!

Sonra Dağlaroğlu uşaqları bir-bir bağrına basır:

- Bu canım sizə qurbandı.

Komandir  yenə bir-bir  uşaqlara baxır. Şairin  üz-gözünü  qarla möhkəm-möhkəm ovur, sonra  barmaqlarının ucu ilə təmizləyir:

-   Ə, küçük,  demirəm  yatma?! Yatsan donub  öləcəksən! Ə,  sən  nə   cür müsəlmansan, ağzımda bir «Quran»lıq söz danışıram,  yenə eşitmirsən. Yatma da, küçük!

Qara:

-  Komandir, sabah axşam televizordakı xəbərlərə bu gün baxa  bilsəydim, dərdim olmazdı.

Komandir:

- Ə, nə boş-boş danışırsan? Sabah axşamkı xəbərlərə  bu gün baxmaq olar? Özü də nəyinə lazım?!

Qara:

- Heç,  bilərdim ki, bu gecə  donub ölmüşük, ya yox.

Uşaqlar güclə də olsa Qaranın bu sözlərinə gülümsəyirlər.

Komandir də gülümsəyir:

- Darıxma, sabah axşam hamımız bir yerdə televizorun qabağında çay içə-içə baxıb görərik donub ölmüşük, ya yox!

Bu zarafatdan bir az qıvrığı açılan Bakılı Balası  burnunu çəkə-çəkə  soruşur:

- Komandir, sən canın, o Artist qızın axırı nə oldu ey...

Komandir:

- Deməli, belə. Bir də gördüm telefon özünü  cırır. Götürdüm. Gördüm bu. Dedi, axşam bizə gələrsən. Ürəyim düşdü  ayaqlarımın  altına. Vay dədəm, vay! Məni evə çağırır?.  Getdim  Axund  hamamına. Qəşəng-qəşəng çimdim. Üzümü yaxşı-yaxşı qırxdırdım.

Şair:

- Təkcə üzünü?

Bakılı Balası:

- Ə, tərbiyən olsun.

Komandir:

- Hə, üzümü yaxşı-yaxşı qırxdırdım, çıxdım oturdum bir taksiyə, dedim, qədeş, sür Yasamala. Bazarla üzbəüz, beşmərtəbəli bina var ey, bax orda  üç otaqlı  lüks evi vardı. O kinodan sonra bir prokuror bağışlamışdı.

Şair:

- Bəs prokurordan qorxmadın?

Komandir:

- E, prokuror qoca kişiydi. Zəngi basdım. Əvvəl-əvvəl qapının deşiyindən baxdı...

Komandir gördü  Qaranın gözləri  yumulur, dürtmələdi:

- Qara, ay Qara!

Qara hövləndi:

- Atırlar?

Komandir:

- Bir də yatsan təpənə  elə bir qapaz salacam,  gözlərin   düşsün   ovcuna!- flyaqanı uzatdı ona:-  Ala,  bir  qurtum  al, əvvəlcə ağzını  yaxala, sonra iç.

Qara bir qurtum alıb flyaqanı qaytarır.

Şair:

- Komandir, bir qurtum da mənə.

Dağlaroğlu:

- Mənə də bir qurtum.

Komandir onlara  vermir:

- Qələteləməyin, siz hələ dözə bilərsiz.

Bakılı Balası:

- Ə, bir dayanın də. Hə, Komandir, sonra nə oldu ey?

Komandir:

- Qapını  açdı.  Suyun içində, əynində  xalat. Xalatın  yuxarı  düymələri açıq, məmələri də yarı çöldə. İslanmış  saçları şəlalə kimi tökülüb məmələrinin arasına...

Şair:

- O da qırxdırmışdı?

Bakılı Balası:

- Ə, demədim tərbiyən olsun.

Şair:

- Saçlarını deyirəm də, niyə hirslənirsən?

Komandir söhbətini kəsdi. Uşaqların qanı donmuş sir-sifətlərinə baxdı, sonra boynundakı  şərfi  çıxarıb  bir neçə  yerə böldü, payladı  uşaqlara:

- Alın, ağız-burnunuzu örtün.

Uşaqlar:

- Bəs sən?

Komandir:

-Mən  Sibirdə bundan da  pis  şaxta  görmüşəm. Tüpürürdük, havada donurdu.

Uşaqlar  şərflə  ağız-burunlarını  örtdülər.

Bakılı Balası:

- Hə, Komandir,  məmələri  yarı  çöldəydi,  saçları  da  şəlalə  kimi   tökülmüşdü məmələrinin arasına…

Komandir:

- Hə,  məmələri  yarı  çöldə,  saçları  da  şəlalə  kimi   tökülüb məmələrinin arasına. Dünya gözəli qız ola, özünüz kinoda görmüsüz də,   mənim kimi  görməmiş kənd uşağı! Elə dəhlizdə qamarladım ey...

Şair dişləri şaqqıldaya-şaqqıldaya:

- Komandir, mən ölüm, sən ona heç nə  eləməmisən.

Komandir:

- Necə qamarladımsa…

 

(ardı var)

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV