Deməli, hələ ki Qarabağ ermənilərinin lideri Araik Aratunyan Kəlbəcərin və Ağdərənin kəndlərini gəzir, ermənilər üçün yeni qəsəbələr saldırır, evlərini tikdirir. Qısası, özünü Dağlıq Qarabağın prezidenti kimi aparır. Bəlkə yalan deyirəm?
Amma Kəlbəcərin icra başçısına hələ Kəlbəcərə getməyə icazə vermirlər. Eləcə də olsun Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının, Şuşanın, Xocalının, Xocavəndin icra başçılarına.
Ağdamın icra başçısı Vaqif Həsənov bircə dəfə Ağdama getdi, öz kəndlərinə də getdi, dərhal trollara tapşırdılar ki, söyün, təhqir edin Vaqif Həsənovu. Yüz faiz bu tapşırıq Ermənistandan gəlməmişdi, elə bizdən verilmişdi.
Deməli, sülhməramlıların köməyi ilə ermənilər Qarabağın Azərbaycan kəndlərində tiknti işləri aparırlar, infrastruktur qururlar.
Bizə isə müharibədən altı ay keçməsinə baxmayaraq, nəinki öz ev-eşiyimizi tikməyə icazə verirlər, hətta ziyarət etməyə qoymurlar.
Deyəcəksiniz minalanıb. Başqa rayonları deyə bilmərəm, Ağdam şəhərini başdan-başa iki dəfə gəzmişəm. Evimizə-eşiyimizə də getmişəm.
Ay hökumət, icazə ver gedim evimizi tikim də! Mən və mənim kimilər getsinlər evlərini tiksinlər, hökumətə də yük düşməsin də.
Buna da Rüstəm Muradov icazə verməlidir? Əgər o icazə verməlidirsə deyin, ona müraciət edək.