adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Sentyabr 2022 18:14
196
SİYASƏT

Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq, səmərəli fikir mübadiləsi aparılıb 

Bu gün Türkiyə səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.

Səfər çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib.

Tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Toplantını giriş sözü ilə açan Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb.

Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb:

“Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin cari ilin may ayında qardaş ölkəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və onların dəstəyini hiss edirik. Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdlərdən biridir”.

COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da mütəmadi xarakter aldığını vurğuladı.

Teymur Musayev müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edib:

“Ölkəmizdə ilk dəfə təşkil olunan “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” bunun bariz nümunəsidir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətlə davam edəcək və bu forum investorlar üçün yeni imkanlar yaradacaq”.

Sonda Teymur Musayev birgə tibb biznes forumunun ənənəvi olacağına ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Fahrettin Koca vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir.

Türkiyəli nazir səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcüdluğunu diqqətə çatdırıb. Fahrettin Koca xatırladıb ki, cari ilin may ayında “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” imzalanıb. Yol Xəritəsinin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan Türkiyənin səhiyyə naziri imzalanan sənədin ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını xüsusilə vurğulayıb.

Çıxışının sonunda Fahrettin Koca azərbaycanlı həmkarını cari ilin oktyabrında İstanbulda keçiriləcək Türk Tibb Dünyası Konqresinə dəvət edib.

Qeyd edək ki, Türkiyə səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə ikigünlük işgüzar səfəri çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.