Elə bir dövrə çatmışıq ki, Həzrəti İsa nümunəsi zəiflik sayılır.
Bir üzünə sillə vurulanda o biri üzünü çevirmək nadanlıq, qorxaqlıq kimi qələmə verilir.
Müasir dövr insanlığın elə bir halına şahidlik edir ki, ikinci silləyə boyun əymək sənin bəşəri insanlığından deyil, xarakter zəifliyinin nümunəsidir.
Bir yaxşılığa ikiqat yaxşılıq, bir pisliyə ikiqat pislik həyatın qayəsidir.
Ya da ən yaxşı halda İsa kimi bir üzünə sillə vurulanda o bir üzünü çevirməkdənsə, İslam peyğəmbərinin qana qan, dişə diş tezisi müasir dövrə daha uyğundur.
Birinci sillədən sonra ikinci silləni gözləmək elə haqqı nahaqqa qurban vermək, elə şeytana çevrilməkdir.
Məşhur filmdə deyildiyi kimi insanlar sənə hörmət etməlidir. Bu iki halda olur: ya səni sevərək hörmət edirlər, ya da qorxaraq. Sevərək hörmət etmirlərsə, gücündən istifadə etməlisən. Güc anlayışı isə müxtəlif sahələrdə müxtəlif yönlərə qədər uzana bilər.
Yaxud hörmətsiz qalmaqdansa, tarana getmək daha yaxşıdır. Nə olar, olar...
Bir praktik nümunə bunların həyatımda görmüşəm:
Oktyabrın ilk günləridir, Füzuli-Xocavənd istiqaməyindəyik. Ardıcıl minamyot, top mərmiləri düşür. Baş qaldırmaq qeyri-mümkündür. Bakıdan çıxmamış belə bir eyforiya yaranmışdı ki, erməni bizi görən kimi qaçır. Əlbəttə, təbliğat, ruh yüksəkliyi üçün bu cür də lazım idi.
Bəziləri üçün bununla qarşılaşmaq, mərmilərə qonaq olmaq şok effekti yaratdı. Rabitəylə əlaqəyə çıxdılar ki, bəs, bizi vururlar.
Batalyon komandiri polkovnik-leytenant da qayıtdı ki; onlar vurur, siz də vurun. Erməni mərmi yerinə sizə çiyələkli çay göndərməliydi?!
İndi əzizlərim, bu dünyadasınızsa sizə hörmət etməlidirlər. Ya sevgiylə, ya da qorxaraq. Güc hesabına. Başqa yolu yoxdur. Bu dövlətlər arasında da belədir, fərdlər arasında da.
Birinci sillədən sonra o biri üzünüzü çevirsəniz sizi çiyələkli çaya qonaq etməyəcəklər, sizi qorxaq, nadan, zəif sayıb ikinci, üçüncü...sillələri sayacaqlar.