İncinin təbəssümü - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
216 | 2025-01-30 10:02

FƏRHAD FƏRHADLInın xatirəsinə

 

Mənə elə gəlir ki, ötən əsrin 90-cı illərində dünyaya gələnlər fərqli oldular. Bir başqa cür ağladılar dünyaya gələndə.Yaşadığımız ağrıları ana bətnində duydular bəlkə...Bəlkə də o illərin ağrı-acısı vardı göz yaşlarında...

8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olan Fərhad da fərqliydi. “Uşaqlıqdan fərqliydi, Qarabağ hadsələriylə bağlı  verilişlərə, ya“Fəryad” filminə baxanda çox kədərlənirdi, suallar verirdi. “Ata, niyə ermənilərə heç nə eləmirik? Onlar bizdən çoxdu ki?”- deyə soruşardı. “Darıxma, bizim əsgərlər də döyüşəcək, torpaqlarımızı alacaq bir gün” deyirdim.Bilmirdim ki, ürəyində əsgər olmaq, torpaqları azad etmək  arzusuyla böyüyür.2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olarkən aprel döyüşlərində iştirak etmişdi. Həqiqi hərbi xidmətdən sonra magistr təhsilinə davam etdi, ailə qurdu. İşlədi. Həyatı qaydasında idi. Amma torpaqların işğalda olması ilə barışmırdı. Polad Həşimovun ölümü sarsıtdı onu. Elə o vaxtdan könüllü yazılmışdı. Dəyərli oğul idi. Hər yerdə hörmət qazanmışdı. Çox sadiq dostları var. Onun şəhid xəbərini iş yoldaşları bizdən əvvəl öyrənmişdilər, Füzuliyə də onlar getmişdi. Ən böyük arzusu ailəsini də, başqalarını da xoşbəxt görmək idi. Bilirəm ki, indi ruhu şaddır, çünki Vətəni xoşbəxtdi. Özüm də o işğal günlərinin ağrısıyla yaşayırdım. Bizi bu ağrıdan qurtardı Fərhad kimi oğullar. Bundan sonra qoy hamı firavan günlər yaşasın.”- dedi Birinci Qarabağ savaşının könüllüsü, o illərin bütün ağırlıqlarını yaşayan Vüqar Fərhadlı.

Nəsrəddin Tusi adına 12 nömrəli Sumqayıt şəhər tam orta məktəbinin məzunu olan Fərhad Vüqar oğlu Fərhadlı  Azərbaycan Neft və Sənaye Universitetində menecment ixtisası üzrəbakalavr təhsili alır.

Sonra qardaşı Fəridlə birlikdə həqiqi hərbi xidmətə yollanır.

“Biz heç ayrılmazdıq. Həmişə yanımda olub. Beyləqanda N saylı hərbi hissədə də bir yerdə xidmət keçmişdik. Mənə qardaş, dost, sirdaş idi. Hər işdə onunla məsləhətləşərdim, bölüşərdim. Mənim üçün nümunə şəxsiyyət idi. Elə də yaşadı. Hər şeyə öz zəhməti ilə nail olmuşdu. Mənim üçün qəhrəman idi, qəhrəman da oldu.”- dedi Fərid Fərhadlı.

Həqiqi hərbi xidmətdən sonra  Azərbaycan İqtisad Universitetində Biznesin təşkili və idarə olunması ixtisasıüzrə  magistraturaya qəbul olunur. 2020-ci ildə magistr təhsilini başa vurur.Pandemiya dövrünə təsadüf etdiyindən  diplomu2022-ci ildə valideynlərinə təqdim olunub.Taleyin belə acısı da olur. İndi onun xatirə guşəsində heç vaxt görmədiyi magistr diplomu da var...

“ 21 sentyabr... Səni son gördüyüm tarix. Ürəyimcə görüşmədim səninlə. Sanki işə gedirmiş kimi yola saldıq səni. Gələcəksənmiş kimi...Həyatımız elə qaydasında gedirdi ki. O qədər yaxşı tamalayırdıq ki, bir-birimizi. Saatlarla gözəl söhbətlər edirdik. Biz təkcə ömür-gün yoldaşı deyildik səninlə, dost idik axı... Fərhad, sən mənim üçün hər kəsi və hər şeyi əvəz edə bilən idin. Amma indi hər dəfə İncinin əlindən tutanda, onu qucaqlayanda sənsiz necə tək qaldığımızı hər saç telimə, damarımda axan qana qədər hiss edirəm. Yanımızda nə qədər bizi sevən, dəstək olan insan olsa da, bu yarımlığı, tənhalığı hiss edirəm. Zaman ayaqda durmağı öyrədir, ağrıları azaltmır, yaraları sağaltmır. Sənsiz çətin yox, çox ağırdır. Səninlə birlikdə hər şey bitdi:həyat eşqi, ürəkdən gülümsəmə, sevinmə, hər şey... Fərhad, bizi keçmişimizə sürgün etdin, gələcəklə yox, keçmişlə yaşayırıq. Hər şeyə rəğmən mən hər addımda səni düşünürəm, hər qərarımda sənin nə düşünəcəyini düşünürəm. Dəyişən təkcə cismənyanımda olmamandı. Allah mənə sənin qarşına üzüağ çıxmağı nəsib etsin. İndi arzum budur”. Bunlarıseçib-sevdiyi, 2017-ci ildə ailə qurduğu həyat yoldaşı Gülşən xanım yazıb. Oxuyursan, oxuyursan, sevincin qarşısında boynubükük olursan ... Sevənlərinə doğmalarına heç nə demək olmur əslində.Ağrı var ki, təsəlli vermək yersiz görünür.

 “24 oktyabr qızının doğum günündə yanında olmağı arzulayırdı. O günü səbrsizliklə gözləyirdi.“Gedə bilməsəm də eybi yox, azad olunan torpaqlar da qızıma hədiyyəmdir.”-deyib döyüş yoldaşlarına...

Vətən sevdalı Fərhad tərəddüd etmədən 2020-ci il 21 sentyabrda hərbi təlimlərə qatılıb. Müharibənin ilk günündən azadlıq və ədalət savaşının əsgəri olub.

 Şagird, tələbə olanda da, işləyəndə də fərqlənib Fərhad. Savadı, mənəvi dünyası, davranışı, məsuliyyəti ilə fərqlənib. Müəllimlərin, yoldaşlarının sevimlisi olub. Birincilərdən olub. Zəhmətkeş ailədə böyüyən Fərhad öz zəhməti ilə nail olub hər şeyə. İş həyatına Gilan holdinqdə başlayıb, sonra Kapital bankın Nəzarət departamentində çalışıb. İndi Kapital bankın Sumqayıt filialı da, yaşadığı küçə də Fərhad Fərhadlı adınadır.

“Vətən uğrunda”, ” Xocəvəndin azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Cəbrayıl, Füzuli, Xocavənd uğrunda döyüşlərdən keçdik. O,  qəhrəman idi. Sanitar təlimçinin məsuliyyəti böyükdü. Çox çətindir yaralıları daşımaq, onlara ilk tibbi yardım göstərmək. Təkcə bir döyüşdə 12-dən artıq yaralını xilas etdi. Bircə an dayanmırdı, onları güllə, qəlpə yağışından çıxarırdı. Arada xəstələnmişdi, hərarəti yüksək idi, döyüşdən çıxa bilərdi, amma getmədi. Sona kimi yanımızda oldu. O həm də bizə ruh verirdi, qələbəyə inandırırdı. Yaralılarda da yaşam inamı yaradırdı. Bunlar çox önəmlidir. Oktyabrın 20-də Füzulinin Gecəgözlü kəndi uğrunda çətin döyüşlər idi. Fərhad özünü itirmir, həm döyüşür, həm şəhidləri təhlükəsiz yerə aparır, yaralılara tibbi yardım göstərirdi. Nə qədər yaralıya kömək etdiyini heç dəqiq deyə bilmərik. Onlarla əsgəri xilas edib. Çox qorxmaz idi. Hər oğul elə çətin döyüşdə yaralıları döyüş meydanından çıxara bilməzdi. O bacarırdı. Həmin gün artıq 3 nəfəri xilas etdi. 4-cü yaralının köməyinə çata bilmədi...-belə söylədi döyüş yoldaşı Füzuli Mayılov...

“ Fərhad dünyaya gələndə atası döyüşdəydi. Vüqar atasını iki aylıq olanda itirib, ona görə demişdi ki, oğlum olsa, atamın adını qoyun. Babasının adını ləyaqətlə daşıdı qəhrəman balam. Geyindi, keçindi, quş kimi uçub getdi, elə bil müharibəyə getmir. O qədər bu günü gözləyirdi. Zəng edəndə də çox rahat, sakit danışardı. O heç vaxt çətinlikdən qorxmazdı, şikayət etməzdi. Son dəfə 19-da danışdıq. Ürək-dirək verdi, sevinclə dedi ki,ana, Qubadlıya gedirik, orda bayrağı özüm qaldıracam. İgid bala böyütmüşəm. Nə deyim? Nə deyəcəyimi də bilmirəm. Elə bil bütün sözləri də özü ilə aparıb Fərhad...”-Gülminaz xanımın səsində kədərlə qürur yarışır elə bil.

Yazını yazarkən Fərhadınsağlığında qızı iləolan görüntülərini izlədim, şəkillərə baxdım. Sevinc yağan görüntülərdən bütün duyğularım alt-üst oldu...
Bir də sonrakı şəkillər... Müharibənin dəhşəti haqqında əsərdi hər şəkil. Heç bir yazıçının heç vaxt yaza bilməyəcəyi bir əsər.Şəkillərdəki nurlu təbəssümlü atası ilə şəkil çəkdirib İnci.İnci də gülümsəyir. Bu təbəssüm qədər hansı silah dağıdar dünyanı?Təbəssüm bu qədər ağır olarmı? Bu qədər yaralayarmı insanı?

Daş üzərindən boylanan atası kimi qürurla dayanıb İnci.Sevincin dərdli göz yaşı da olurmuş...Kim silə bilər ki?
Bu göz yaşıyla sərvəti, var-dövləti, gözəlliyi başına bəla olan Azərbaycan illər, əsrlərdi yaşam mücadiləsi edir . Qurbanlar verir. Şəhidlərin ruhu dolaşır hər qarışında.
İncisə hələ şəhidliyin nə olduğunu anlamır.
İllər ötəcək, O, atasızlığın kədərini yaşayacaq.Nə qədər gülümsəyəcək, nə qədər gözləri dolacaq, ağlayacaq, bilmirəm... Amma bilirəm ki, o qürurlu duruşunu, üzündəki təbəssümü bir gün anlayacaq. Yenə də qürurla gülümsəyəcək. Anlayacaq ki, o,tariximizə qələbə yazan qəhrəmanın övladı,qalib ölkənin vətəndaşıdır.

 

TƏQVİM / ARXİV