adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AYRILIQ BİR DƏNİZMİŞ...

FƏRİDƏ RƏHİMLİ
54220 | 2015-01-31 09:39
Gənclik illərimizin bir çox ədəbiyyat, mədəniyyət, sənət adamları vardı ki, öz yaradıcılıqları ilə yaşamımıza müsbət aura qataraq gələcək haqda düşüncələrimizə stimul verirdilər. Bu insanlardan biri də həm şeirləri, həm ssenariləri ilə xüsusi seçilən Vaqif Səmədoğlu idi.
İnsanın daxilində kin-küdurət, paxıllıq, naqislik olmayanda daha rahat yaşaya bilir və başqalarına da içindəki işıqdan, nurdan pay düşür. Belə insanlar cismən qocalsalar da, ruhən hey cavan qalırlar və bu gənclik həvəsi, həyatsevərlik onların hərəkətlərində, yaşam tərzində, ətrafdakılara münasibətlərində aydın hiss olunur. Vaqif Səmədoğlu az-az ədəbiyyat adamlarından idi ki, hər iki dövr insanlar tərəfindən sevilirdi. Gənclərin ona xüsusi hörməti, sayqısı hər an duyulurdu. Dəfələrlə "Kulis.az"ın gənc jurnalistlərinin ondan götürdüyü səmimi müsahibələri oxumuşam. Yaşadığı mühitdə bütün nəsil insanlar tərəfindən sevilmək hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir və bu pay onun qismətinə düşmüşdü. Gənclər onu sonuncu mogikan, ədəbiyyat fədaisi adlandırdılar. Bu qədər, həm də yaradıcı insanların sevgisi hər kəsə nəsib olan deyil.Gənc yazar Şəhriyar Del geraninin onun haqqında söylədiklərindən:
Vaqif Səmədoğlu bizim cavan nəslin əksəriyyətindən daha gənc, daha koloritli idi...
Nə bilim, hələ nə ağlaya bilmişəm bu itkiyə, nə də kövrələ. Böyük bir boşluq... Sonuncu xoş görüşümüzü belə xatırlayıram: hərbi xidmətdə olanda yanıma gəlmişdi, xeyli zarafatlaşdıq. Elə bilirəm ən gənc dostlarımdan biri gedib yanımdan. Ruhu şad olsun...
Məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olması, Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alması, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışması, Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri, işləməsi, poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyəti, Azərbaycanın Milli Məclisinə deputat seçilməsi, Azərbaycan Respublikasının Xalq Şairi, "Əməkdar İncəsənət Xadimi", "İstiqlal" ordeni, "Şərəf" ordeni, "Humay" mükafatı laureatı olması, "Nəsimi" mükafatı...... heç biri bu insanın sadə xarakterində dəyişməyə səbəb olmadı.
Şairi yaşadan ən böyük nemət hər zaman etiraf etdiyi kimi, əzəli-əbədi mövzu olan məhəbbəti: "Gözəl xanım dünya siyasətindən qat-qat maraqlıdır" deyirdi şair və "İnsanda ilk məhəbbət olur, hamımız keçmişik ondan. Bir də son məhəbbət olur. Bax bu son məhəbbətdən qorxuram. Çünki bilirəm ki, ən iztirablı ilk məhəbbət səadətdir, amma ən uğurlu son məhəbbət fəlakətdir. Ona görə də bir rahat ölüm istəyirəm, bir də son məhəbbətin olmamasını. Olsa da, olsun da..." deyirdi.
Ölümcül xəstəliyi də mərdliklə yola verdi, ölümü də zarafatla qarşıladı. Xanımının söylədiklərinə görə, ölümündən bir az əvvəl "Ölürəm" deyib, amma xanımın qoxduğunu görüb göz vurub ki, zarafat edirəm...
Onun bu ağır xəstəliklə yubileyində iştirakını gözləmirdilər. Gəlişi çoxlarına sürpriz oldu. Son dəfə yubileyindəki çıxışında varlığında yoxluğunu hiss etdirdi şair. Hər kəs bu görüşün onunla vida görüşü olduğunu bilirdi...
Vaqif Səmədoğlu yazdı, yaratdı, sevildi. Amma şairin dediyi kimi, "nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaq..."
... Halıma yanan gərək, səsin düşəndə yada
Ötən günləri qoru, yaxşı bax, vermə bada.
Ayrılıq bir dənizmiş,
sən uzaq, yaşıl ada...

TƏQVİM / ARXİV