adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: KƏLBƏCƏRƏ QAYIDAN KÖÇ

AQİL ABBAS
24292 | 2021-06-09 14:25

Bütün gəncliyim Kəlbəcərdə , İstisuda,Taxtada, Yüzbulaqda, Dəlidağda keçib. Və həmişə yaylağa gedəndə qarşımıza köç  çıxardı və o köç ki üzü  Kəlbəcərə gedir. Onda maşınlar, indi Bakıda tıxac olan kimi,  tıxaca  düşürdü. Eləcə də qayıdanda. Köçlə üzbəüz düşmək yorucu  və dilxorçu deyildi. Maşını  saxlayırdın, onlar gəlib keçirdi, amma  köçlə  üzbəüz düşməyəndə hətta birdən atam  çobanlarla  dalaşırdı ki,  yolu açın.

Amma bizə ləzzət edirdi.

Dünən Kəlbəcərə gedən köçləri gördüm. Uşaqlığımı, gəncliyimi  yaşadım.  Kaş o köçlərin   arxasınca düşüb düz o yaylaqlara qədər gedəydik dedim və gedəcəyik də.

Və sonda. Olmuş bir hadisədi. Ağdamın milis rəisi, prokuroru, hərbi komissarı Urus bulağında yeyib-içəndən  sonra  geri qayıdarkən  köçlə  rastlaşırlar.

Prokuror deyir:

- Ə, əlinizi atın, bir dənə qoyun götürün.

Qapını açırlar və əl atıb bir qoyun götürürlər. Və «qoyun» bunları  parçalayır. Və məlum  olur ki, milis rəisinin götürdüyü qoyun yox, çoban iti imiş.  Və bir müddət də  xəstəxanada  müalicə olundular.

O qədər arzulayıram ki, mənim də başıma gəlsin...

 

TƏQVİM / ARXİV