Azərbaycanda tutulları, adları, medalları, nişanları çox sevirlər. İnsanın tanıtımında bu atributlar əhəmiyyətli rol oynayır. Dini adların spekulyasiyasından tutmuş, sənət adlarının, elmi adların əməlli-başlı insan həyatının təsəllisinə çevrildiyini bizim məmləkəttə hər məqamda müşahidə edə bilirsən. Fəxri adlar almaq üçün dövlətdən inciyən onlarla alimi, müğənnini, peşə adamını, yazıçını, rəssamı tanımışam. Hacı titulunu adının qabağına hörənlərin çoxu ibadətini axsadır, professor, akademik olanların çoxu yaradıcılıq vərdişini itirir, xalq artisti adını qamarlayanların çoxu arxayınlaşaraq hansısa yeni sənət nümunələrini ortaya qoymağı düşünmürlər. Böyük əksəriyyət axirətə aparmaq üçün xeyli mənasız kitab makulaturası, dəmir medalcıqlar, ayrı-ayrı qurumların üzvü kimi fəxri təltiflər toplayır və müəyyən bir yaş hüdudlarında tükəndiyini dərhal büruzə verir.
Azərbaycan elminin, sənətinin, siyasətinin, mənəvi sferasının artezian quyularının yanında azsaylı, qurumayan, həmişə axmağa bir cığır saxlayan bulaqların da nümunəsi az-çox təsəlli yerimizdir. Bu qurumayan bulaqlardan biridir Şirməmməd Hüseynov. Ömrünün 90-cı ilinə qədəm qoymuş bu Azərbaycan ziyalısı ilahi mənada Yaradanın verdiyi biliyin, düşüncənin, ərdəmin zəkatını haqqıyla vermiş sayıla bilər. O, dürüst bir universitet müəllimi olmuş, yalnız aşıladığı bilgi ilə deyil, müəllim davranışı ilə də yüzlərlə tələbənin faydalı insan obrazının biçilməsinə təsir göstərmişdir.
Elə buradaca durmaq olardı və bu, Ona sayğı üçün ömrün sonunadək kifayət edərdi. O, öz peşəsinin ustadı səviyyəsinə qalxacaq bir media bilgini idi, bununla da yüzlərlə qəzetçinin etalon olaraq müəyyənləşdirdiyi dəyəri qazanmışdı. Lakin o, burada da durmaq şansını istifadə etmədi. Azərbaycan türkcəsində bir-birinə yaxın olduğu qədər də dərin mahiyyət fərqi olan iki felin mövcudluğunda doğru istiqamət götürə bildi. Bunlar "Qayğısına qalmaq” və "Həsr etmək” felləri arasında seçim idi. Şirməmməd müəllim tələbəsinin, oxucusunun, ailəsinin, tanıdığı-tanımadığı Azərbaycan vətəndaşının qayğısına qaldı və bəlkə də bununla kifayətlənmək ona qarşı cəmiyyətdə eyni sayğınlığı qoruyacaqdı. Lakin yenə də həmin məqamda durmaqdan imtina edərək həyatını, biliyini "Həsr etmək” mərhələsinə yönəltdi. Bu, ayrı bir fövqəladə ibadət sayıla bilərdi.
Yaşamımızda, mövcudluğumuzda, millətə çevrilməyimizdə, dövlət qurmağımızda misilsiz haqqı olan Məhəmməd Əmin Rəsulzadənin haqqını qaytarmağa özünü, biliyini həsr etdi. Kimlərin nə cızıb-pozduğunu bir tərəfə qoyun, bu millətin tarixində Məhəmməd Əmin Rəsulzadə nəhəngliyində, yəni özündə bir neçə əvəzsiz dəyəri birləşdirən şəxsiyyət tapmaq çətindir. Dövlət adamı, ictimai xadim, doğru din və tarix şüuruna sahib, yetkin nəzəri biliyi, ədəbi düşüncəsi və ömür yolunun hansısa anına şəxsiyyətini əzdirməmiş bir insanın üzərimizdə ödənilməsi mümkün olmayan haqqını tanıtım mübarizəsinə girdi. Bunu şüarlarla, çağırışlarla etmədi, əsərlərini, fikirlərini tarixin, arxivlərin tozlarında təmizləyərək düşünməyimiz, öyrənməyimiz üçün qarşımıza qoydu. Məhəmməd Əmin Rəsulzadənin tapılması mümkün olan bütün irsini topladı, çevirdi, şərh etdi, nəşr etdi, təbliğ etdi. Düşündükmü, öyrəndikmi, fərq etməzdi - bu Onu ümidsizləşdirərək işindən, hədəfindən ayırmadı, "mənə qiymət verin!” deyə çığır-bağır salmadı, sanki hər dəfə Rəsulzadənin yeni cildi nəşr olunanda özü-özünə özündən razılıq yaratmayacaq qiymətlər qoymağa başlayırdı. Daha bir şeylər tapmaq, daha bir şeyləri tanıtmaq, dayanmadan, durmadan çalışmaq üçün bu qiymətləndirmə forması bəlkə də bitməyən, tükənməyən enerji qazandırırdı Ona. İnsanın özünün özünə qoyduğu qiymətdən obyektiv hansı meyar ola bilər ki? O zaman özünü Həsr edə bilirsən ki, başqalarının qiymətləndirməsinə aldanmırsan, aludə olmursan, tamarzı qalmırsan.
Ötən il Azərbaycanın xilaskarı və haqqını hələ də görməzdən gəldiyimiz Nuru Paşa ilə bağlı bir tədbir keçirəndə, irəliləyən yaşını nəzərə alaraq iştirakını düşünməsəm də, hörmət əlaməti olaraq belə bir tədbiri keçirəcəyimzi zəng edərək bildirdim. Hamıdan öncə gəlmişdi. Bakının işğaldan azad olunması hadisəsi ilə bağlı o qədər dəyərli çıxış etdi ki, hər kəsi aydın zəkası ilə heyrət içində buraxdı. Xüsusilə də 1919-cu ildə ingilislər tərəfindən Batumda həbsdə saxlanan və edam cəzasına məhkum edilən Nuru Paşanın Azərbaycan hökumətinin göndərdiyi komandoslar tərəfindən qaçırılmasının detallarını çatdırması hamının marağını çəkdi.
Tariximizin birinci müstəqillik dövrünə bu qədər tükənməz sevgi daşıyıcısı olan bu cür tədqiqatçının varlığına necə sevinməyəsən? Ona görə də hər gün titullarını, vəzifələrini qoruyucu paltar kimi əyninə geyib daşıyan, həm də dövlətdən, cəmiyyətdən qayğı, pul, Fəxri Xiyabanda yer gözləyən personalarla müqayisədə 90 yaşının həndəvərində belə öz haqqını unudaraq Rəsulzadənin, Həsən bəy Zərdabinin, Üzeyir bəyin və daha kimlərin haqqını qaytarmağımızın vacibliyini bizlərə xatırladan Şirməmməd müəllimin obrazını daha aydın görə bilirsən. Məhz aydın görə bildiyim Şirməmməd Hüseynov obrazı azsaylı Azərbaycan Aydınının obrazıdır...