adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bəyannaməni Ermənistan yox, Rusiya yerinə yetirmir - Aqil ABBAS yazır

AQİL ABBAS
327 | 2022-12-04 09:00

10 noyabr Bəyannaməsində tərəflərin üzərinə şərtlər qoyulub. Və indi hamımız düşmüşük Ermənistanın üstünə ki, bəyannamənin şərtlərini yerinə yetirmir. Əslinə baxsaq görərik ki, bir-iki maddədən başqa Ermənistan üzərinə götürdüyü şərtləri yerinə yetirib. Açıq qalan dəhliz məsələsidi, kommunikasiya məsələsidi.

Deyə bilərsiz ki, şərtlərdən biri də o idi ki, Ermənistan öz Silahlı Qüvvələrini Qarabağdan çıxartsın, amma hələ çıxarmır. Əslində isə bu missiya Rusiya sulhməramlılarının üzərinə düşür, erməni silahlı birləşmələrinin ərazidən çıxarılması onların vəzifəsidi. Onlar isə öz üzərilərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə Ermənistanın Qarabağdakı Silahlı Qüvvələrinə təlimlər keçib, Laçın dəhlizindən gətirilən silah-sursata təchiz olunmasına göz yumur, öz missiyasını yerinə yetirmək əvəzinə Qarabağda ermənilərə nökərçilik edir, ev tikir, yol çəkir, kilsə tikir, day nə bilim nə qələt edir. Maddələrdən biri o idi ki, qaçqınlar öz doğma yurd-yuvalarına qayıtsınlar. Bugünədək hələ bir azərbaycanlı qaçqın da öz doğma yurd-yuvasına qayıda bilmir. Amma sülhməramlılar qaçqın olmayan erməniləri də Ermənistandan maşın-maşın Qarabağa daşıyır.

Ağdamdan Şuşaya 37 km yol hələ də bağlıdır. Məcbur olub Fizulidən Şuşaya 85 km yol çəkmişik. Əslində isə sülhməramlılar şərait yaratmalı idilər, onların müşayiəti ilə Şuşa yolu istifadə olunmalı idi. Eləcə də Ağdərə-Kəlbəcər yolu. Hərdənbir bir-iki yük maşını buraxırdılar, o da Qarabağdakı erməni milislərin yekə-yekə yoxlamasından sonra. Bu vəzifə sülhməramlılarının üzərinə düşür, Qarabağdakı erməni milislərin yox. Yenə də məcbur olub Toğanadan Kəlbəcərə gediş-gəliş çətin olan yol çəkirik, tunellər çəkirik. Və bu yolda baş verən qəzalardan da xəbərimiz var. İndi də qış düşüb, gediş-gəliş lap çətinləşib. Qışın qarında-qiyamatında bu yoldan istifadə təhlükəlidir. Bəyannamənin şərtlərinə görə, Kəlbəcər, Laçın və Ağdam rayonları tam azad olunmalıdı. Amma bu şərt də yerinə yetirilməyib. Ağdamın da, Laçının da, Kəlbəcərin də bir çox kəndləri sülhməramlıların nəzarəti altındadır və bizləri ora buraxmırlar.

Kəlbəcər necə azad olunub ki, Azərbaycanın Aşıq poeziyasının klassiki, görkəmli aşıq və şair Dədə Şəmşirin doğulduğu və son məskəni olduğu Ağdaban kəndi hələ də işğal altındadır.

Demək olar ki, son zamanlar hər gün Qarabağdakı erməni silahlı qüvvələri Ağdamı, Şuşanı, Füzulini atəşə tutur. Sülhməramlılar isə yalnız müşayiət edir. Hələ bilmək olmaz, bəlkə mərmiləri də, silahları da elə sülhməramlılar özləri verirlər.

İçi mən qarışıq yazırıq ki, sülhməramlıların komutanı, adı da yadımdan çıxdı. Putin eşitmir. Yəni Putinin qol çəkdiyi bəyannaməyə əməl etmir. Boş söhbətdi. Putin eşitməsə, Çar baba dartıb o generalın xayalarını çıxardıb özünə yedizdirər.

Qarabağda nə baş verirsə, bütün məsuliyyəti şəxsən Putin daşıyır. Üzdə bir cür, arxada başqa cür hərəkət edir. Belə olmasa Vardanyanı ora göndərməzdi və müəyyən səlahiyyətlər verməzdi. Arayik kimdir ki, Vardanyana səlahiyyət verə?! Arayik də Moskvanın, Putinin əmrlərini icra edən bir adamdı.

Qarabağda dişə vurmağa bir rus yaşamayıb. Amma indi Qarabağda rus icmaları yaranıb. Ruslar üçün kilsə tikilir, qəsəbə salınır, erməni qızları ilə rus əsgərlərinin toyları təşkil olunur və sair və ilaxır. At gəldi örkən apardı, it gəldi çarıx. İstədim yazım ki, rus gəldi örkən apardı, erməni gəldi çarıx. Qorxdum, yazmadım ki, birdən Qarabağdakı sülhməramlıların xoşuna gəlməz. Mən də tez-tez Ağdama gedirəm, tapşırarlar ki, onu bu şəhərə buraxmayın.

Rusiya planlı şəkildə Qarabağı 1988-ci ilə qaytarıb. Əvvəl mitinqlər, sonra müharibə. O vaxt komutan Volski idi, indi isə, hə, adı yadıma düşdü, general Volkovdu.

Ümid yenə qalır Ali Baş Komandan İlham Əliyevə, onun dəmir yumruğuna və Azərbaycan əsgərinə.

Tanrı Azərbaycan əsgərini qorusun!

Tanrı Ali Baş Komandanı qorusun!

 

TƏQVİM / ARXİV