ƏDƏBİYYATIN ƏYRİ GÜZGÜSÜ

FİRUZ MUSTAFA
26491 | 2015-05-26 01:11
Bu, bəlkə də ən çox bizim camaata (istəmirəm ki, xalq, yaxud millət yazım) xas olan bir cəhətdir. Məsələn, qonşu elə bilir ki, onun bütün bədbəxtəiyinin baiskarı öz qonşusudur.
Siyasətçilərimizə elə gəlir ki, onların birinci düşməni elə eyni bir düşərgəni paylaşdıqları partiya və onun rəhbərləri, tərəfdarlarıdır.
Alimlərimiz belə zənn edir ki, onların əsərlərinin dünyaya səs salmasına öz yaxın alim dostları mane olur.
Müğənnilərimiz belə hesab edir ki, onların istedadının qabağına diyirlənən ən böyük kötük elə onların öz yaxın həmkarlarıdır.
Yox, mən düşünmürəm ki, bu, hamıya xas olan keyfiyyətdir. Və elə bu səbəbdən də məcburam ki, adları yuxarıda sadalanan sənət, peşə sahiblərinin dediyimiz məziyyətlərini səciyyələndirərkən əvvələ bir "bəzi", "bir çox" sözlərini əlavə edim.
Bəli, camaatımızın bəzi, bir çox nümayəndələri öz bədbəxtliklərinin əsl səbəbkarını nədənsə uzaq-uzaq ölkələrdə yox, elə öz qonum-qonşuları, dost-tanışları arasında axtarırlar.
Elə qələm əhlimiz də bu cür düşünür; onların, necə deyərlər, bir çoxu öz düşmənlərini "özününkülərin" arasında axtarır.
Amma arada bir balaca fərq də müşahidə olunur. O fərq də ondan ibarətdir ki, əhli-qələm digər sənət və peşə sahiblərindən fərqli olaraq düşmənlərini təkcə öz müasirləri və qonşuları arasında yox, bəzən bir az uzaqda, bəzən də keçmişdə axtarmağı xoşlayırlar. Hətta, gələcəyə də baş vuranlar var; zira o günləri bir şair ətrafındakıları inandırmağa çalışırdı ki, dünənki istedadların evini filankəs yıxırdısa, bu günkü istedadları onun övladı məhv edir və guya ki, sabahkı istedadları da həmin övladın sabah irəli gedəcək övladı məhv edəcək. Belə çıxır ki, bizdə istedadları məhv etməyin yolları barədə xüsusi metod hazırlanıb.
Mən fatalist deyiləm. Məndə heç Nostradamus və Vanqa istedadından da bir zərrə yoxdur. Sabah nə olacağı barədə heç nə deyə bilmərəm.
Amma bu günün bəzi hadisələrini və adamlarını görürəm və məəttəl qalıram. Öz-özümə deyirəm ki, ilahi bu bəzi bəndələrinə ağıl versən heç də pis olmazdı. Əslində Allah hamıya ağıl verib, sadəcə o ağıldan necə istifadə etmək haqda təlimat verməyi məsləhət bilməyib; biz yuxarının işinə qarışa bilmərik ki.
Sözümün canı var: indi "gündəm" deyilən bir şey dəbə düşüb və həmin o gündəm deyilən şeydə qalmaq üçün bəziləri və bir çoxları min bir oyundan çıxırlar. Və bu oyunda təkcə qonum-qonşu yox, hətta, bəzi ailələrin üzvləri belə, gündəmi zəbt etmək üşün dəridən-qabıqdan çıxırlar; ər arvadını, arvad da ərini nələrdəsə suçlayır.
Amma bu söyüşün radiusu bəzən o qədər genişlənir ki, məsələ az qala, bəzi alimlər demiş, qlobal mahiyyət kəsb edir.
Mənim başqa sənət sahibləri ilə bir işim yoxdur.
Öz işləridir.
Sözüm yazı-pozuya iddialı olanlar haqqındadır. Yox, heç onlara da qətiyyən ağıl, tövsiyyə, məsləhət vermək fikrində deyiləm. Sadəcə məqsədim bəzi mətləbləri xatırlatmaqdır. Bir-bir deyim.
İndi az qala ədəbiyyatımızın, mədəniyyətimizin tarixində öz yeri olan, gözədəyən, nəzərəçarpan simaların hamısı "bütün cəbhə boyu" sürəkli atəşə məruz qalmaqdadır.
"Arqumentlər" müxtəlifdir: Nizami, Xaqanı, Məhsəti niyə farsca yazıb? Şah İsmayıl Xətai, Cahan Şah Həqiqi niyə hökmdar olub? Abbasqulu Ağa Bakıxanov niyə dinə inanıb? Mirzə Fətəli Axundov niyə ateist olub? Mirzə Cəlil və Mirzə Ələkbər nə üçün yalnız satirik əsərlər yazıb, bəyəm bu xalqın yaxşı cəhəti olmayıb? Cavid və Hadi nə üçün romantik ruhlu əsərlər yazıblar, bəyəm bu xalqın bir naqis cəhəti olmayıb? Nə üçün Səməd Vurğun "Leninin kitabı", Bəxtiyar Vahabzadə "Leninlə söhbət" adlı poemalar yazıb? Hələ Lenini qoyaq bir kənara, nəyə görə Üzeyir bəy "Stalin" kontatası, Müşfiq "Stalin" poeması yazıb? 37-ci ildə yetkinlik yaşı çatmış şair və yazıçıların bir çoxu güllələndiyi halda, niyə digər bir qismi o qovğalardan sağ-salamat çıxıb?
Sonra.
Biri deyir ki, niyə bizdə realist ədəbiyyat inkişaf etmir, bir başqası isı haray-həşir qoparır ki, bizdə postmodernizmi (və təbii ki, postmodernistləri) gözümçıxdıya salıblar.
Təbii ki, başqa cür zadlar da var. Bir qism hər yerdə hər şeyin çox gözəl olduğunu, başqa qism isə hər şeyin hər yerdə pis olduğunu söyləyir.
Mən bir zad demirəm. Heç də hamı eyni cür düşünməli deyil. Amma düşüncə bir az düz olmalıdır axı. Klassiklərdən diri deyib ki, ədəbiyyat-həyatın güzgüsüdür. Güzgülər də cürbəcür olur və heç də bütün güzgülər əyri olmur.
Gündəmdə qalmaq istəyənlərin bir çoxu nəinki ədəbiyatı əyri güzgü kimi təsəvvür edir, hətta o əyri güzgünün də üstünə qara rəng yaxır və ya onu vurub sındırırlar.
Gəl indi, əyri, sınıq, qara rəngli güzgüdə həyatın əksini axtar.

TƏQVİM / ARXİV