adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Ermənilərlə qucaqlaşmaq sindromu -Emin Piri yazır

Emin Piri
438 | 2021-12-20 22:56

Nicat adlı çavuşumuz vardı. Ali təhsilli, savadlı, ədəbiyyat sevdalısı. Dünyagörüşü yetəri qədər çox idi. Söhbətim tutan insanların önlərində gəlirdi.Müharibədə ən çox şirin zarafatlar edib problemlərdən uzaqlaşdıranlardan idi. Beynimiz dincəlirdi. Füzulidə qırğın gedirdi, bu qayıtdı ki, axırda bizi ermənilərlə düşmən edəcəklər. Özümün etmədiyi zarafatlar qalmamışdı, amma onun zarafatı qəribə gəlmişdi. Sonradan bu qəribə zarafat çətin anlarımızda bizi güldürürdü. 

Müharibə bitən gecə qayıtdıq ki, müharibə bitməsəydi, az qala ermənilərlə azərbaycanlılar düşmən olacaqdı...

 

Sözümün canı odur ki, zaman gələcək, bizi düşmən etdilər deyənləri addımbaşı görəcəyimizi bilirdik...Addımbaşı kosmopolit dərsi keçib, bəşəri sevdadan danışıb döyüşçüləri qınayanlar da olacaq. Döyüşçüləri düşmənlik yaradan səbəbkarı görənlər də...Acımasız olsa da bu belədir, uzaq yox, yaxın illərdə...

 

O uşaqda günah yoxdur. Əməli pis olsaydı da yenə qınamaq olmaz. Məsələ bu tamaşaya senari yazanlardadır.

 

Bəli, birgəyaşayışa məcburuq, başqa yolu da yoxdu. Amma Bakıda birgə yaşadığımız səbəbindən hər adamı qucaqlamağa məcburuq? Hələ azərbaycanlı olsa belə...

 

"Günəbaxanlar" filmi var. Sofi Lorenin əsas rollardan birini oynadığı. Sevgilisi rus çöllərində çətin durumda olarkən rus qızı bunu xilas edir. O da əvəzində onunla evlənir. İllər sonra bunu tapan Sofi deyir ki, təşəkkür də edə bilərdin, hökmən evlənməyə məcbur idin?

 

İndi sülh naminə və.s. "təşəkkür"lər də mümkündür, amma buna görə roma papasından daha artıq katolik olmağa ehtiyac yoxdu.

 

Bəzi şeylərlə zamanla adiləşə də bilər. Amma zamansız xoruz ötmələri də bəzən boğulan meymun və balası əhvalatına çevrilə bilər. Kütlə "tanrıları" üçün qurban tələb edə bilər.

 

Bu anlayışla sabah müəllimlər erməni həmkarlarıyla "qucaqlaşsa", sonra jurnalistlər, sonra şair-yazıçılar desə ki, hamı edir biz də "qucaqlaşaq"...Sonrasa hərbçilər də postlarda...

 

Burda məsələ o günahsız qızcığaz deyil, onun simasında senaridədir.

 

Yaxın zamanda bu məsələdə ən birinci hökm verəsi adamlar varsa, şəhid ailələri, əsgərindən ali baş komandanına kimidir.

 

Yoxsa məktəblərdə vətənpərvərliyi öyrət, orda bunu yaz istəkləri, səngərdə vətən sakarya deyimləri, amma bahalı arenalarda bəşəri sevda söyləmləri təzaddır...Bu barədə əsas sözü, hökmü deyəsi adamlar yuxarıda qeyd etdiklərimdir.

 

Əslində, şair kimi düşüncələrim və.s bir çoxundan daha bəşəridir. Buna əminəm. Amma elə şeylər var ki...Heç olmasa o torpaqlarda camaatın balasının qanı qurusun, sonra deyin də. Qan qurusa da göz yaşı qurumaz o ayrı məsələ..

 

Onsuz da Gürcüstanın istirahət mərkəzlərində, Rusiyada xeyli "sevgi nümayişi" etdirənlər var.

 

O filmdə olduğu kimi buyurun yaşaya bilərsiniz də deyə bilərik, hökmən "sevməyə" gərək yoxdu.

 

O məsələni isə böyütməyə gərək yox idi, nə də bu boyda müzakirəyə...

 

Uşaqlar çikolata da yeyə bilsin, böyüklərinsə bu məsələdə səhv etməyə ixtiyarı yoxdu. Yoxsa uşaqlar o çikolatadan məhrum olar...Soyuq başla ...

 

Hə, onu deyirdim, axırda bizi ermənilərlə düşmən edəcəklər?!

TƏQVİM / ARXİV