adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GENERAL - Aqil ABBAS yazır

AQİL ABBAS
1118 | 2022-09-04 21:10

Çox böyük rütbədir. Bir generalın yetişməsi üçün dövlət nə qədər xərc çəkir. Və nə qədər də vaxt lazımdır, adi əsgərdən başlamış pillə-pillə leytenanta, general olana qədər.

Biz tələbə olanda axşamlar gedərdik Nizami küçəsinə. Hər axşam müəyyən saat müddətində general formasında İbrahim Əhmədov bu küçədə gəzişərdi. Adamlar ehtiramla ona yol verərdi. Əslində çox adam, elə biz tələbələr kimi, onun gəzdiyi vaxtı dəqiq bildiyindən generala tamaşa etmək üçün həmin vaxt Nizami küçəsində olardı. Ağır-ağıryana bir kişi idi, elə ağır-ağır da gəzirdi. Məşhur jurnalist (o vaxt məşhur deyildi) İlqar Əlfioğlunun dayısı idi.

Ağdamda Ədalət həkim vardı, general, daxili işlər naziri Arif Heydərovun əmisi oğlu idi. Həftədə, ayda əmioğlusuna kənd matahı göndərərdi. Kənd matahı da nə olur – motal pendiri, quzu, kənd çolpası, yumurta, Qiyaslı qaymağı, ya da nübar mer-meyvə.

Bir dəfə həkimin oğlu Akiflə qatarda bir gəlirdik, dostum idi. Ağcabədinin Bayat kəndindən Nazim də bizlə idi, o da Akiflə Xalq Təsərrüfatı İnstitutunda bir yerdə oxuyurdu.

Səhər qatardan düşəndə Akif dedi ki, atam əmimə pay göndərib, kömək eləyin aparaq. Gəldik Arif Heydərovgilə. Qapını xanımı açdı, Akifi qucaqlayıb öpdü, bizimlə də görüşdü, paylarını keçirtdik otağa, qayıtmaq istədik xanım buraxmadı. Dedi, səhər-səhərdi bir stəkan çay için. Utana-utana keçdik otağa. Səhər süfrəsi açıq idi. Bu vaxt yan otaqdan Arif Heydərov çıxdı. Düzü səksəndik, qalxdıq ayağa. Gəlib o da Akifi qucaqladı, hal-əhval tutdu, sonra bizimlə də görüşdü, dedi əyləşin.

Süfrədə nə vardı – pendir, yağ, yumurta, hə, bal da vardı. Utana-utana yedik.

Generalın evindən çıxanda Nazim təəccüblə dedi:

- Ə, qaqa, bunlar da bizim kimi pendir-çörək yeyir.

Güldük. Düzü, mən də elə bilirdim ki, generalların səhər süfrəsi nəsə ayrı cür olur.

Bu gün Azərbaycanda ləyaqətli, şərəfli generallar çoxdur. Öz zəhmətilə pillə-pillə yüksələn generallar və öz vəzifəsini general adına layiq icra edənlər. General olanda da sadəliyini, səmimiyyətini itirməyənlər. Məclislərdə, küçələrdə, toyda, yasda generallığını gözə soxmayanlar. Neçə-neçə belə general tanıyıram.

Və bir də general adını ləkələyənlər də var. Son zamanlar müxtəlif sahələrdə çalışan bir neçə general həbs olunub. Mətbuatda oxudum ki, dünən Müdafiə Nazirliyində İdarə rəisi işləyən general-mayor Bəkir Orucov da saxlanılıb. Görün vəzifəsi nə imiş? Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi. Saxlanılma səbəbini yazmayıblar. Amma görün nazirliyin mənəvi-psixoloji təminat İdarəsinə kim rəhbərlik edirmiş? Onun mənəvi cəhətindən əsgər və zabitlər nə örnək götürürmüş? Hələ bir müddət də Hərbi litseyin rəisi olub, minlərlə tələbə, daha doğrusu, zabit yetişdirib. İndi Bəkir Orucov da generaldı, Hikmət Mirzəyev də, Polad Həşimov da…

Nə isə. General tutulanda nədənsə çox pis oluram. Çünki tutulanlar general adını ləkələyirlər.

Sonda. Vaxtım olanda general Arif Heydərovdan bir xatirə də yazacam.

TƏQVİM / ARXİV