adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

KƏRİM KƏRİMLİ, SAĞ ƏLİN BAŞIMIZA! - Aqil ABBAS yazır

AQİL ABBAS
744 | 2024-05-09 11:53

Kərim Kərimlini yalan olmasın 999 ildir tanıyıram. Gözəl şairdi, tədqiqatçıdı, sədaqətli dostdu və ən vacibi Vətəndən ötrü ölümə gedən oğlandır. 

Ömrünü də Qarabağın azadlığı uğrunda əridib. Hələ Şuşa işğal altında olanda  bilmirəm Avropanın hansısa missiyası ilə doğma Şuşaya da getmişdi. Gələndə mənə də İsa bulağı  suyu  və xeyli də Şuşa torpağı gətirmişdi.

Özü də qəribə adamdı. Bir dəfə ABŞ-a gedirdi, çıxarıb 100 dollar verdim ki, uşaqlarına nə isə al. Bu ağılsız da qayıdanda  mənə 100 dollarlıq  bir köynək hədiyyə gətirmişdi. Mən də xeyli danladım. 

Uzun müddət bir yerdə işləmişik. «Ədalət» qəzetində şöbə müdiri idi. Və Qarabağla bağlı ən gözəl yazılarını da  «Ədalət»də çap edirdi. Mənə də qarabağlıların dili ilə  «midir» deyirdi. Deyirdim mən sənin  dostunam, midirin deyiləm. Deyirdi onsuz da işdən sonra  sənə «Aqil» deyirəm. 
İndi Kərim Kərimli mayın 9-da 32 il bundan əvvəl çıxdığı Şuşaya dönür. Şuşada ilk ev alanlardandı. Dünyanın ən xoşbəxt adamlarından  biridi və bəlkə də birincisidi. 

Sevincinə şərik oluram, Kərim, yolun  açıq və sağ əlin də bizim başımıza olsun.

Gələcəm Şuşaya, səninlə yenə 32 il əvvəl çay içdiyimiz çayxanada çay içməyə. Bir də ayaqyalın Cıdır düzündə gəzməyə. 
 

TƏQVİM / ARXİV