Dünən rusların Sevastopolun şimal-qərbində yerləşən iri aviasiya bazasında partlayış olub. Yerli Teleqram-kanalların yaydığı məlumata görə ard-arda yanğınla müşayət olunan güclü partlayış səsləri Belbərk aerodromunun yerləşdiyi rayonda çox aydın eşidilib və əhali arasında güclü panika yaradıb.
Son günlər Krımın strateji hərbi obyektlərində baş verən partlayışlarla bağlı xəbərlər intensiv xarakter almaqdadır. Avqustun 9-da “Saka” aerodromundakı rus hərbi bazasında törədilmiş və səbəbi indiyə kimi xeyli mübahisələr doğuran ard-arda partlayışlarladan sonra yarımadadakı hərbi obyektlər Ukrayna ordusunun daimi hədəfinə çevrilib. Rus-ukrayna müharibəsinin hələ ki ən gözlənilməz sürprizlərindən və müəmmalarından biri hesab olunan “Saka” “perfomansları” bəlkə də nə vaxtsa bu davanın dönüş nöqtəsi olaraq qiymətləndiriləcək.
Ukrayna silahlı qüvvələrinin arsenalında Krımdakı hədəfləri vurmaq imkanına malik raketlər olmadığı üçün bu hücum ekspertlər arasında xeyli çaşqınlıq yaratdı. Heç kim aerodromun Ukraynanın yerli istehsalı olan “Olxa” raketiylə vurulması versiyasını ciddiyə almırdı. Çünki məsafənin uzaqlığı və “Olxa”nın dəqiqlik əmsalı bunu apriori mümkünsüz edirdi.
Bəs aerodromu kim və hardan vurub? Sualın dəqiq cavabını Ukrayna yetkililərindən başqa heç kim bilmir, həmin yetkililərin müdrik susqunluğu isə müxtəlif fantastik versiyaların yaranmasına rəvac verirdi. New York Times qəzeti Krımın Ukraynanın öz istehsalı olan raketlə vurulması versiyasını irəli sürür, digər bir nüfuzlu ABŞ qəzeti Washington Post isə özünün Ukrayna hökumətindəki anonim mənbələrinə istinadən bunun xüsusi əməliyyat qüvvələri döyüşçülərinin, yəni partizanların işi olduğunu iddia edirdi.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə, “ görünür, siqareti lazım olan yerdə çəkməyiblər” – deyə məsələyə orijinal münasibət bildirmişdi. Bu atmaca zahirən rəqibi ələ salmaq cəhdi kimi görünsə də, əslində sualın cavabından yayınmaq məqsədi daşıyırdı. İlk ağla gələn versiya bu idi ki, nazir, sadəcə, ABŞ-dan gələn yeni raket sistemləri ilə bağlı danışmaq istəmədiyi üçün söhbəti yayındırmaqla məşğuldur. Məlumdur ki, ABŞ başda olmaqla Qərb müttəfiqləri rəsmi Kiyevin qarşısında Rusiya ərazisinə raket zərbələri endirməmək şərti qoyub. İçlərindəki əbədi Rusiya xofundan qaynaqlanan çox absurd şərtdir, ancaq bu yazının predmeti olmadığına görə üstündə geniş dayanmağa ehtiyac görmürük.
Krım isə hüquqi cəhətdən Ukraynanın bir parçası olduğu üçün (yarımadanın Ukraynadan zorla qopardılmasını heç bir ölkə və hər hansı beynəlxalq qurum tanımır) Qərbin yuxarıda haqqında danışdığımız şərtlərinə uyğun olaraq Ukrayna ordusunun, necə deyərlər, legitim hədəfləri sırasındadır. Reznikovun özü də bu məqamı qabartmasına baxmayaraq, hələ ki ağzına su alıb susur və... nəticədə Krımın necə vurulmasıyla bağlı “rəngarəng və qarışıq”, “məzəli və qeyri-ciddi” variantlar üzərindəki gəzişmələr, bir sözlə, “siçan-pişik oyunu” davam edir.
Həqiqətin etirafı təcavüzə məruz qalmış Rusiyanın da maraqlarına müğayir olmadığı üçün Kreml yetkililəri “Saka” partlayışlarını yanğın təhlükəsizliyi qaydalarının pozulmasının nəticəsi kimi izah eləyərək həm özlərini gülünc vəziyyətə qoydular, həm də Reznikovun “siqaret versiyasına” ipucu verdilər. Krımın Kremlin ali məqamında xüsusi yeri olduğu üçün bu yarımadaya təcavüz Moskva üçün şərəf məsələsidir. O nə Donetskdi, nə də Donbas. Belə bir məhrəm bölgənin “düşmən” tapdağı altında qalması, Amerika raketi, HİMARS və s. bu kimi variantların dilə gətirilməsi məqam sahibindən ötrü çox ağırdır, Krımın bakirəliyinə kölgə salmaqdır.
“Saka” partlayışlarında Rusiyanın nə az, nə çox, düz 10 dənə təyyarəsi və xeyli silah-sursatı məhv edilib, hərbi təyinatlı xeyli obyekt dağıdılıb. Amma bu hələ başlanğıc imiş. Avqustun 9-da başlayan Krım partlayışları getdikcə daha da intensivləşərək silsilə xarakter almağa başladı. Artıq bu “dişbatmaz, gülləçatmaz” yarımada Rusiya-Ukrayna müharibəsinin ən qaynar nöqtəsinə çevrilməkdədir. “Krıma növbəti saldırı” məzmunlu xəbərlər MN-nin buraxdığı press-relizlərin əsas xəbərləri sırasına keçməkdədir.
“Saka” partlayışlarından bir həftə sonra Canköy rayonundakı silah-sursat anbarında partlayış, elektrik stansiyasında isə yanğın oldu. Elə həmin gün Qvardeyski rayonunda partlayış baş verdi. “Saka”da baş verənləri hələ də “yanğın təhlükəsizliyi qaydaları”nın pozulmasının nəticəsi sayan Kreml bu hücumlardan sonra nəhayət, inahatından əl çəkməyə məcbur oldu və Canköydəki partlayış və yanğınların təxribat aktı olduğunu etiraf elədi.
Yazının əvvəlində qeyd etdiyimiz Belbərk partlayışlarına gəlincə, öz mənbələrinə və şahidlərə istinad edən Röyter agentliyi hadisədən dərhal sonra bu partlayışların pilotsuz döyüş aparatlarının vasitəsilə törədildiyini bildirmiş, Belbərkin qubernatoru da eyni versiyanı təsdiq eləmişdi. Ümumiyyətlə, Ukraynanın pilotsuz döyüş aparatları Krım səmasında ilk dəfə iyulun 31-də görünüb və düz Qara Dəniz Donanmasının həyətinə düşüb.
Bu arada Ukrayna prezident ofisinin əməkdaşı Mixail Podolyuk xarici mətbuata verdiyi müsahibəsində birmənalı şəkildə bildirib ki, son günlər Krımda törədilən partlayışlar bundan sonra da davam edəcək. “Bizim əsas hədəflərimizdən biri də Krımı Rusiya ilə birləşdirən körpüdür. Həmin körpü qanunsuz tikildiyi və Krımdakı rus ordusunun əsas təchizat kanalı olduğu üçün legitim hədəfdir və məhv edilməlidir”.
Son günlər yarımadada baş verən hərbi-siyasi gəlişmələr göstərir ki, Podolyukun bu sözləri sadəcə hədə-qorxu mahiyyəti daşımır və Ukraynanın hakimiyyət kuluarlarında Krımı geri qaytarmaq üçün ciddi planlar mövcuddur. Hələ son müharibə başlamamışdan əvvəl Rusiya ilə Ukrayna arasında gedən danışıqlarda həm tərəflər, həm də vasitəçilər daha çox Donbasın üzərinə kökləndiyi üçün elə təəssürat yaranmışdı ki, artıq Krım söhbəti birdəfəlik bağlanıb, problem de-fakto Rusiyanın xeyrinə həll olunub, de-yure rəsmiləşdirmə isə zamana ehtiyacı olan texniki prosesdir. Müharibə bir çox məsələlərin üstündəki sirr pərdəsini qaldırdığı kimi Krımla bağlı mövqelərə də aydınlıq gətirdi.
Hazırda yarımadada yaranmış sosial-siyasi və psixoloji mühit büsbütün rəsmi Kiyevin maraqlarına cavab verir. Son günlər dronlar vasitəsilə (uzun dartışmalardan sonra ekspert cameəsində, nəhayət, belə bir ümumi qənaət hasil oldu ki, partlayışların “baiskarları” nə partizanlardır, nə HİMARSLAR, nə söndürülməmiş siqaret kötükləridir, nə də yanğın təhlükəsizliyi qaydalarının pozulması,) həyata keçirilən və yuxarıda haqqında danışdığımız ard-arda hücumlar adamlar arasında böyük təşviş yaradıb, “sabahkı xoş gələcəyə olan ümidlər” birdəfəlik qırılıb.
Krım həm hərbi-strateji əhəmiyyətinə, həm də gözəlliyinə görə unikal bir məkandır. Rusiyanın burda böyük əsgəri qüvvəsi və güclü hərbi obyektləri mövcuddur. Amma son hadisələr, yəni belə strateji bir bölgənin pilotsuz uçuş aparatlarının hücumları qarşısında aciz durumda qalması, müdafiəsiz vəziyyətə düşməsi olduqca ilginc məqamdır. İndi məlum olur ki, bu ölkənin adı dillərdə dastan olan hava hücumundan müdafiə sistemləri də yarım ildir Ukrayna çöllərində sərgərdan günə qalmış ordusunun günündəymiş.
Hazırda Krımın vağzallarında iynə atsan yerə düşməz. Partlayışlardan qorxuya düşmüş insanlar yay istirahətlərini yarımçıq qoyub geri qayıdırlar. Hamısı da, təbii ki, Rusiyadan gələnlərdir. Bu yarımada öz əsl sahibinə qayıtmayana kimi onun təhlükəsizliyini təmin eləmək və deməli, dünyanın aparıcı istirahət guşələrindən birinə çevirmək mümkün olmayacaq. Üstəlik, bu gözəl, füsunkar diyar zaman keçdikcə ordu düşərgələri və əsgər kazarmalarından ibarət boz bir əraziyə çevriləcək. Artıq bunun ilk simptomları görünməyə başlayıb. Sabahkı günə inamları qırılmış yerli sakinlər kütləvi şəkildə öz əmlaklarını satışa çıxarıblar. Nə yazıq ki, alıcı tapılmır...
M. Cavadoğlu