Putin sonuncu kartlarını da açır

MEHMAN CAVADOĞLU
1458 | 2022-09-22 13:37

Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı xalqa geniş müraciət ünvanlayaraq deyib ki, səfərbərlik əli silah tutan hər kəsə yox, yalnız əvvəllər hərbi xidmətdə olub sonra ehtiyata buraxılmış şəxslərə şamil ediləcək. Qərb ölkələrini “rus dövlətinin mövcudluğuna son qoymaq üçün Ukraynada hakimiyyəti qəsb etmiş neofaşist rejimi” himayə etməkdə suçlayan prezident qondarma DXR və LXR-də, eləcə də son müharibənin gedişində işğal olunmuş Xerson və Zaporojest vilayətlərində nəzərdə tutulan “referendumları” dəstəklədiyini də söyləyib və beləliklə, indiyə kimi bu barədə gedən söz-söhbətlərin yalan yox, həqiqət olduğunu təsdiqləyib. Üstəlik, “...Onların məqsədi ölkəmizi zəiflətmək, dağıtmaq və son nəticədə məhv etməkdən ibarətdir... Özü də bu niyyətlərini nəinki gizlətmirlər, hətta açıq-aşkar bəyan edirlər... 1991-ci ildə Sovet İttifaqını parçalayanlar indi bir-birinə qatı düşmən olan region və vilayətlərə bölünmə növbəsinin Rusiyaya çatdığını söyləyirlər”- deyə  rəngləri lazım olduğundan qat-qat artıq tündləşdirməklə öz aqressiv siyasətinin günahını Qərbdəki opponentlərinin üzərinə yükləməkdən də çəkinməyib.

Bu müraciətdə əksini tapmış  tezisləri ən azından yaxın gələcək üçün Kremlin əsas fəaliyyət planı hesab etmək olar. Onların  nə məzmunu, nə forması, nə də  hər cür siyasi-diplomatik ibarəbazlıqdan uzaq üslubu  yaxşı bir şey vəd etmir, tərəflər arasındakı problemlərin danışıqlar masası arxasında həll edilməsi ehtimalının aqrtıq sıfırın altına düşdüyünü göstərir. Hərçənd, demokrasi kimi siyasət və diplomatiyanın da çarəsi tükənən deyil.

 Hazırda Rusiya-Qərb qarşıdurması o qədər dərinləşib,  proses o dərəcədə  məcrasından çıxıb ki, qarşılıqlı etimad mühitinin yaranması və münasibətlərin yenidən normal müstəviyə qayıtması üçün siyasətçilərin ən azı bir nəslinin dəyişməsinə ehtiyac var. Bu cür nəsil dəyişikliyi Qərbdə sıradan bir hadisə olsa da Rusiyada həm ağrılı, həm də çox həssas və qorxulu sürəcdir. Çünki I Pyotrun yarı xoş, yarı zor islahatlarından düz 300 il keçməsinə  rəğmən o hələ də qaramat bir Şərq ölkəsi olaraq qalmaqda davam edir. Şərq isə incə məsələdir, burda hakimiyyət dəyişiklikliyi siyasi məsələ deyil, yüz ilin başında bir dəfə baş verən nadir təbiət hadisəsinə oxşar bioloji prosesdir – biri ölməsə digəri dirilmir.  

Daha sonra NATO-nu öz sərhədlərini genişləndirib Rusiyaya dirəməkdə ittiham edən Putin deyir: “Onlar uzun illərdi ki, rus düşmənçiliyini özlərinin total silahına çevirərək Ukraynanı və digər bölgələri Rusiyaya qarşı qaldırır, xalqlar arasında düşmənçilik hisslərini alovlandırırlar... Hələ 2014-cü ildə Ukraynada antirus cəbhəsi açmış,  Ukrayna xalqını qapazaltına çevirərək bizimlə müharibəyə sürükləmişdilər... Dövlət çevrilişinin əleyhinə çıxan dinc əhaliyə qarşı qətliamlar törətmiş, hakimiyyətə müxalif olanları isə təqiblərə və terrora məruz qoymuşlar”.

 O, Zelenski hökumətini hədəf alaraq onu Donbas probleminin dinc yolla həllindən (oxu: Rusiyaya bağışlanmasından) imtina etməkdə suçladıqdan sonra rəsmi Kiyevi nə az, nə çox,  nüvə silahı əldə etmək iddiasına düşməkdə ittiham edir və Donbasa geniş miqyaslı hücum planlaşdırdığını bildirir. “Bundan sonra isə növbə Krıma çatacaq” – deyə  hökm verir. Lap sonda  məlum olur ki, bütün bu yalanları söyləməkdə yeganə məqsəd Donbası tam olaraq  işğal etmək üçün qabaqlayıcı hərbi əməliyyatlar keçirməyinin  zəruriliyini əsaslandırmaqdan başqa bir şey deyilmiş.

Putinin sözlərinə görə Luqansk Xalq Respublikası artıq tam olaraq “neofaşistlərdən” təmizlənib, DXR-də isə döyüşlər gedir. O, hərbi əməliyyatların plana uyğun və peşəkarlıqla aparıldığını vurğuladıqdan sonra, necə deyərlər, əsl mətləbin üstünə gəlir və bəyan edir ki,  “xüsusi hərbi əməliyyat”da orduda müqavilə ilə xidmət edən və müxtəlif millət, peşə və yaş qrupuna aid peşəkarlar, vətənpərvər hərbiçilər öz qəlblərinin harayı ilə(kursiv bizimdir-red.) iştirak edirlər.

Rus əsgər və zabitlərinin ünvanına şit təriflər yağdıran, onların vətənpərvərliyini patetik ifadələrlə mədh eləyən dövlət başçısı uzun “vurnuxmalardan” sonra mətləb üstünə gələrək sözünün, necə deyərlər, “mustafasını” söyləyir.  Məlum olur ki, bayaqdan “məğlubedilməz rus ordusu”nun şəninə deyilən təriflər ucuz təbliğat şousudur,  əslində isə hərbi əməliyyatlar dalana dirənib, daha dəqiqi, Ukrayna ordusu bütün cəbhə boyu təşəbbüsü ələ alıb.

Müdafiə naziri S. Şoyqu isə qaş düzəldən yerdə vurub göz çıxardıb. O, səfərbərliyin ehtiyatda olan hərbiçilərin vur-tut 1 faizini əhatə etdiyini söyləyərək bir tərəfdən cəmiyyətdə gözlənilən panikanın qarşısını almağa, digər tərəfdən isə cəbhədə ard-arda məğlubiyyətlərə uğruyan  ordunun simasını qorumağa çalışıb. Amma Rusiya kimi hərbiləşdirilmiş bir ölkədə “ehtiyatda olan hərbiçilərin 1 faizi” deyiminin arxasında 300 min adamın  “gizləndiyini” və bu kontingentin hamısının Ukrayna cəbhəsinə göndəriləcəyini nəzərə aldıqda vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür eləmək çətin deyil. Hazırda cəbhədə vuruşan  əsgər və zabitlərin  sayını da nəzərə aldıqda onların bir-birinin əl-ayağına dolaşaraq “tıxac” yaradacağını təxmin eləmək o qədər də çətin deyil.

Putinin bu çıxışı istər-istəməz adamın yadına Ukraynaya hücum ərəfəsində  müharibənin neçə gün çəkəcəyi barədə jurnalistlərin verdiyi suala müdafiə naziri Şoyqunun təbəssümlə “bir həftə”, Belarus prezidenti Lukaşenkonunsa müdrikcəsinə “üç gün”  deyə cavab verdikləri həmin o soyuq və həyacanlı fevral günlərini yada saldı. O vaxt təkcə Şoyqu və Lukaşenko bu cür düşünmürdü. İstər Qərbin, istərsə də Ukraynanın özünün siyasi elitasından tutmuş sıravi vətəndaşına kimi demək olar ki, hamı istisnasız olaraq bu mövqeyi bölüşürdü. Ukrayna ordusunun başında duranların arasında da vəziyyətin tam fərqli axarda inkişaf edəcəyini və hazırkı situasiyaya gətirib çıxardacağını dilinə gətirə bilən bir kimsə tapmaq mümkün deyildi. Ən nikbin adamlar Zelenskinin öz komandasıyla Qərbə köçüb mühacirət hökuməti yaradacağını söyləyirdilər. Tarix boyu mövcud olmuş bütün mühacirət hökumətlərinin taleyinin çox nadir hallarda “happy end”lə sonuclandığına baxmayaraq yeganə çıxış yolunu məhz bunda görürdülər. Ancaq Zelenski bu variantı lap əvvəldən rədd elədi, təcavüzkara qarşı səngərdə vuruşmaq yolunu seçərək bu müharibə hələ başlamamış onun qəhrəmanına çevrildi.

Rusiyanın say və sambalca özündən qat-qat zəif bir ölkəyə qarşı apardığı bir müharibədə məğlub duruma düşməsi diktatura rejimlərinin demokratik rejimlərdən daha intizamlı və döyüş qabiliyyətli olması barədə çox yayğın bir tezisi də alt-üst etdi. Bu savaşın sonunun necə bitməsindən asılı olmayaraq onun bu qədər uzun çəkməsi faktının özü Rusiyanı məğlubiyyəti deməkdir. Artıq patriarxın özü də bunun fərqində olduğu üçün dünyanı atom bombası ilə hədələməyə başlayıb. Yan-yörəsi hər nə qədər təkzib  eləməyə çalışsa da onun “Rusiya öz sərəncamında olan bütün vasitələrdən istifadə etməyə hazırdır” sözlərinin başqa yozumunu tapmaq qeyri-mümkündür. Hərçənd, rus əsgərinin və rus silahının Ukrayna cəbhəsindəki rüsvayçılığından sonra bu ordunun arsenalındakı nüvə başlıqlarının da tərifli “İskəndər” raketləriin İkinci Qarabağ Savaşındakı aqibətiylə üzləşəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil.

M. Cavadoğlu

TƏQVİM / ARXİV