Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü postsovet ölkələrinin əksəriyyəti üçün də ciddi sınaq oldu. Qərbin həm siyasi, həm hərbi strukturlarına tam inteqrasiya olunmuş üç keçmiş sovet respublikası qatı antirusiya mövqeyi tutsalar da, daha üç keçmiş respublika – Belarus, Ermənistan və Tacikistan birmənalı şəkildə onun yanında yer aldılar. Zorən manevr eləmək məcburiyyəti qarşısında qalmış digər yeddi respublikanın isə özləri qismən, ürəkləri tam şəkildə Ukraynanın yanındadı.
Sonuncuların arasında Qazaxıstanın mövqeyi xüsusi maraq doğurur. Əslində, 2022-ci ilin ilk günlərindən bu ölkədə baş verən və ən kəskin süjetli filmləri belə kölgədə qoyan hadisələrin fonunda elə təəssürat yaranmışdı ki, yeni ildə postsovet məkanındakı hərbi-siyasi proseslərin ağırlıq mərkəzi Xəzərin qərbindən şərqinə adlayacaq.
Həmin vaxt maye qazın qiymətinin artırılmasıyla bağlı Janaozen şəhərində başlamış lokal etiraz aksiyası bir neçə gün ərzində ölkənin bəzi regionlarına da yayıldı və xüsusilə keçmiş paytaxt Almatıda öz məcrasından çıxaraq talanlar və qarətlərlə müşahidə olunmağa başladı. Nəticədə prezident Qasım- Jomart Tokayev KTMD qoşunlarını ölkəyə dəvət etdi.
Prezidentin bu addımı təkcə təəccüb yox, həm də məyusluq yaratdı. 30 ildir müstəqillik qazanmış, üstəlik, keçmiş sovet respublikalarının arasında bəlkə də ən varlısı olan bir ölkənin bu səviyyədə iğtişaşları təkbaşına yatırtmaq gücünə malik olmaması heç də inandırıcı görünmürdü.
Ən tragikomik hadisə isə KTMD mandatlı rus qoşunları ölkəyə girəndən sonra baş verdi. Onlar, demək olar ki, əllərini ağdan-qaraya vurmadılar, Qazaxıstanın öz güc strukturları iğtişaşları yatırdandan sonra gəldikləri tələskənliklə də ölkəni tərk etdilər. Nə qədər baş sındırsan da bu hoqqabazlığın əsl səbəbləri haqqında düz-əməlli bir qənaətə gəlmək mümkün olmayacaq, sadəcə, hər biri hədsiz suallar doğuran çoxsaylı versiyaların arasında itib-batacaqsan.
Hərçənd, səbəb bilinməsə də nəticə məlumdur: Tokayev üç ildən sonra, nəhayət ki, öz real səlahiyyətlərinə sahib oldu. O, 2019-cu ilin martında Nazarbayevin özü tərəfindən formal olaraq prezident kürsüsündə oturdulmuşdu. Bu cür formal missiyaların icrası isə, adətən, yumşaq və üzüyola adamlara həvalə edilir. Yanvar hadisələrinə kimi Qazaxıstanda da real hakimiyyətin “Elbaşı” və onun ailəsinin əlində olması heç kimə sirr deyildi.
Nazarbayev Rusiyaya qarşı nə qədər ehtiyatlı və balanslı davransa da onun öz hakimiyyətinin son dövrlərində “türkçülük” idealına doğru meyllənməsi Qazaxıstanı heç də Ukraynadan az özününkü saymayan Putini çox qıcıqlandırırdı. Odur ki, Tokayevin Yanvar olayları vaxtı atdığı çaşqın addımlar, eləcə də yuxarıda dediyimiz “üzüyola” imici “postnazarbayev dövrü”ndə öləkənin büsbütün Rusiyanın tapdağına çevriləcəyi qorxusu yaradırdı.
Ancaq bütün bu qeyri-ardıcıl və məntiqsiz siyasi perfomanslarına rəğmən indi o heç kimin gözləmədiyi səviyyədə tam müstəqil və cəsarətli siyasət yürüdür. Hər halda Tokayevin “Yanvar minnəti”nin altından belə tezliklə çıxacağını və Kremlin siyasətinə, özü də ən həssas məsələlərlə bağlı siyasətinə qarşı açıq mətnlə sərt təpki göstərəcəyini heç kim gözləmirdi. Bu amil məlum iğtişaşlar vaxtı baş verən hərbi-siyasi gəlişmələrin ətrafındakı sirr qatını bir az da qalınlaşdırır.
Ukrayna müharibəsinin ilk günlərindən Qazaxıstanın rəsmi şəxsləri müharibə əleyhinə bəyanatlar verdilər və Ukraynanın haqq işinin yanında olduqlarını bəyan etdilər. Bu azmış kimi rəsmi Nursultanın Qərbin Rusiyaya qarşı tətbiq elədiyi sanksiyaların əleyhinə heç bir addım atmayacağı bildirildi. Bu da azmış kimi eyni fikirləri şəxsən Qasım- Jomart Tokayev keçən ay Sankt-Peterburqda keçirilmiş iqtisadi forumdakı çıxışında birbaşa Putinin üzünə dedi. O, Qazaxıstanın heç vaxt Krımın və Donbasın işğalını tanımayacağını bəyan elədi və bununla da Putinin məhrəm hisslərinə toxunmaqla yanaşı Kremlin sıx müttəfiqlik münasibətləri üçün təkbaşına çızdığı qırmızı xətti keçdi. Qərb mətbuatı Tokayevin bu demarşını Putinin üzünə vurulan şillə kimi qiymətləndirdi.
Rusiya prezidenti həmin forumda təmkinini zahirən qorusa da Kremlin qarayaxa təbliğat maşını özünün ən murdar təmsilçiləri olan Solovyovların, Popov və Skabayaevlər, Simonyan və Kesoyanların
timsalında bu günə kimi nə Qazaxıstanın özündən, nə də onun prezidentindən əl çəkir.
Putin həmin tədbirdə özünü təmkinli və “ağayana” aparsa da, hətta Tokayevin çıxışının başqa məqamlarla bağlı bəzi hissələrindən sitatlar gətirsə də Qazaxıstanı ənənəvi rus üslubunda cəzalandırmağı da unutmadı. Rusiya nəqiyyata nəzarət idarəsi guya Xəzər Boru Kəmərində ekoloji pozuntular ucbatından Novorossiya terminalını bir aylıq bağladı. Bu təxminən Azərbaycan və Türkiyədən idxal olunan meyvə-tərəvəzə vaxtaşırı qoyulan qadağa kimi bir şeydir və səbəbdən çox bəhanədir.
Xatırladaq ki, Qazaxıstan neft hasilatı üzrə dünyada 11-ci yeri tutur və istehsal etdiyi neftin 89 faizi eksporta gedir. Eksporta gedən neftin böyük əksəriyyəti isə məhz Novorossiya terminalı vasitəsilə dünya bazarına çıxardılır.
Bu günlərdə Tokayevlə Avropa Birliyinin prezidenti Şarl Mişel arasında keçirilən telefon danışığının əsas mövzusu da məhz qazax neftinin qərb bazarlarına çıxarılmasıyla bağlı olub. Tokayev AB-ni alternativ marşrutların, o cümlədən Transxəzər Beynəlxalq nəqliyyat Marşrutunun inkişafı üçün əməkdaşlığa çağırıb. Təbii ki, burda söhbət həm də Şərq- Qərb nəqliyyat dəhlizinin inkişafından gedir ki, burda da ən əsas, oyunçulardan biri, heç şübhəsiz ki, Azərbaycandır.
Azərbaycan təkcə coğrafi mövqeyinə görə yox, həm də infrastrukturlarına görə bu layihənin əsas oyunçusudur. Çindən Avropaya doğru uzanan bu böyük yolun Azərbaycandan üzü qərbə tərəf olan hissəsində neft və qaz kəmərlərindən tutmuş, şosse və dəmir yoluna kimi bütün sahələr üzrə hazır marşrutlar mövcuddur. Üstəlik, Rusiya və İranla avtomobil, dəmir və dəniz yoluyla birbaşa əlaqələr də bu ölkəni bölgənin bir nömrəli nəqliyyat dəhlizinə çevirib. BTC və TAP TANAP Qazax neftinin, Türkmən qazının Avropa bazarına çıxarılması üçün ən əlverişli, ucuz, ən əsasısa hazır layihələrdir. Üstəlik, gündəmdə Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək 7, 9 milyard dollar dəyərində qaz kəməri layihəsi də var ki, həmin layihə gerçəkləşəndən sonra bu cür infrastrukturlardan əməkdaşlıq əvəzinə təzyiq vasitəsi kimi istifadə eləyən Rusiyanın bölgədəki hegemonluğuna ağır zərbə olacaq.
Bir sözlə, Qazaxıstanın həm də güclü intellektual potensiala malik hazırkı prezidenti hakimiyyəti tam öz əlinə yığmaq üçün atdığı ziddiyyətli addımların ardından yeritdiyi müstəqil siyasətlə öz haqqındakı bəzi mənfi stereotipləri dağıtdı ki, bu da türk dünyasının ərazicə bu ən böyük ölkəsinin bundan sonra da həqiqi türk birliyinin yaranmasına mühüm töhvə verəcəinə olan ümidləri də artırır.
M. Cavadoğlu