Daryanın qətli və oliqarx intiharları

MEHMAN CAVADOĞLU
1223 | 2022-08-23 20:22

Rusiyalı filosof, sosioloq, “Avrasiya birliyi” ideyasının müəllifi və alovlu təbliğatçısı Aleksandr Duqinin qızı Darya Duqinanın amansızcasına qətlə yetirilməsi təkcə Rusiyada yox, az qala bütün postsovet məkanınında ən çox müzakirə olunan mövzuya çevrilib. Xatirladaq ki, Darya Duqina özünün idarə etdiyi Prado markalı avtomobildə baş vermiş partlayış nəticəsində həlak olub. O, Moskva ətrafındakı qəsəbələrin birində keçirilən ənənəvi “Ənənə” festivalından qayıdırmış. Həmin festivalda iştirak edən ata Duqin şəhər qızıyla eyni avtomobildə qayıtmağı planlaşdırsa da, hələlik heç kimə məlum olmayan səbəbdən son anda başqa maşına minib. Odur ki, ata-balanın hansının sui-qəsdin əsas hədəfi olması ən azı qatil tutulana kimi müəmma olaraq qalacaq.

Darya atasının yalnız bioloji yox, həm də ideoloji varisi, onun siyasi-fəlsəfi baxışlarının alovlu tərafdarı, eyni zamanda yaxın silahdaşıydı. O da atası kimi Ukrayna müharibəsindəki aqressiv mövqeyinə görə bir çox qərb ölkələrinin sanksiyaları altındaydı. Və elə buna görə də Rusiya hakimiyyətinin əziz-xələfiydi. Təsadüfi deyil ki, hadisəyə Putini özü də şəxsən münasibət bildirib, mərhumun ailəsinə başsağlığı verib və xanım Duqinanın Rusiya qarşısındakı xidmətlərini yüksək qiymətləndirib: “Alçaq, amansız bir cinayət işıqlı, əsl rus qəlbli istedadlı bir adam olan Darya Duqinanın həyatını yarımçıq qoydu... O, bir jurnalist, ziyalı və müharibə müxbiri kimi öz vətəninə xidmət edirdi”.

Hadisədən bir gün sonra qızının ölümünə reaksiya verən Duqin də sui-qəsddə birmənalı şəkildə Ukraynanı günahlandırdı. Tək A. Duqin yox, bütövlükdə Rusiya hakimiyyətinin müxtəlif ranqlı nümayəndələrindən tutmuş əksər ekspert, şərhçi və dəbdə olan terminlə desək, propoqantistlərə, eləcə də rus cəmiyyətinin millətçi-ekstremist kəsiminin təmsilçilərinə kimi, demək olar ki, hamı bir ağızdan heç bir faktsız-filansız Ukraynanı hədəf aldı. Kimisi bilavasitə, kimisi də bilvasitə rəsmi Kiyevi ittiham elədi. Hərçənd, hazırkı Ukrayna hakimiyyətini dövlət səviyyəsində terror aktı törətməkdə günahlandırmaq yumşaq desək, absurddur. Əvvəla ona görə ki, bu ölkəni Qərbin “istəklisi”nə çevirən təkcə onun geopolitik mövqeyi və antirus siyasəti yox, həm də demokratik dəyərlərə bağlılığıdır və o bu cür mübarizə üsullarıyla özünü bihörmət edəcək qədər naşı addım atmaz. İkincisi isə, Duqinlərin Ukrayna üçün cəlbedici və “legitim” hədəf olması, sadəcə olaraq, inandırıcı görünmür.

Xatırladaq ki, bu gün Kremlin yeritdiyi əsas ideloji xətt A. Duqinin hələ keçən əsrin 80-ci illərindən həyat kredosuna çevrilmiş ehkamların, konkret desək, rus millətçi vətənpərvərliyinin üzərində qurulub. “Dərviş-filosof” daha çox Rusiyanın hegemonluğu altında qurmağa çalışdığı “Avrasiya birliyi” ideyasının müəllifi kimi məşhurdur. O bu ideoloji modeli “tapana kimi” okkultizmdən monarxizmə, kimyagərlikdən satanizmə kimi uzun və dolanbac bir yol keçib. Yeri gəlmişkən, bu yola rəhmətlik Heydər Camalla birlikdə çıxıb və keçmiş əqidə yolçularının biri sonda radikal islamçı, digərisə millətçi xristian baxışların girovuna çevrilib.

Bu qətl hadisəsi hazırkı Rusiya cəmiyyəti üçün sürpriz sayıla biləsi başqa bir reallığı üzə çıxardı. Hadisədən bir gün sonra Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryoy həqiqətən sensasiya sayıla biləsi bir bəyanatla çıxış elədi. Məlumat üçün bildirək ki, İ. Ponomaryov özünün ilk sensasiyasına hələ 2014-cü ildə imza ataraq Krımın Rusiyaya ilhaqının əleyhinə səs verən yeganə deputat olmuşdu. Buna görə üzləşdiyi ardıcıl təqiblərdən yaxa qurtarmaq üçün deputar səlahiyyəti başa çatmamış ölkəni tərk etməyə məcbur olmuş, iki il ABŞ-da yaşasdıqdan sonra Ukraynadan siyasi mühacir statusunda müvəqqəti sığınacaq almışdı. Hazırda Rusiyanın beynəlxalq axtarışa verdiyi keçmiş deputat 2019-cu ildən isə Ukrayna vətəndaşlığı alıb.

İ. Ponomaryov Daryaya sui-qəsdin “Milli respublika ordusu” adlı hələlik hansısa mifik bir təşkilatın törətdiyini iddia edir və sözlərinin daha inandırıcı görünməsi üçün bəzi təfərrüatlara baş vuraraq deyir ki, sözü gedən qurumun nümayəndələri ilk dəfə üç-dörd ay əvvəl onunla əlaqəyə girib və öz manifestlərini ona göndəriblər. Manifestdən məlum olur ki, “Ordu”nun əsas məqsədi Putin rejimini devirmək, mübarizə forması isə partizan müharibəsidir. Hərçənd, bu “partizan müharibəsi” ifadəsi xeyli mücərrəd formuldur, tərəflərin biri üçün “haqq davası” anlamı daşıyanda, digəri üçün “terror aktı” mənasını verir.

Rus Dumasının keçmiş üsyankar deputatının bu sözlərinin nə dərəcədə dəqiq olduğunu söyləmək xeyli çətindir. Həqiqətdən çox konspiroloji versiyaya oxşasa da bioqrafiyasının yuxarıda söylədiyimiz qısa fraqmentlərinə görə adamın qeyri-ciddi birisi olduğunu düşünmək üçün tutarlı səbəb yoxdur. Ancaq unutmaq lazım deyil ki, bu təşkilatın nə yuvanın quşu olduğunu hələlik heç kim, hətta Ponomaryovun özü də düz-əməlli bilmədiyi üçün onun gələcəkdə rəsmi Kiyev üçün hansı fəsadlar törədə biləcəyini proqnozlaşdırmaq xeyli müşküldür.

Ukrayna hökuməti ən yüksək səviyyələrdə bu terror aktını pisləsə də Kremlin ilk növbədə özünə sərf edən açıqlamalardan yapışacağı şübhə doğurmur. Bu mənada Ponomaryov hazırda sığındığı ölkəyə sözün həqiqi mənasında ayı xidmət göstərib.

Ukraynanın ən yaxın müttəfiqi heç şübhəsiz ki, ABŞ-dır. İngiltərə xaric digər aparıcı Avropa ölkələri Ukrayna müharibəsindən çıxmağa fürsət və bəhanə gəzdikləri indiki məqamda məhz Vaşinqton bu davanı öz müttəfiqi üçün uğurlu sonluqla bitirməkdə israrlı görünür. Belə bir vaxtda onun hər hansı terrorçu qurumla dövlət səviyyəsində istənilən əlaqəsi sərt təpkilərə səbəb ola bilər və proses bumeranq effektiylə birbaşa Kiyevin əleyhinə çevrilər. Bu məqam Duqinaya qarşı terror aktına Dövlət Departamenti mətbuat xidmətinin başçısı Ned Praysın münasibətinin ruhunda da sezilir: “Biz harda olmasından asılı olmayaraq dinc insanların öldürülməsini bitmənalı şəkildə mühakimə edirik. Biz Kiyevdə də, Buçada , Xarkovda, Kramatorskda, Mariopolda və Moskvada da mülki şəxslərə qarşı olan hücumları qətiyyətlə pisləyirik. Mən Rusiyanın bu cinayəti araşdıracağına şübhə etmirəm...”.

Rusiya isə cinayəti, necə deyərlər, “isti izlərlə” açdı. FTX bəlkə də rus xəfiyyəsinin tarixində heç vaxt görünməmiş bir operativliklə, yəni bir günün içində qatilin kimliyini də, onun hərəkət marşrutunu da, nəhayət, qətlin necə törətməsinin bütün detallarını “müəyyənləşdirdi”. Qurumun açıqladığı ssenariyə ən kəskin süjetli detektiv filmlərin və ya romanların müəllifləri də həsəd aparardı. Həmin ssenariyə görə Natalya Vovk adlı bir qadın qızı Sofiya ilə birlikdə “Ənənə” festivalına gəlir, Duqinanın hamının gözünün qarşısında parklanmış avtomobilinə partladıcı qurğu yerləşdirir, sonra festivala qatılıb feyziyab olur və terror aktı uğurla baş tutandan sonra Pskova gedərək ordan Estoniyaya keçir. Üstəlik, “səyyah qatil” bütün öz marşrut boyu bir neçə ölkənin avtomobil nömrəsindən istifadə eləyir. Bu versiyanın ən maraqlı məqamı isə qatilin bu cür çətin və qorxulu bir tapşırığı icra eləməyə qızıyla birgə yollanmasıdır. Hələlik ana-balanın yaşları haqqında heç bir məlumat verilmədiyindən bilmək olmur qız anasına kömək eləmək məqsədilə onunla bu ağır səyahətə çıxıb, yoxsa uşağı tapşırmağa bir kimsə olmadığından killer ana onu öz yanında hərləməyə məcbur olub.

Bildiyiniz kimi, son vaxtlar Rusiyada “oliqarxların qətli” deyə qeyri-adi bir fenomen peyda olub. Necə deyərlər əsl mistika! Bu ilin əvvəlindən ən azı beş nəfər oliqarx (bəziləri ailə üzvləriylə birlikdə) qətlə yetirilib və həmin qətl hadisələrinin heç birinin üstü açılmayıb. Qətlə yetirilən oliqarxların arasında öz vəzifələrini itirənlər, yəni “keçmişlər” olsa da, demək olar ki, hamısı Putinin yaxın adamlarıdır, necə deyərlər, “Qazprom uşaqlarıdır”. İndiyə kimi nə Darya Duqinanın qatilinin kimliyini operativ şəkildə müəyyənləşdirən FTX, nə də digər hüquq-mühafizə orqanları bu qətl hadisələrinin heç birinin üstü aça bilməyib və onların hamısı intihar kimi rəsmiləşdirilib. Çünki açılmayan və yaxud açılmağı məsləhət olmayan qətlləri intihar kimi qələmə verib bağlamaqdan rahat bir yol yoxdur.

Artıq müxtəlif internet resurslarında həmin oliqarxların ölümünü də yuxarıda adını çəkdiyimiz, varlığı və yoxluğu hələlik heç kimə dəqiq məlum olmayan “Milli respublika ordusu”nun aktivinə yazan təşəbbüskarlar peyda olmağa başlayıb. Hərçənd, bu həmin “ordu”nun işi olsaydı özləri bunu açıqlamağın bir yolunu tapardılar. Çünki terroru mübarizə vasitəsi seçmiş qurumların və şəxslərin törətdikləri aksiyaları gizlətmək kimi bir şakərləri yoxdur. Əksinə onlar özlərinin bu yöndəki fəaliyyətlərini şişirtməyə, necə deyərlər, birinin üstünə beşini də qoyub aləmə car çəkməyə maraqlıdırlar. İş əmsalları bununla ölçülür, axı. Odur ki, “Milli respublika ordusu” varsa da belə oliqarx qətlləri onlarlıq deyil.

Qorx ki, FTX həmin qətlləri də Natalya Vovk və onun yaşı hələlik heç kimə məlum olmayan qızının adına yazmış olsun.

M. Cavadoğlu

TƏQVİM / ARXİV