Vardanyanın münəccimliyi

MEHMAN CAVADOĞLU
881 | 2022-09-06 23:26

Ermənistan KİV-lərinin məlumatına görə Baş nazir Nikol Paşinyan öz partiyasının təmsilçiləriylə bir neçə gün əvvəl keçirdiyi qapalı iclasda ilin sonuna kimi Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasında maraqlı olduğunu söyləyib və rəsmi Yerevanın sülh danışıqlarından yayınmaq məqsədinin olmadığını bildirib. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev də İtaliyaya səfəri çərçivəsində verdiyi açıqlamalarda Ermənistanla yaxın müddətdə sülh müqaviləsinin  imzalanacağının anonsunu vermiş və demişdi: “Biz bütün qonşularımıza ədalətlə və səmimi yanaşırıq və heç vaxt verdiyimiz sözü danmırıq. Bizim sözümüzlə işimiz birdir”.

Avropa Birliyinin prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən sonuncu Brüssel görüşünün ardınca bu cür məlumatların mətbuata yol tapması təsadüfi deyil, heç şübhəsiz, Belçika paytaxtında əldə edilmiş razılaşmaların nəticəsidir. Xatırladaq ki, həmin görüşdən sonra vasitəçi tərəf mətbuatda nikbin ruhlu fikirlər səsləndirsə də təfərrüatlar barədə konkret bir şey söyləmədiyi üçün cəmiyyətdə müəyyən tərəddüdlər mövcud idi. Yuxarıdakı açıqlamalar isə bu tərəddüdlərə müəyyən mənada son qoydu və görüşdəki bir çox gizli məqamların üstünə az da olsa işıq saldı. Ancaq buna baxmayaraq, prosesin bundan sonrakı gedişi və müsbət nəticələri barədə indidən nəsə söyləmək hələlik çox tezdir.

Özü də problem heç də Paşinyanı devirmək üçün marığa yatmış erməni müxalifətində deyil. Bu müxalifətin mariginal bir qüvvə olması 44 günlük müharibədən sonra ard-arda keçirilmiş fasiləsiz və uğursuz etiraz aksiyalarıyla çoxdan sübuta yetmiş, Baş nazir döyüş meydanındakı ağır məğlubiyyətini  öz daxili siyasi rəqibləri üzərində çaldığı qələbəylə ustalıqla kompensasiya eləmişdi. Qərbpərəst Paşinyan təkcə ruspərəst müxalifəti və Rusiya diasporunu yox, onu devirmək üçün marığa yatmış möhtəşəm Qərb diasporunu da yerində oturtmağı bacarmış, hətta həmin diasporun bəzi önəmli təmsilçilərinin Ermənistana girişinə belə qadağa qoymuş, aeroportdan deport edib geri qaytarmışdı. Təbii ki, bütün bu uğurlar onun “fövqəlgücünün” yox, erməni cəmiyyətindəki hazırkı ovqatın göstəricisidir.

Məğlubiyyət lakmus kağızıymış – bütün paxırları üzə çıxardır, hər şeyi olduğu kimi açıb göstərir. Sən demə, bu xalq heç də bizim düşündüyümüz və qibtə etdiyimiz kimi ən çətin günlərində də yumruq kimi birləşib çəkici bir zindana vuran toplum-zad deyilmiş. Hazırda orda hökm sürən “Qarabağlı – Yerevanlı”qarşıdurması əndazəsini o qədər aşıb ki, hətta erməni mentalitetinin ayrılmaz atributuna çevrilmiş ənənəvi “hay-türk” düşmənçiliyini də kölgədə qoyub.

Hazırda erməni cəmiyyətində müşahidə olunan mövcud siyasi konyuktura, yəni müxalifətin gündən-günə zəifləməsi, diasporun əvvəlki gücünü və maqiyasını itirməsi, eləcə də erməni toplumunun şirin röyalardan ayılıb reallığa uyğun davranışı sülh sazişinin hazırlanması və imzalanması üçün unikal imkanlar yaradıb. Açığı, Avropa Birliyinin öz ənənələrinin ziddinə olaraq xeyli konstruktiv mövqe tutması da prosesin uğurla yekunlaşacağına olan ümidləri artırır. Bu baxımdan fransız Şarl Mişelin Fransanın, eləcə də AB-nin ənənəvi mövqeyinə zidd olan konstruktiv davranışlarını da qeyd etmək lazımdır. Təbii ki, xristian təəssübkeşliyini qeyri-rəsmi də olsa özünün əsas fəaliyyət kredosu seçmiş bir təşkilatın başçısının bu cür mövqeyi bir tərəfdən Azərbaycanın 44 günlük müharibədəki qələbəsiylə regionda artan nüfuzuyla bağlıdırsa, digər tərəfdənsə onun Ukrayna müharibəsindən sonra dünya enerji bazarında daha vacib oyunçuya çevrilməsindən qaynaqlanır.

Bütün bu müsbət gəlişmələrə rəğmən danışıqların sırf AB-nin vasitəçiliyi altında aparılması onun uğurlu sonluğunu şübhə altına alır.  Çünki Qafqazı hələ ki özünün əsas həyati maraqlar sferası, necə deyərlər, arxa bağçası sayan Rusiyanın buna göz yumacağı heç cür inandırıcı görünmür. Son Brüssel görüşünün yekunlarına əvvəlkilərdən daha sərt reaksiya verilməsi də buna əyani sübutdur. Xatırladaq ki, XİN sözçüsü Mariya Zaxarova, ümumiyyətlə, Avropa Birliyinin bu prosesdə iştirakını yersiz sayaraq, “saxta təşəbbüs” adlandırmışdı. “AB-nin Cənubi Qafqazda aktivliyi onun geopolitik aktivliyindən doğur” – deyə xanım Zaxarova Qərbi elə mənasız arqumentlə ittiham etmişdi ki, sanki geopolitik aktivlik nümayiş etdirmək yalnız Rusiyanın boyuna biçilmiş bir siyasi fenomendir.

Qərbin Azərbaycan-Ermənistan nizamlamasındakı aşırı fəallığını neytrallaşdırmaq istəyən Kreml son günlər daha bir avantüraya əl atıb.  Bu günlərdə Ruben Vardanyan adlı Rusiyalı oliqarx Moskvanı tərk edərək Xankəndiyə köçüb. O öz açıqlamasında bu addımını “aclıq və səfalətdən əzab çəkən xalqının yanında olmaq” arzusuyla izah edib, həmvətənlərinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışacağını bildirib və bundan ötrü “Arsaxın inkişafı və təhlükəsizliyi fondu” yaratdığını bəyan edib. Bu açıqlamada diqqəti çəkən əsas məqam, heç şübhəsiz ki,  “Arsax”ın təhlükəsizliyini qorumaq məsələsidir ki, oliqarxın qəfil baş qaldıran “Arsax təəssübkeşliyi”nin kökündə  dayanan əsas amillərdən biri də budur.

“Troyka Dialoq” investisiya kompaniyasının başçısı olan R. Vardanyan daha çox çirkli pulların yuyulmasıyla, rus oliqarx və məmurlarının kapitalının qeyri-qanuni yollarla ölkədən çıxardıb xarici banklarda yerləşdirməklə məşğul olub. Adı silah və narkotikə alverində də  hallanan oliqarx Azərbaycanın işğal olunmuş ərazilərinin yağmalanması prosesində də yaxından iştirak edib. “Korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı” jurnalist araşdırmaları mərkəzinin məlumatına görə Dialoq” vasitəsilə indiyə kimi ölkədən 9 milyarddan çox pul çıxardılıb.

Adam təpədən dırnağa kimi kriminal bioqrafiyaya malik olsa da, həm Qərbin, həm də Rusiyanın siyasi çevrələrində ən arzuolunan şəxslərdən biridir. Yuxarıda haqqında bəhs etdiyimiz jurnalist araşdırmaları mərkəzinin aşkara çıxardığı faktlara rəğmən heç bir sanksiya siyahısında onun adına rast gəlmək mümkün deyil. Maraqlı burasıdır ki, özünü xəstə erməni ideallarının alovlu təmsilçisi və təəssübkeşi kimi qələmə verən kriminal maliyyəçi tez-tez Türkiyədə də peyda olmaqdan çəkinmir. Müxtəlif mənbələrdən sızan məlumatlara görə o burda da özünün əsas peşəsiylə, rus oliqarxlarının və təbii ki, həm də özünün çirkli pulların yuyulmasıyla məşğul olur.

R. Vardanyan Xankəndiyə qonaq kimi gəlməyib,  Rusiya vətəndaşlığını tərk edərək birdəfəlik köçüb. Bu cür köklü-budaqlı köçün arxasında isə heç şübhəsiz, konkret ciddi niyyət durmalıdır.  O bu niyyətini sirr pərdəsinə bürümədi, elə ilk fürsətdəcə Ermənistanın baş naziri kürsüsü uğrunda mübarizə aparacağını bildirdi. Bu məqsədlə birbaşa Yerevana yox, Xankəndiyə pənah gətirməsi isə birbaşa Paşinyanın hədəfinə düşməkdən yayınmaq istəyi ilə bağlıdı. Çünki demokrat baş nazirin  hakimiyyət məsələsinə münasibətdə zarafatı sevmədiyini, necə deyərlər, kənək qoz olduğunu, bu həvəsə düşənlərin gününü göy əsgiyə bükdüyünü  yaxşı bilirdi. Adaptasiya dövrü üçün Paşinyana asi düşmüş Qarabağ klanı və rus sülhməramlılarının əhatəsindən daha münbit  yer tapmaq isə indiki halda, sadəcə, mümkün deyildi.

Yuxarıda qeyd etdik ki, Brüssel görüşündən sonra tərəflər arasında sülh sazişi layihəsinin hazırlanması barədə konkret razılıq əldə olunub. R. Vardanyan Xankəndindəki mətbuat konfransında  həmin saziş layihəsini adi kağız parçası adlandıraraq deyib ki, bu sənəd heç cür Ermənistanın təhlükəsizliyini təmin edə bilməz.

Bax, Kremlin “pul yuyan maşınının”  öz milyardlıq əməliyyatlarının başını buraxaraq Qarabağda peyda olmasının əsl səbəbini bu açıqlamada axtarmaq lazımdır. Onun Xankəndinə, gələcəkdə isə ordan Yerevana transferi bütün konfliktləri  “nə hərb, nə sülh” devizi ilə idarə etməyə, daha doğrusu, dondurub saxlamağa çalışan Moskvadan ötrü Brüssel görüşündə əldə olunan razılıqları pozmaq üçün lazımdır. Peşəkar bir maliyyə fırıldaqçısının  belə bir siyasi missiyanın öhdəsindən nə dərəcədə uğurlagəlib-gəlməyəcəyini isə yaxın gələgək göstərəcək.

M. Cavadoğlu

          

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV