Üçüncü cəhd

MEHMAN CAVADOĞLU
837 | 2022-07-15 17:24

Türkiyə Ermənistan danışıqları

 

Bir neçə gün əvvəl “Amerikanın səsi” radiosu Ermənistanla Türkiyə arasında son günlər aktuallaşan dialoq təşəbbüsüylə bağlı ABŞ Dövlət Departamentinə göndərdiyi sorğuya aşağıdakı məzmunda cavab alıb: “Ermənistan - Türkiyə dialoqu regional sabitliyi artırmaq, neqativ təsirlərin qarşısını almaq potensialına malikdir və hamı üçün sərfəli olan böyük iqtisadi inkişafa yol açır. Bu, Rusiya ilə Ukrayna arasında gedən müharibənin fonunda xüsusilə vacib olduğu üçün ABŞ belə bir dialoqun hər iki ölkənin məqsədəuyğun saydığı formada davam etməsinə dəstək verməyə hazırdır”. Bu fikirlər Dövlət Departamentinin və ya Ağ evin rəsmi bəyanatı kimi yox, konkret bir media qurumunun sualına cavab olaraq səsləndirildiyi üçün hazırkı mərhələdə onu ABŞ hakimiyyətinin gündəmi kimi yox, mövqeyi kimi başa düşmək lazımdır.

Prezident Ərdoğanla baş nazir Paşinyan arasında bu günlərdə keçirilmiş telefon danışığı isə göstərdi ki, hər halda iki qonşu ölkə arasında münasibətlərin yaxşılaşdırılması, daha doğrusu, sıfırdan qurulması ilə bağlı müəyyən planlar mövcuddur. Telefon danışığı zamanı tərəflərin bir-birlərini Qurban və Vardavar (İsanın metamorfozu) bayramları münasibətilə təbrik etmələrindən başqa konkret heç bir təzə məlumat verilməsə də, onların sadəcə bayramlaşmaq üçün zəngləşdiklərini düşünmək də sadəlövhlük olardı.

Məlumdur ki, Ankara ilə Yerevan arasında xeyli vaxtdır ki, ikitərəfli formatda danışıqlar gedir və artıq həmin danışıqlarda münasibətlərin yaxşılaşdırılması istiqamətində ilk kövrək razılaşmalar da əldə edilib. Bir az da konkret desək, üçüncü ölkə vətəndaşlarının hər iki ölkənin ərazisindən istifadə etməklə gediş-gəlişinə icazə verilməsi, eləcə də hava əlaqəsinin açılmasıyla bağlı sənədlər imzalanıb. Söhbət kosmetik mahiyyətli anlaşmalardan getsə də, hər halda ilk təşəbbüs kimi qiymətlidir. Yeri gəlmişkən, sözü gedən telefon danışığında indiyədək neytral ərazilərdə baş tutmuş həmin ikitərəfli görüşlərin bundan sonra Ankara və Yerevanda keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.

N. Paşinyanın Ərdoğandan bir gün əvvəl Putinlə zəngləşməsi isə onu göstərir ki, erməni baş nazir bu danışığa süzerenin xeyir-duasından sonra gedib. Hətta ola bilsin ki, yaxınlaşma təşəbbüsü elə Rusyanın özündən gəlib. Çünki hazırda rus siyasətinin ağırlıq mərkəzini Şərqə doğru dəyişdirmək təklənmiş Putin üçün seçim yox, məcburiyyətdir və o, bu istiqamətdəki çox məhdud sayda nəfəslikdən birinin və bəlkə də birincisinin məhz Türkiyə olduğunun fərqindədir.

Artıq elə bir geopolitik situasiya yaranıb ki, hazırda Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycandan çox Rusiyanın özünə lazımdır. Çox güman ki, bir neçə gündən sonra Tehranda keçiriləcək Putin-Rəisi-Ərdoğan görüşünün əsas leytmotivi də məhz kommunikasiyaların açılması və iqtisadi əlaqələrin gücləndirilməsi olacaq. Rusiya prezidentinin belə bir darmacalda ölkəni tərk eləyib həmin görüşə yollanmasını nəzərə alsaq bu istiqamətdə mühüm sənədlərin imzalanacağını indidən anonslamaq mümkündür. Üçlüyün öz aralarındakı hazırkı münasibətlərinin səviyyəsi görüşdə ciddi siyasi anlaşmaların əldə ediləcəyini şübhə altına alsa da, hər halda Suriya platformasında hansısa irəliləyişə nail olunacağı istisna deyil.

O ki qaldı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına, hazırda sıfırdan start götürən bu yeni prosesi şərti olaraq üçüncü barışıq cəhdi adlandırmaq mümkündür. Sovetlər dağılandan sonra Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olsa da Kəlbəcərin işğalıyla bağlı iki ölkə arasındakı diplomatik əlaqələr başlamamış qırıldı. Yeni əsrin ortalarına doğru start verilən ikinci barışıq sürəci isə tarixə “Sürix protokolları” adı ilə düşmüş rəsmi sənədlərin imzalanmasına qədər uzandı. İsveçrənin Sürix şəhərində keçirilən imzalama mərasiminə ABŞ, Rusiya və Fransa (sanki bu məsələ də Minsk qrupunun mandatına daxil imiş) xarici siyasət idarələrinin başçıları Hilari Klinton, Sergey Lavrov və Bernard Koucner də qatılmışdılar.

Həmin vaxt erməni tərəfi imza törəni başlayandan sonra da özünə xas ərköyünlük və həyasızlıqla prosesi pozmağa cəhd eləmişdi. Hətta son anda S. Lavrovun Nalbadyana göndərdiyi “Edik, imzala” yazılı xahiş-xəbərdarlığı da vəziyyəti tam olaraq xilas edə bilmədi. Nalbadyan Lavrovun “imzala” göstərişini ədəb-ərkanla yerinə yetirsə də bir neçə gündən sonra, yəni imzaların heç mürəkkəbi belə qurumamış rəsmi Yerevan sazişdən çıxdığını bəyan elədi. Beləliklə, İsveçrədə təmtəraqla və böyük ümidlərlə imzalanmış sənədlər tarixə “Ölü doğulmuş Sürix protokolları” adıyla düşdü. Halbuki onların ərsəyə gəlməsi üçün yuxarıda adlarını çəkdiyimiz ölkələrin başçıları və diplomatları uzun sürə çalışmış, saysız-hesabsız səfərlərdən, ikitərəfli, çoxtərəfli, gizli-açıq görüşlərdən tutmuş “futbol diplomatiyası”na kimi bütün siyasi-diplomatik hoqqabazlıqlardan istifadə etmişdilər.

Göründüyü kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına yönəlmiş hazırkı təşəbbüslər artıq bu istiqamətdə göstərilən üçüncü cəhddir. Düzdür, həssas diplomatik müşküllərin çözülməsinin uzun sürən çoxmərhələli proses olmasında qeyri-adi bir şey yoxdur. Ancaq haqqında danışdığımız məsələnin əsas özəlliyi bu cəhdlərin sayında deyil. Burda proses başlayır, inkişaf edir, hətta yuxarıdakı nümunədə gördüyümüz kimi sanki uğurla yekunlaşır və… bir göz qırpımında, yox dayanmır, geriləmir… nə qədər qəribə olsa da sıfırlanır. Əvvəlki təşəbbüslərin qaldığı bir yer, durduğu bir nöqtə olmur ki, yenilərini ordan başlayasan.

İkinci ciddi problem isə danışıqların kiminlə aparılması məsələsindədir. Çünki cəmi otuz il tarixi olan “ən qədim dövlətçilik ənənələrinə malik bu ən qədim xalqı” kimin idarə elədiyini indiyə kimi düz-əməlli bilən bir kimsə yoxdur. Doğrudan da, hazırkı erməni cəmiyyətində həlledici söz sahibi hansı qüvvədir, axı? Formal hakimiyyət strukturlarımı? Genetik yaddaşının təsiriylə erməni cəmiyyətini hələ də icma hesab eləyən diaspormu? Bəlkə kilsə? Bir vaxtlar öz xalqının sosial psixologiyasını dəyişmək üçün Musa peyğəmbərə 40 il vaxt lazım olduğunu nəzərə alanda belə bir xeyirxah missiyanı gerçəkləşdirmək üçün erməni kilsəsinin ixtiyarında daha on il var. Amma onun problemi vaxtla bağlı deyil, dəyişməyi uzaq perspektivdə də mümkün görünməyən insanaqənim təbiətindədir.

Bu gün Ermənistanın ən böyük problemi havadarlarının, həm də öz aralarında bir-birlərinə qənim kəsilmiş havadarlarının çoxluğundadır. Kənardan baxanlarda qibtə doğursa da, acınacaqlı durumdur. Və bu xalqın başına gələn və gəldiyindən daha on qat artıq şişirdilən faciələrinin kökündə də məhz özgə çəkişmələrinin əlində alət olma vərdişi dayanır. Təəssüf ki, bu vərdiş artıq bütöv bir millətin psixoloji portretinə çevrilib. Ancaq unutmaq lazım deyil ki, ağız-ağıza yatan canavarların qarşısında nə qədər ustalıqla rəqs eləsən də axırda hökmən onlardan birinin yeminə çevrilmək artıq ehtimal yox, aksiomdur.

M. Cavadoğlu

 

 

 

TƏQVİM / ARXİV