İran növbəti dilemma qarşısında

MEHMAN CAVADOĞLU
838 | 2022-09-30 12:50

İyirmi iki yaşlı Məhsa Əmininin hicab qaydalarını pozduğu üçün İranın əxlaq polisi tərəfindən qətlə yetirilməsinə etiraz olaraq paytaxt Tehranda iki həftə əvvəl başlayan və sürətlə ölkənin bütün əyalətlərinə yayılan etiraz aksiyaları səngimək bilmir. Qətl xəbərinin ardınca hadisənin bəzi türkürpədici detallarının da üzə çıxması yanan ocağın üstünə səpilən nöyüt kimi prosesi daha da alovlandırdı, cəmiyyəti o dərəcədə radikallaşdırdı ki, qarşıdurma zorakı müstəviyə keçdi. Söhbət “başını islami qaydalara uyğun” bağlamayan məsum qızcığazın qətlə yetirilməmişdən qabaq məmləkətin “qeyrət keşikçisi” olan əxlaq polisində zorlanmasıyla bağlı yayılan həmin o məşum xəbərdən gedir.

Bu etirazlar başlayandan bir neçə gün sonra Kərəc şəhərində Azərbaycanlı qızı Hadis Nəcəfinin öldürülməsi isə proseslərin qarşısıalınmaz məcraya yönəlməsində ikinci təkan rolunu oynadı. Amini kimi onun da 22 yaşı var idi. Hicabını çıxardıb qısa sarışın saçlarını etirazçıların qarşısında açdığı an polisin düz 6 gülləsinə tuş gəlmişdi. Artıq öz şəhid həmyaşıdıyla birlikdə növbəti İran inqilabının simvoluna çevrilmiş Hadis Nəcəfi həm də istedadlı şair və ədəbiyyatşünas idi.

İranda hər nə qədər mühafizəkar və qəddar rejim hökmranlıq etsə də, burda yetkin bir cəmiyyətə mövcuddur. Sosial etirazlar və tez-tez baş verən müxtəlif rəngli inqilablar və necə bitməyindən asılı olmayaraq, bu məmləkətin ən azı son bir əsrlik tarixinin ən parlaq səhifələrini təşkil edir. Hazırkı teokratik rejimin 44 illik hökmranlığı dövründə də ölkə mütəmadi olaraq bəzən qan içində boğulan, bəzən də öz-özünə sönüb gedən çoxsaylı etiraz aksiyalarıyla çalxalanıb. Ancaq hazırda ölkəni bürüyən etiraz aksiyalarını əvvəlkilərdən fərqləndirən ən ilginc və həssas məqam onun ölkənin ali dini lideri Seyid Əli Xameneyinin səhhətiylə bağlı yayılan bədbin xəbərlərin fonunda baş verməsidir. Bir neçə həftə qabaq hətta ölüm xəbəri çıxan rəhbərin hələ də ictimayyət qarşısında görünməməsi də vəziyyətin həddindən artıq kritik olmasına dəlalət edir.

Etiraz aksiyalar haqqında danışan xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın çıxışının hakimiyyət dəyişikliyi üzərinə köklənməsi də şübhələri azaltmaq əvəzinə çoxaltdı. Ümumiyyətlə, bütün hakimiyyətin bir nəfərin əlində cəmləşdiyi məmləkətlərdə bu cür mövzular tabu hesab olunduğuna görə hər hansı bir rəsmi şəxsin, özü də yüksək ranqlı rəsmi şəxsin ona ötəri də olsa toxunması “torbada pişik ” effekti yaradır.

Qərbin, xüsusilə ABŞ və İngiltərənin KİV-lərini İrandakı hadisələri körükləməkdə ittiham edən Abdullahiyan bəyan edib ki, bu yalan orqanları insanları küçələrə çıxmağa təhrik edərək ictimai asayişi pozmaq və İranda rəngli inqilablar törətməklə rejim dəyişikliyinə nail olmaq istəyirlər. “Ancaq İran xalqı ayıqdır və heç vaxt düşmən təxribatlarına uymayacaq” – deyə o, çıxışının sonunda xalqın adından qəti hökm verməyi də unutmayıb.

Nazirin xalq haqqında və yaxud xalqın adından bu cür nikbin danışmağına rəğmən hazırda ölkə həqiqətən çox ciddi təbəddülatlar və siyasi kataklizmlər ərəfəsindədir. Xalq rejim dəyişikliyi, hakim dairələr isə rəhbər postu uğrunda ölüm-dirim mübarizəsinə qalxıblar. Bir sözlə, ölkə öz tarixinin çox mürəkkəb bir mərhələsini yaşayır. Vəziyyət o qədər qarışıqdır ki, hətta küçə və meydanlarda cərəyan edən hadisələrin hakimiyyət dəhlizlərində baş verən proseslərin uzantısı olmasını iddia edənlərin fikirlərini də qəribçiliyə salmaq olmur.

Hazırda ali rəhbər postu uğrunda aparılan mübarizədə prezident İbrahim Rəisiylə vilayəti-fəqihin oğlu Moctəba Hüseyni Xatəminin şansları daha yüksək qiymətləndirilir. İnsaf naminə onu da demək lazımdır ki, Möctəba Hüseyninin əsas üstünlüyü “atasının gül balası” olmasından çox öz şəxsi keyfiyyətlərindən, ilk növbədə siyasi və iqtisadi savadından, bundan daha vacibi isə Sepahla olan çox isti münasibətlərindən qaynaqlanır.

Ölkənin ali rəhbəri postu uğrunda mübarizə aparanlardan fərqli olaraq rejim dəyişikliyi üçün küçə və meydanlara çıxanlar hələ ki, kortəbii mübarizə aparırlar. Onların nə rəhbəri, nə də konkret bir təşkilatı var. Hələ ki, sonuncu İran şahının hazırda ABŞ-da yaşayan oğlu Məhəmməd Rzadan başqa bu mübarizəyə rəhbərlik etmək istəyən bir kimsə zühur etməyib və yaxın müddətdə də zühur edəcəyi gözlənilmir. Çünki mövcud şərtlər daxilində ölkədə etirazçı qüvvələrə rəhbərlik eləyəsi hər hansı bir təşkilatın və ya liderin mövcudluğu ağlabatan deyil. Yeni yaranası istənilən qurumunsa belə bir ciddi missiyanın altına girməsi üçün ən azı psixoloji legitimlik problem olacaq ki, bunu da aradan qaldırmaq üçün müəyyən müddət lazımdır.

Son yüz ildə İranda həm monarxiya, həm də klerikal rejim iflasa uğrayıb. Biri siyasi səhnədən silinsə də digəri son günlərini yaşayır. Vaxtilə süngünün ucunda gətirilmiş sol ideya da burda duruş gətirə bilmədi. Zorla gəldiyi kimi zorla da getdi. Bir sözlə, bütün “izmlər”in uğursuzluğa düçar olduğu bu çoxmillətli ölkədə sonuncu ümid yalnız millətçi ideyanın təntənəsi ola bilər. Hərçənd, bundan ötrü də ölkədəki bütün xalqlar əl-ələ verərək ilk növbədə hazırkı rejimdən yaxa qurtarmalıdırlar. Nə qədər insanaqənim rejim olsa da məğlubedilməz deyil. Bəşər övladı bundan da qat-qat qəddar rejimlərin tarixin arxivinə gömüldüyünün həm şahidi və həm də iştirakçısı olub. Özü də dəfələrlə…

M.Cavadoğlu

 

 

TƏQVİM / ARXİV