Silah yox, sülh! 

MEHMAN CAVADOĞLU
666 | 2022-09-01 17:53

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən növbəti Brüssel görüşü başa çatıb. Bu, tərəflər arasında eyni formatda keçirilən sayca dördüncü görüşdü. Əvvəlki görüşlərin ənənəsinə uyğun olaraq danışıqlar barədə ictimaiyyətə geniş bilgi verilmədiyi üçün bağlı qapılar arxasında baş verənlərin təfərrüatları barədə yalnız dolayısı mənbələrə istinadla xəsisliklə mətbuata sızdırılan məlumatlar əsasında mühakimə yürütmək mümkündür. Üstəlik, nəzərə almaq lazımdır ki, Bakıyla Yerevan arasında Şarl Mişellə yanaşı Vladimir Putinin vasitəçiliyi ilə də mütəmadi görüşlər keçirilir və Kremlin Brüssel prosesinə zahirən dözümlü yanaşması heç də onun nəticələrini (əgər olarsa) qəbul edəcəyi anlamına gəlmir. Bir-birinə asi olan və fərqli maraqlar güdən güc mərkəzlərinin paralel vasitəçilik missiyası ilkin mərhələdə nə qədər problemsiz ötüşsə də, onun sonradan ciddi fəsadlar törədəcəyi qaçılmazdır.  

Sonuncu Brüssel görüşünü əvvəlkilərdən fərqləndirən əsas cəhətlərdən biri onun formatıyla bağlıdı. Bu dəfə görüşdə prezidentlərdən başqa hər iki ölkənin xarici işlər nazirləri və Azərbaycan prezidentinin köməkçisi Hikmət Haciyev və Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da iştirak edirdilər. Bu cür geniş tərkib isə ilk növbədə gündəlikdəki məsələlərin daha geniş və detallı müzakirəsindən xəbər verir. 

Artıq danışıqların gərgin keçməsi barədə ilk məlumatlar mətbuata sızılıb. Bu məlumatlar ümumi mahiyyət daşısa da, dəqiqliyi tam olaraq təsdiqlənməsə də hər halda od olmayan yerdən tüstü çıxmaz. Üstəlik, formatdan da göründüyü kimi əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə daha konkret məsələlər barədə müzakirələr aparıldığı üçün gərginliyin qaçılmaz olacağını əvvəcədən də təsəvvür eləmək çətin deyildi.  Görüş vaxtı erməni tərəfi daha çox iki ölkə arasında sülh sazişi üzərində işləməklə bağlı işçi qrupunun yaradılması və nəqliyyat-kommunikasiya vasitələrinin açılması ilə bağlı məsələlərə müqavimət göstərməyə çalışsa da bütün cəhdləri uğursuzluğa düçar olub.   

Şarl Mişelin görüşün yekunları barədə yaydığı xüsusi açıqlama nə qədər ümumi mahiyyət daşısa da, hər halda ilk və mötəbər mənbə kimi daha çox qiymətlidir. Aİ prezidenti əldə olunan razılıqlar barədə konkret bir söz söyləməsə də görüşün məhsuldar keçdiyini xüsusi vurğulayıb. O,  sülh müqaviləsinin bağlanmasını sürətləndirmək üçün Ermənistan və Azərbaycan arasında razılıq əldə edildiyini və layihənin  mətnini hazırlamaqdan ötrü xarici işlər nazirlərinə bir ay ərzində görüşmək barədə tapşırıq verildiyini bildirib. Sərhədlərin delimitasiyasına toxunan Ş. Mişel Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı əldə olunmuş razılıqdan da danışıb. Onun sözlərinə görə görüşdə  nəqliyyat xətlərinin açılması, eləcə də humanitar məsələlər – minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslər barədə də  müzakirələr aparılıb. 

Avropa Birliyi prezidentinin üç saatdan çox davam edən görüşün özətləri barədə verdiyi bu qısa açıqlamadan da göründüyü kimi müzakirə edilən məsələlərin əhatə dairəsi xeyli geniş olub. Hərçənd, real nəticələr haqqında konkret nəsə söyləmək hələlik çox tezdir. Çünki qarşı tərəfin davranışlarından, necə deyərər, qırımından açıq-aydın görünür ki, onlar müzakirə olunan məsələlərin bir çoxunun həllində, xüsusilə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyasıyla bağlı proseslərin başlanmasında maraqlı deyillər. 

Yuxarıda qeyd etmişdik ki, Rusiyanın zahiri susqunluğu heç də onun Brüssel prosesindən məmnunluğunun göstəricisi deyil. XİN sözçüsü  Mariya Zaxarovanın dünən keçirdiyi brifinqdə söylədikləri də bunun əyani sübutudur.  Xanım Zaxarova Aİ-nın Cənubi Qafqazda aktivlik göstərməsini onun geosiyasi ambisiyalarıyla əlaqələndirir və Brüsseli Moskvanın bostanına daş atmaqda suçlayır: “Ümumiyyətlə, biz görürük ki, Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real töhfə vermək istəyi ilə yox, geosiyasi ambisiyalarla bağlıdır. Bunlar Avropalıların psevdotəşəbbüsləridir. Bunlar daha çox başqasının vasitəçilik uğurlarını həyasızcasına mənimsəmək cəhdinə bənzəyir… Rusiya burda vasitəçi kimi işləyir və onun işi konkret nəticələr verir. Yerevanla Bakı isə bunu qiymətləndirir”. 

Hərçənd, son vaxtlar Ermənistan cəmiyyətində tamam fərqli proseslər gedir. Bütün ölkə getdikcə daha çox antirus ovqatına köklənməyə başlayır ki, bü da 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Moskvanın ətəyindən daha sıx yapışmağa məcbur olmuş Paşinyanın əlinə  oynayır. Məğlub baş nazir bir tərəfdən Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluğundan, digər tərəfdənsə Kremlyönlü müxalifətin onu devirmək üçün bir neçə ay əvvəl göstərdiyi sonuncu cəhdin də iflasa uğramasından ruhlanaraq yenidən əvvəlki qərbpərəst mövqeyinə qayıtmağa meyllənib. Artıq rəsmi və qeyri-rəsmi sözçülər də bu “köhnə-yeni” xəttin təbliğinə başlayıblar. Paşinyanın tərəfdarı olan keçmiş baş nazir Aram Sərkisyan isə bir neçə gün əvvəl verdiyi bir açıqlamayla baltanı lap kökündən vurub. O, Ermənistanın KTMT-dən çıxmasının vacibliyini vurğulayaraq Putinin məhrəm hisslərinə toxunub: “KTMT Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün biz oranı tərk etməliyik. Çünki həmin təşkilatın üzvü olmağımız Qərbin, xüsusilə ABŞ və Fransanın hərbi yardımını almağımıza mane olur”.

Qərb ölkələrinin Azərbaycan - Ermənistan konfliktinə münasibətdə  Yerevanın tərəfində olması heç kim üçün sirr deyil. Münaqişənin davam etdiyi 30 il ərzində həmin ölkələrin hökumətləri dəfələrlə dəyişsə də, iqtidara ayrı-ayrı siyasi cərəyanların təmsilçiləri gəlsələr də, bu istiqamətdə heç bir siyasi dəyişiklik baş vermədi. Çünki Dağlıq Qarabağı Azərbaycandan qopardıb Ermənistana vermək həmin ölkələrin dövlət siyasətiydi. Hökumətlərin nə həmin siyasəti dəyişmək səlahiyyəti,  nə də buna həvəsi var idi. Hətta Rusiya da bu platformada öz əzəli və əbədi rəqibləriylə bir sırada dayanmışdı. Bəli, heç bir beynəlxalq dəstəyi olmayan Azərbaycan bu davanı belə bir qlobal erməni həmrəyliyi fonunda uddu. Təkbaşına uddu. Təzyiqlər önündə geri çəkilməyən, çox nadir hallarda yaranan siyasi konyuktaralardan düzgün istifadə etməyi bacaran hakimiyyətinin, sınmayan, demorolizə olmayan xalqının  gücüylə uddu. Və bir də ona görə uddu ki, ilahi ədalət onun tərəfindəydi.

Odur ki, Aram Sərkisyan əbəs yerə elə güman edir ki, Rusiyanı Qərbə dəyişməklə nəyəsə nail olmaq mümkündür. Ən düzgün yol Azərbaycanla sülh şəraitində yaşamaqdan keçir ki, hazırda silah axtarışına çıxmaq yox, əllərinə göydən düşən bu barışıq şansını dəyərləndirmək barədə düşünmək lazımdır. 

M. Cavadoğlu


 

TƏQVİM / ARXİV