adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MƏN ELƏ BİLİRDİM TƏKCƏ QURBAN XOCADI TƏMKİNLİ - AQİL ABBAS yazır

AQİL ABBAS
500 | 2024-04-02 17:12

Mən nədənsə təmkinli baş məşqçiləri çox sevirəm. Bəlkə bu, Lobanovskiyə məhəbbətimdən irəli gəlir. Bütün oyun boyu nehrə kimi yırğalanırdı. Baxıram dünya futboluna ən məşhur məşqçilər hoppanıb düşürlər, çığırırlar, bağırırlar. Amma Qurban xoca udanda da, uduzanda da öz təmkinini qoruyur. Hətta hakimlər “Qarabağ”ın əleyhinə haqsızca qərarlar çıxaranda da təmkinini qoruyur. Yalnız bircə dəfə Nəriman Axundzadə qol vuranda Nərimanın göz yaşlarına dözməyib Nərimanı qucaqladı, o da göz yaşlarını saxlaya bilmədi. 

Son günlər təmkinli daha bir məşqçi gördüm. O da “Araz-Naxçıvan”ın yönəticisi Azər Bağırov. “Sumqayıt”la “Araz”ın oyununda hakim açıq-aydın haqsız penalti təyin elədi. Buna dözmək mümkün deyildi, hətta mən televizorun qarşısında çığırıb-bağırırdım. 

Birini qoyub o birisinə gedim. “Qarabağ” Quzanlıda kubok oyunu oynayırdı. Həmişəki kimi mən də stadionda izləyirdim, dörd mindən çox tamaşaçı vardı. Hakim “Qarabağ”ın əleyhinə çox haqsız qərarlar verirdi. Stadiondakılar da hakimi çox pis söyüşlərə qonaq edirdilər. Mikrofonu götürüb azarkeşləri sakitləşdirdim. Dedim ki, mədəniyyətsizlik etməyin. Amma sona yaxın hakim elə bir kobud səhv etdi iki, həmin kobud səhvə görə bizim qapımıza qol vurdular. Onda özümü saxlaya bilmədim, Şərəf tribunasından söyə-söyə özümü atdım stadiona. “Qarabağ” futbolçuları qoymadılar, qoysaydılar o hakimi salacaqdım sillənin altına. Sağ olsun futbolçular ki, məni biabır olmaqdan qurtardılar. 

İndi Azər Bağırovun soyuqqanlılığı məni təəccübləndirdi. Dedim ki, nə yaxşı, stadiona girib hakim Kərimbəy Rəhimovu təpiyinin altına salmadı. 
Eybi yox, Azər bəy, sən öz mədəniyyətini göstərdin. Özü də izləyirəm, bu barədə də yazmışam, neçə oyundu hakimlər sizə haqsızlıq edir. Siz təmkininizi qoruyun. Sizə və komandanıza uğurlar arzulayıram. 

Və bir də bilmədim ki, VAR hakimləri oyunda nə gəzirdilər.
 

TƏQVİM / ARXİV