adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QONŞUYA ÜMİD OLAN DÖVLƏTSİZ QALAR - Aqil ABBAS yazır

AQİL ABBAS
684 | 2022-09-06 23:10

Son zamanlar demək olar ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca Kəlbəcər və Laçın rayonlarındakı postlarımızı intensiv atəşə tuturlar. Eləcə də Qarabağdakı separatçı qüvvələrin terrorçuları bizim mövqelərimizə atəş açırlar. Sülhməramlıların gözü qarşısında. Və hələ də Qarabağda erməni  silahlı qüvvələrinin əsgərləri və texnikası fəaliyyət göstərir, 10 noyabr Bəyannaməsində  qeyd olunsa da  hələ də Ermənistan  öz silahlı  qüvvələrini  Qarabağdan çıxarmır.

Nikol  Paşinyan Avropada bir bəyanat verir, qayıdıb İrəvanda ayrı bəyanat  verir. Müdafiə nazirini ABŞ-dakı havadarlarının yanına göndərir, xarici işlər nazirini də Rusiyadakı havadarlarının.

Səbrimizlə oynayır, 44 günlük müharibə deyəsən Ermənistana dərs olmayıb. İstəyir ki, biz təmkinimizi pozaq və onların  Ermənistandakı postlarını  göyə sovuraq və dünyaya  car  çəksinlər ki, Azərbaycan Ermənistana  təcavüz edir. Bir tərəfədən də KTMT-ni müharibəyə  cəlb etsin. ABŞ və Avropa da  tumanını  başına keçirsin ki, qoymayın Azərbaycan  Ermənistanı dağıdır.

İki məsələni unudur. Birincisi, KTMT deyilən təşkilat heç bir gücə malik deyil, həm də bu təşkilatın  üzvlərinin əksəriyyəti  müsəlman və  türk  dövlətidir.  İkinci bir tərəfdən Rusiyanın başı Ukraynaya  qarışıb, yeddi  aydır ki, hələ bir  nəticə əldə edə bilməyib.

Qaldı ABŞ və Avropaya, onların da  başı  Rusiya-Ukrayna  müharibəsinə qarışıb və bu müharibə onları da  boğaza yığıb.

ABŞ-a da çox arxayın  olmasın. 2008-ci ildə Rusiya Gürcüstanı  işğal edəndə rus tankları Tiflisin 30 kilometrliyinə dayananda ABŞ neyləyə  bildi? Bir bəyanat  verdi, vəssalam. Uzaqbaşı, belə bir  bəyanat da  bizə verəcək ki, siz Allah, yazıq  ermənilərlə işiniz yoxdur.

Qonşuya ümid olan torpaqsız və dövlətsiz  qalar. Necə ki Ermənistan  müstəqil  bir  dövlət deyil, bilmirəm, Rusiyanın neçənci əyalətidi. Bir dövlət ki  öz sərhədlərini özü qoruya bilmir, ona dövlət demək olmaz.  Digər tərəfdən Paşinyanın ikiüzlü siyasəti Rusiyanı da  çərlədib, Putini də boğaza yığıb.

Bu dünyanın  işini bilmək olmaz, Gizir. Əgər Ermənistan  sülhə gəlməsə, yenə bambılılığını davam eləsə Dəmir Yumruq heykəlinin biri Qərbi Zəngəzurda da qoyula bilər.

Tanrı Azərbaycanımızı qorusun!

Tanrı Cənab Prezidentimizi qorusun!

Tanrı əsgər və zabitlərimizi qorusun!

TƏQVİM / ARXİV