adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Akademikin son əsəri", "Atamın ruhu", Göy Tanrı", bir bənd də şeir-75- Saffari yazır

Orxan Saffari
86521 | 2021-05-20 13:26

Düzü, bu yazıya birinci şeirlərlə başlamaq istəyirdim. Həm bəzi misralar dindirirdi, həm də yazını yazmazdan əvvəl şeirlərini oxudum, amma sonra fikrimdən daşındım. Hazırda oxuduqlarımdan, mənə eyni hadisəni xatırladan bu bənddən savayı heç nə deməyəcəm. Odur ki, bəndi qoyaq, biz gedək üzü nəsrə...

"Nəyi gizlədəcək ancaq pərdələr
Sinəni gizlicə dağıdır ürək.
Mənə sarılmaqdan qorxaraq sanki,
Ərinin qolundan tutmuşdun bərk-bərk"


Yəqin ki, Sabir Rüstəmxanlı deyəndə yada ən çox düşən əsərlərdən biri də "Akademikin son əsəri"-dir.

Bədii formada tarixilik mahiyyətində olan bu əsər son illərin bir çox məsələlərinə işıq salır. Təbii ki, söhbət ictimai-siyasi məsələlərdən gedir. Məlum məsələdir ki, xalqımız, vətənimiz nəinki son illər, hətta əsrlər boyu müəyyən çətinliklərlə üzləşib. Bölünüb, parçalanıb, amma bir olub. Elə indikitək. Bizə yaxın olan proseslər isə təbii olaraq son illər baş verib. Bunlara isə bilavasitə ya şahidlik etmişik, ya da hiss etmişik. İndi bioloji səbəbdən şahidlik edə bilməyənlər və bilgisizlikdən hiss edə, anlaya bilməyənlər "Akademikin son əsəri"-nı oxuyaraq Azərbaycanın son illərki ictimai-siyasi mühitinə mənəvi terroru, ümumi abu-havanı duya bilər. 

Elə kitabın annotasiyasından da hər şey bəllidir.

"Tarix bu günün güzgüsü olduğu kimi, bu gün baş verən olaylar da onun bir çox gizli və qaranlıq səhifələrinə işıq salır. Yüz illər boyu millətin başına gələn faciələrin iç və dış səbəbkarları adını və rəngini dəyişmiş şəkildə bu gün də yaşamaqdadır. Son iki əsrdə Azərbaycan xalqı işğal, soyqırım, köçürmə, repressiya, milli dəyərlərinin əlindən alınması, mənəvi aşınma kimi bəlkə də heç bir xalqın görmədiyi zülmlərdən keçib. "Akademikin son əsəri” məhz xalqımızın bu hadisələrlə mübarizəsinə həsr olunub. 

Ümumiyyətlə, Sabir Rüstəmxanlının roman anlayışının əsasını ideya tutur. Biri var romantik, bədii və.s orta-klassik bir janr, biri də var konkret ideyası, strukturu, hesablanması olan roman. Mahiyyətində nələrin duyduğunu yazıçı özü etiraf edər, amma qıraqdan görünən həm ümumi, həm də indiki abu-hava vətən, millətə hesablanmışdır. Bu cür məsələlər pafossuz keçməsə də, Sabir Rüstəmxanlı bir zamanlar meydan hərəkatlarında tribuna şairi olsa da, roman müstəvisində bu məsələlər tamamilə yerindədir.

Onsuz bu xalqın quru pafosa qarnı toxdur.

İstər bu əsərdə, istərsə də digər əsərlərdə, məsələn, "Göy Tanrı" əsəri- hər birində dediyim ideyaları görmək olar. Türkçülükdən, türk tarixindən bəhs edən roman milliyyətçiliyin bizim müstəvidə bir simvoliziyası hesab oluna bilər. Həm də, məsələyə, yəni, bu əsərə yenilik qatan məsələ.

O cümlədən də "Difai-fədailəri" romanı. Burada məsələ bir qədər dəyişik, daha çox Erməni-Azərbaycan münaqişəsi, "Rus ayısı", məsələlərinə önəm verilib.

Ona görə Sabir Rüstəmxanlı əsərlərinə birinci növbədə tarixi əsərlər deməliyik.

Bu əsər də daxil olmaqla əslində, ilk növbədə xüsusi ilə tənqidilik məsələlər axtarırdım. Amma tarix təhrif olunmayıbsa, o cümlədən ideologiyaya hesablanıbsa, struktur ortadadırsa, yəni, bizə deyilməyə söz qalmayıbsa, nə etmək olar?

Müəllifin tarixi əsərlərini maraqlı edən bir nəsnə də real tarixi bədii formada, müasir ştrixlərlə verməkdir. Adətən, tarix sevməyən və oxumayan adama bu cür əsərlər maraqsız gəlsə də, məncə, bu əsərlərdə belə olmaz. Bir də başqa bir müəllif adı çəkmək istərdim. Kimlərsə bu yazını oxuyub ehtiyac duyar deyə.

Əzizə Cəfərzadə...


Tarixi romanlarda yorucu olmamaq üçün texnikan olmalıdır ki, Sabir Rüstəmxanlıda bunlar var.

"Bu kitab elm aləminə yaxşı tanış olan mifik Oğuznamə motivləri əsasında, lakin bədii əsərə xas şərtiliklərlə yazılıb. Bununla belə, burda uydurma yoxdur".

Bax, bütün məsələ budur. Təhrif olunmadan, çağdaş çatdırma ustalığı.

"Göy Tanrı" əsərində bizə klassikanı xatırladacaq məqam "boylar' olacaq. Dastanlardakı kimi, Dədə-Qorqud dastanı kimi. Düzdü, Dədə-Qorqudu bədii müstəvidə görəndə yada(ıma, mıza) daha çox Kamal Abdulla düşsə də, Sabir Rüstəmxanlını da əsla unutdurmur.

O cümlədən də bənzər məsələləri müəllifdən digər oxuduğum əsər, "Atamın ruhu" haqqında deyə bilərik. Digər əsərlərdəki ideoloji xətt burda da özünü göstərməkdədir.

Bu əsər ilk növbədə genetik olaraq valideynə bağlılıq, tapınmaq kimi mənəvi məsələlərin fonundadır. Həqiqətən də bir insan həyatından ata köçüb gedirsə, dünya silkələnir. Nə vaxt, necə olmağından asılı olmayaraq. Müəllif də bu əsərdə öz atasının son günlərini, gedişini ideoloji xətt üzərindən qələmə almışdır. Əsərin mahiyyəti bu cür mənəvi, genetik kodların itirilməməsi, bunun böyüklüyü, bu dəyərlərin nə qədər vacib olduğu, insanı bütövləşdirən hisslərin olması fonundadır. Bəli, ruh heç vaxt yox olmur. Enerji formasında, hiss əsasında. İstər ədəbi müstəvidə, istərsə də belə. 

 

Qeyd; Bu yazı uzun müddət bundan əvvəl arxiv üçün yazılsa da, hazırda istiqlaliyyət şairinin 75 yaşına həsr olunur...

 

Orxan Saffari.

 

TƏQVİM / ARXİV