Dünən sosial şəbəkədə həmkarım, keçmiş iş yoldaşım Aynur Elgünəşin olduqca məzəli bir yazı-statusu ilə rastlaşdım.
Onun bəhs etdiyi hadisə gündəmdə olan mövzuda, cin məsələsi barədə idi.
İndi həmin qeydləri müxtəsər şəkildə burada yazım, sonra mətləbə keçərəm.
Həmkarımızın bəhs etdiyi hadisə 15 il əvvəl olub. Onu bir qəzetə işə dəvət ediblər, gedib, redaktor olub. Baş redaktor işə başlayan Aynura Qurani-Kərimə sədaqət andı içdirmək istəyib, amma o, axırda "söz verirəm”lə canını qurtarıb (indi məlum olur ki, Aynur bacı andını pozub).
Bir gün gənc redaktor öz baş redaktorunun tövsiyəsi ilə Türkiyə mətbuatında gedən bir xəbəri tərcümə edib, qəzetə qoyub. Xəbər bundan ibarətmiş ki, "Cadu” adlı bir filmin təqdimatında şam aşıb, pərdə yanıb, kinoteatrı tüstü bürüyüb, Ebru Gündeş, Əmrah tıncıxıb.
Ertəsi gün Bakıya yağış yağıb, redaksiyanın tavanı damıb, baş redaktorun otağına vanna, ləyən, vedrə düzüblər. Mövhumatçı "media kapitanı” dərhal bu hadisənin nədən baş verdiyini müəyyən edib, Aynura cindən şübhələndiyini deyib və əlavə edib ki, əgər o, dünən o xəbəri yazmasaymış, bu gün bu hadisə olmazmış.
Tərs kimi, bir azdan su naqillərdə qısaqapanma yaradıb, işıqlar sönüb, kompüterin biri sıradan çıxıb. Baş redaktor tam əmin olub ki, redaksiyada cin var. Arada o, başıbəlalı yazının müəllifini çağırıb (axı cini redaksiyaya o müsəllət edib), yardım istəyib, cini qovmasını xahiş edib.
Sonra baş redaktor baxıcı yanına gedib, qayıdıb gələndə özü ilə bir şüşə bulanıq su gətirib, "Cadu” filminin prezentasiyasından yazan əməkdaşa içirmək istəyib. O, su içməyə razı olmasa da, bu "cinqovucu” mayeni redaksiyanın künc-bucağına, divar dibinə çiləməyə razılaşıb.
Bu yerdə Aynur Elgünəşin yazısından bir parçanı iqtibas edək: "Uzun sözün qısası, bir stəkan suyu götürüb düşmüşəm redaksiyanın canına, deyirəm: ”Kül başına, ay Aynur, səni də bir ciddi jurnalist sayırlar, dəli hərləyirsən". Suyu töküb deyirəm: "Rədd ol buradan, kişşş”. Uşaqlar da uğunur. Birdən işarə elədilər ki, kişi gəlir. Neynədim gülməyimi saxlaya bilmədim, götürüldüm pilləkənə tərəf. Arxadan çağırır: "Hara gedirsən?” Dedim: "Cini qapıdan çıxarıb gəlirəm”.
Bəlkə də çox adam inanmaz, amma belə hadisə həqiqətən olub. Söhbətin ən ağlasığmaz tərəfi peşəsi etibarilə insanları xurafatdan, mövhumatdan uzaq tutmalı, oxucularını maarifləndirməli olan adamın birdən-birə bu qədər xurafatçı olmasıdır.
Belə insanlar var, özü də çoxdur. Onlara istənilən yerdə rast gəlmək olar.
Bu ölkədə cinə inanc ona görə şiddətlidir ki, biz, şair demişkən, gözümüzü dünyaya açanda ilkin, eşitdiyimiz üç-dörd sözdən biri "cin”, biri "şeytan” olur.
Peşmansan, yerə qaynar suyu tökəsən, dərhal ağbirçəklərdən biri təpinir: "Neynəyirsən, a bala, cinin balalarını yandırdın axı”.
Qaranlıqda evə qobu qırağı ilə qayıdırsan, mütləq kimsə deyir, çalış bu vaxtlar burayla gəlmə, cinlər əsasən qobuda olur.
Atların yalını didikləyən bir xırda heyvan var, gecələr minir atın boynuna, at canının hövlündən qaçır, qan-tərə batır, səhəri gün atı bu halda görənlər deyirlər ki, gecə atı cin çapıb.
Uşaqların yanında, xüsusilə də işıqların söndüyü vaxtlar, zülmət qaranlıqdakı çıraq işığında tez-tez keçmişdə kiminsə sancaqla cin tutub özünə fəhlə işlətməsindən danışırlar.
Həyətə əncir ağacları əkmirlər ki, cinlər o ağacın altına yığışırlar.
Gedirsən məktəbə, divlərdən, cinlərdən bəhs edən nağıl oxuyursan. Məsələn, hamımızın ilk nağılımız "Cırtdan” deyilmi? Qırışmal o nağılda divi aldadıb suda boğur. Məlikməmməd qızı divdən xilas edir.
Biz cinlər, divlər, ifritələr haqda nağıllarla böyüyürük, yekəlib əvvəlcə "Qərib cinlər diyarında”, "Cin mikrorayonda”, "Ələddinin sehirli çırağı” kimi filmlərə baxırıq. Daha sonra Hollivudda çəkilmiş dəhşət filmlərindəki fövqəlbəşər obrazlara tamaşa edirik. Belə olandan sonra ciddi ədəbiyyat oxumayanların, realist filmlərə baxmayanların cinə inamının dərin olması təbiidir.
Bizim cinli olmağımızın da, hər düz getməyən işimizdə cin-şeytan barmağı axtarmağımızın da səbəbi budur.
Əgər ortada cin varsa, cinin mövcudluğuna inam varsa, onu qovmaq üzrə ixtisaslaşan, bu işdən pul qazanmaq istəyənlər də mütləq olacaq.
P.S. Bizim rayonda bir kənd vardı, adı Cinni .... li idi - kəndin adını ona görə yazmıram ki, sakinləri cinlənib redaksiyaya gəlməsinlər.