SON DƏQİQƏ:

DAŞ ATIB PUL QAZANIB?..

  68113   |  
Şriftin ölçüsü  

… İkimərtəbəli evin ikinci mərtəbəsindəki çarpayıda Qalib kişi şirin yuxuya getmişdi. Adətən evdəkilər səhər tezdən yuxudan qalxsa da, Qalib kişi bir qədər onlardan gec dururdu. İşini-gücünü o qədər dəqiqliyiylə səhmanlamışdı ki, tay onun səhər tezdən yuxudan qalxmasına ehtiyacı qalmırdı. Amma buna baxmayaraq Qalib kişi yenə hər şeyə nəzarət eləyir, iş əyri gedəndə arvad-uşağın gözündə ip əyirirdi.

… Evdəkilər ondan möhkəm çəkinirdi. Həm də Qalib kişi çox varlı, imkanlı adam idi. Zəhmindən nəinki qadınlar, hətta kişilər də ondan çəkinirdi. Bu qədər varlı-hallı adam heç vaxt özündən razı olmaz, hamıya, xüsusən də qohum-əqrabasına az qalırdı ki, gözünün yağını yedirtsin...

… Sübh tezdən əmisioğlu Qurban gəlib kəsdirmişdi onların qapısının ağzını. Arvadı Münəvvər də Qurban kişini görəndə elə bil ki, anasının oynaşını görürdü. Çünki bu Qurban kişi o qədər onun ərindən istifadə etmişdi ki, sayıb qurtarmaq mümkün deyildi. Qurban kişi həyətə girəndə birinci əmioğlusunu səslədi:

- Ay Qalib, ay Qalib hardasan, bir hay versənə?

Ona hayı Qalib kişinin arvadı Münəvvər verdi:

- Çox bərkdən qışqırma, kişi yatıb! Nə sözün var deyərsən gedib çatdıraram...

Münəvvər arvadın sözləri heç Qurban kişini açmadı. Dedi ki, əmioğlumla işim var. «İşim» deyəndə Münəvvər arvadın dalağı sancdı ki, yenə Qurban kişi borc almağa gəlib. Hansı ki, bundan əvvəl üç dəfə hər birində beş min-beş min borc almışdı və heç birini də qaytarmamışdı. Amma onun ağzı nəydi ki, gəlib ərinə deməsin ki, əmioğlun gəlib...

… Ehmalca ikinci mərtəbyə qalxdı, evin qapısını açdı. Gördü ki, əri Qalib kişi qapını açdığını hiss elədi. Kişi soruşdu:

- Həyətdəki Qurbandı? Çağır gəlsin.

Münəvvər arvad ərinə yalvarmağa başladı:

- Saa qurban olum, bundan canını qurtar! Yoxsa arsızın biridi, hər dəfə pul alıb qaytarmır. Sən də ona bir söz demirsən, hirsini tökürsən bizim üstümüzə. İndi də xoruz ban verəndə elə-belə gəlməyib. Yəqin pul istəyir…

Kişinin qaş-qabağını görən Münəvvər arvad tay sözünün ardını gətirmədi. Aşağı düşdü və əmisioğlu Qurbana dedi ki, qalx yuxarı! Qurban da sevinə-sevinə ikinci mərtəbəyə qalxıb evə girdi. Çarpayıda yatan əmisioğlu da ayağa qalxdı. Qurban onu quçaqladı və dedi:

- Əmioğlu, ölmüşəm, məni yerdən götür. Təcili on min manat pul lazımdı. Əgər o pulu tapa bilməsəm Moskvada yaşayan oğlumu tutacaqlar…

Qalib kişi papirosunu yandırdı, bir-iki qullab vurdu:

- Deyirsən, uşaq ilişib?

Qurban kişi:

- Hə, əmioğlu! Əgər bu gün-sabah pulu çatdırmasam, məhkəmə ona doqquz il iş verəcək.

.. Yenə papirosuna bir-iki qullab vuraraq mütəkkəyə dirsəkləndi. Əmisi oğluna dedi ki, Münəvvəri çağır gəlsin! Sən də düş aşağıda gözlə! Çünki bütün pullar Münəvvərin taxta sandığında idi. Münəvvər də taxta sandığın ağzına düz üç kilid vurardı. Kilid də vurandan sonra açarla kilidi bağlayar, açarları da qoynuna qoyardı…

Arvad yuxarı qalxdı. Kişi dedi ki, sandığı aç, ordan mənə iki əllilik paçkası ver. Arvad yenə zarımağa başladı:

- A kişi, sən bir dəfə deyə bilmirsən ki, pulum yoxdu? Əminoğluna üç dəfə pul vermisən, heç birini də qaytarmayıb. İndi də on min manat pul verəcəksən. Elə bilirsən onu qaytaracaq? De ki, yoxumdu, çıxıb getsin…

Kişi yenidən arvadına tərs-tərs baxdı:

- A köpəkoğlunun qızı, mən necə yalandan deyim ki, pulum yoxdu! Axı Allah görür ki, pulum var, bu ruzini mənə yetirən qurban olduğumdu. Onu da qohum-əqrabaya əli yananda verməsəm, Allaha ağır gedər, sonra da ruzimiz quruyar…

Deyəsən, kişinin dediyi son sözlər arvadın ağlına batdı:

- Tay özün bilərsən! – dedi.

Münəvvər arvad sandıqdan iki əllilik paçkasını çıxarıb ərinə verdi. Dedi ki, indi Qurbanı çağır gəlsin, bir səhər yeməyi də düzəlt…

Əmisi oğlu Qurban yenidən ikinci mərtəbəyə qalxdı və yenidən gəlib əyləşdi Qalib kişinin yanında. Münəvvər arvad da heç on dəqiqə keçmədi ki, sinidə bal, yağ, qaymaq, özü də qaymaq elə-belə qaymaq deyilidi, payızın camış qaymağı idi və o qaymağı da bıçaqla kəsirdin. Səhər-səhər hər ikisi o qaymaqdan da, baldan da möhkəm yedilər. Sonra da Qalib kişi iki əllilik paçkasını əmisi oğlu Qurbana verdi və dedi:

- İşini düzəlt, darıxıb eləmə, imkanın olanda borcunu qaytararsan!

Qurban kişi qısmışdı və beynindən bir fikir keçdi: «İmkanım olanda da qaytaran deyiləm. Qaynın Nəsib beş dəfə pul alıb, hanısını qaytarıb? Mən ki, sənin əmin oğlunam, əlim də aşağıdı». Pulları cibinə qoyub sevinə-sevinə ikinci mərtəbənin pilləkənləri ilə həyətə düşdü, sonra da maşına əyləşib getdi.

… Bir müddət keçəndən sonra da bəlli oldu ki, Qurban kişinin oğlu heç «ilişməyibmiş». Sadəcə olaraq bu pulla özünə təzə «Volqa» almaq istəyirmiş. Moskvaya getdi, oğlunun köməkliyi ilə «QAZ-21»i alıb gətirdi. «Volqa»nın qabağında ceyran heykəli də vardı. Bu kənddə cəmi iki «Volqa» vardı – biri Qalib kişinin idi, biri də avtoinspektor Sabirin. Qurban kişinin Moskvadan alıb gətirdiyi «Volqa» onların maşınından da təzəydi. Hətta elə bəzək-düzək vurdurmuşdu ki, gəlin gətirmək istəyənlər Qurban kişinin «Volqa»sını axtarırdı. Elə bu «Volqa» ilə də o, yaxşı pul qazanırdı. Bir maşının bəkə də pulunu çıxarmışdı...

Qalib kişi Qurbanın Moskvadan «Volqa» alıb gətirmək xəbərini eşidəndə çox sevindi. Yenə arvadı iki daşın arasında ona xatırlatdı. «Gördün əmin oğlunu, sənnən uşağının ilişməsi ilə bağlı borc pul aldı, sonra da gedib «Volqa» gətirdi. İnsanın bir bicliyinə bax ha?! Burda ağlayır, sısqayır, yalandan səni aldadır, sonra da maşın gətirir».

Kişi yenidən arvadına əsəbləşdi:

- Sən az danış, mən özüm bilərəm. Deməmişəm ki, mənim işimə burnunu soxma?!

Kişinin qırımından arvad hiss elədi ki, bir az da danışsa əri onun yeddi arxa dönənini sulayacaq. Ona görə də səsini xırp kəsdi…

Qurban kişi aylar, illər ötsə də yenə öz kefində idi. Heç pulu qaytarmaq barəsində bir dəfə olsun belə düşünmürdü. Bir dəfə elə oldu ki, Qalib kişi qardaşından əmisi oğluna sifariş göndərdi ki, bir az əlim aşağıdı, o borc puldan imkan varsa qaytarsın. Qalib kişinin qardaşı xəbəri əmisi oğlu Qurbana çatdıranda Qurban borc qaytarmaq əvəzinə özündən çıxdı və ağzı köpükləndi:

- Ə, bu mənim əmim oğlu da çox qəribə adamdı e! İtə-qurda o qədər pul verib, birini istəmir. Amma doğmaca əmisi oğlundan pul tələb eləyir! Get, əmioğluma denən ki, daş atıb pul qazanıb?! Mənim ona verəsi pulum yoxdu! Onsuz da Münəvvər arvadın iki kilid vurduğu sandığın içində bir kisə pul var. O bir kisə puldan indi iki paçkasını mənə verib, dünya dağılmayıb ki?

Qardaşı da əmisi oğlunun cavabını Qalib kişiyə çatdırdı. Tay Qalib kişi də bir söz demədi. Bircə onu dedi ki, elə camaat ona yaxşı deyir ki, üzü qırmızı adamdan nə desən gözləmək olar. Qoy olsun! O düz deyir, mənim pulumu it-qurd yeyib. Qoy bu dəfə də əmim oğlu yesin! Təki Allah mənə pul yetirsin və mən də onlara borc verim…

Bu söz-söhbətdən sonra tay Qurban kişi bir də o həyətə gəlmədi. Amma əmisi oğlunun da ürəyi çox yumuşaq idi. Bir axşam onu evinə çağırtdırdı və Qurban da qorxa-qorxa ikinci mərtəbyə qalxdı. Elə bildi ki, əmisi oğlu Qalib dişinin dibindən çıxanı ona deyəcək və pulunu istəyəcək! Amma əmisi oğlu ona heç bir söz demədi. Qalib kişi bir cümlə işlətdi:

- Əmioğlu, sən pisliyindən qalmırsansa, mən niyə yaxşılığımdan qalmalıyam? Nə vaxt pul lazım oldu utanma, de, verəcəm!..

Qalib kişinin sözləri Qurbana güllə kimi dəydi. Evdən çıxanda cum-culuq tərə batmışdı. Əlini cibinə atdı, dəsmal da tapa bilmədi. Pencəyinin qoluyla alınında puçurlanmış təri sildi, ikinci mərtəbədəki pilləkənləri yavaş-yavaş düşdü. Elə bil ki, dünya onun çiynində idi…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK