SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: YERİN GÖRÜNÜR...

  51292   |  
Şriftin ölçüsü  

... Elə adamlar var ki, dünyalarını dəyişsələr də, uzun müddət elin, obanın və dostlarının yadından çıxmırlar. O adamlar heç də elə-belə insanlar deyilər və o adamlar sağlıqlarında o qədər əməli-saleh, yaxşı işlər görüblər ki, insanların qəlblərində özlərinə silinməz əbədi iz qoyublar. Və o adamlar bir tikə çörəklərini, bir stəkan çaylarını tək yeməyib, tək də içməyiblər. Elə ona görə də o adamlar əbədiyyətə qovuşsalar da, hər an, hər dəqiqə xatırlanıb, yada salınıb...

Yazıçı-publisist, gözəl insan, yaxın dostumuz Surxay Əlibəyli də belə ziyalılardan idi. Ziyalı sözünü ona görə işlədirəm ki, o, yaşadığı 70 ilə yaxın bir zaman kəsiyində həmişə işıqlı və nurlu böyük Azərbaycan ziyalılarının əhatəsində olub. Və o mühit də zaman-zaman Surxayın bir ziyalı, bir işıqlı insan kimi yetişməsinə, cəmiyyətdə nüfuz qazanmasına təkan verib. Və təsadüfi deyil ki, Surxay xalq hərəkatından tutmuş ömrünün son anına qədər elə bu mühitin, bu durumun içində olub...

... Onun nə qədər böyük insan və nə qədər böyük ziyalı olmağını bir dəfə yoldaşlıq eləməklə, bir dəfə duz-çörək kəsməklə, bir dəfə yüz-yüz "vurmaqla” bilmək olurdu. Mən onunla yüz-yüz "vurmamışam”, amma mən onunla yoldaşlıq eləmişəm, çörək kəsmişəm, xeyrə-şərə getmişəm. İstededlı müğənni Məhəbət Kazımov rəhmətə gedəndə heç dincəlmirdi. Dedi ki, Məhəbbət biz tərəfdə yaşayır, həm də qonşumuzdu, gəl gedək onun yas məclisinə. Metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında görüşdük və böyük sənətkarın yas məclisində iştirak elədik. Elə mənim özümün də Məhəbbət Kazımovla tanışlığım vardı. Hətta bir dəfə ondan müsahibə alıb qəzetimizdə çap eləmişdik. Sonra rəhmətlik mənə zəng çaldı, gedib onunla bir tikə çörək kəsdik. Yas məclisində adam əlindən tərpənmək mümkün deyildi. Surxay da dedi ki, bax, ən böyük var-dövlət xalqın məhəbbətidir. Və xalq da öz sonuncu məhəbbətini və sədaqətini böyük sənətkara göstərdi. Çünki o məclisdə iynə atsan adam əlindən yerə düşməzdi.

Surxay Əlibəyli Azərbaycanın çox böyük ziyalıları ilə dostluq eləyib, duz-çörək kəsib. Böyük Əbülfəz Elçibəylə çox isti münasibəti vardı. Ancaq o, bir dəfə də olsun şəxsi işinə görə, bəydən xahiş eləmədi. İstəsəydi xahiş eləyərdi, özünə bir gün ağlayardı, vəzifə tutardı. Və nə qədər də varı, dövləti, evi-eşiyi olardı. Bəy də bilirdi ki, Surxay təmiz adamdı, dünya malında gözü yoxdu, ona görə də onunla dostluq eləyərdi. Və təbii ki, saf və təmiz insanlar bir-birilə çörək kəsəndə, dostluq eləyəndə heç bir təmənna güdmürlər. Və Surxayın da dostluğu bəylə belə təmənnasızlıq üzərində qurulmuşdu...


... Onunla dəfələrlə yol-yoldaşı olmuşuq, çörək kəsmişik. Amma həmişə də Surxayın gözü toxluğunun və səmimiyyətinin şahidi olmuşam. Şahidi olmuşam ki, Surxay bir tikə çörəyi üç-dörd yerə bölüb... Şahidi olmuşam ki, bu böyük ziyalı təpədən-dərnağa səmimi adamdı... Şahidi olmuşam ki, o, heç kəsin arxasınca, dalınca danışıb qeybət eləməyib. Əksinə, kimsə başqası haqqında qeybət eləyəndə "ağzından” vurub. Çünki Surxay Əlibəyli göründüyü kimi olan, olduğu kimi də görünən böyük ziyalı, böyük yazıçı, böyük jurnalist idi.

... O, hansı janrda desən yazı qələmə almağı bacaran bir istedad sahibi idi. Ağdamla bağlı sayı-hesabı bilinməyən publisist yazılar, oçerklər qələmə alıb və neçə-neçə də kitabı araya-ərsəyə gətirib. Heç çox vaxt yazdığı kitabların qonorarı da onu düşündürməyib. Onu düşündürən o olub ki, tanıdığı böyük ziyalılar, böyük el sənətkarları barəsində yazılar qələmə alsın...

... Surxay həddindən artıq yumorlu, duzlu-məzəli və həm də zarafatcıl insan idi. Bu da onun iç dünyasından gəlirdi. Surxayla lap dünyanın o başına getsən, darıxmazdın; o qədər lətifələr, yumorlar və olmuş əhvalatlar danışardı ki, uğunub özündən gedərdin. Surxay hara getsə, harda olsa heç vaxt Ağdamı, doğma kəndini, elini-obasını yaddan çıxarmırdı. Hər hansı məclisdə, toyda belə iki daşın arasında ağdamlı günlərini xatırlayardı və bir anlıq sözüylə, söhbətiylə o günlərə dönərdi, sonra da gözləri dolardı. Qədir Rüstəmov ən çox sevdiyi xanəndələrdən idi. Deyirdi Qədiri dinləyəndə Ağdama gedirəm, küçələri, parkları, xiyabanları, hətta hər döngəni belə görüb gəlirəm. Bu istedadlı adam həm də böyük ürək sahibi idi. Paxıllıq, xəbislik nə olduğunu bilməzdi. Dostluq və yoldaşlıq elədiyi adama ürəyini çıxarıb verərdi, heç "uf” da deməzdi. Bunu tək mən demirəm ha! Bunu Surxay Əlibəylini tanıyan bütün dostları, yoldaşları və çörək kəsdiyi adamların hamısı deyir...

... O, kəsdiyi duz-çörəyə, verdiyi haqq-salama çox sadiq adamıydı. Xüsusən də böyük yazıçı və millət vəkili Aqil Abbasla uzun müddət dostluq eləyirdilər. Aqil müəllim hər adamın xətrini Surxay qədər istəmirdi. Çünki kişilər tonlarla çörək kəsmişdilər. Bir dəfə də Aqil Abbas belində yırtıq olduğuna görə, Neyrocərrahiyyə xəstəxanasında yatırdı. Bəzən elə olurdu ki, səhərə qədər ağrıdan gözünü yuma bilmirdi. O adam yoxuydu ki, Aqil Abbasa baş çəkməsin. Surxay dedi ki, sənin dərdinin dərmanı xaşla tut arağıdı. Səhər-səhər gətirəcəm xaşı yeyərsən, arağı da içərsən, bax, ağrın onda kəsiləcək. O xaşı yeyəndən, o tut arağını içəndən sonra Aqil müəllimin ağrısı azalırdı. Amma həkimlər demişdi ki, sənə içmək olmaz. Surxay da əlini yelləyib dedi ki, həkimlər özü üçün deyir...

... Noyabrın 5-də böyük yazıçı-jurnalist Surxay Əlibəylinin dünyasını dəyişməsinin bir ili tamam olir. Sizi inandırım ki, bu bir ildə o, hər gün olmasa da, hər həftə, hər ay onu tanıyanlar tərəfindən xatırlanıb, yad edilib. Hətta ad günündə əksər dostları Surxayın həmişə çörək yediyi yeməkxanaya yığışıb onu yada salıb, xatırlayıblar və məzarını ziyarət ediblər. Surxay özü də bir vaxtlar itirdiyi dostlarını tez-tez xatırlayırdı. Və xatırlayanda da gözləri dolardı. Çünki onun ürəyi, qəlbi çox yumuşaq idi.

... Bir ildi aramızda olmasa da, amma hər məclisdə, hər yedə onun yeri görünür. Və bəzən mən elə bilirəm ki, Surxay gəlib yanımızda əyləşəcək və öz duzlu, şirin söhbətlərilə qəlbimizə yol tapacaqdı. Dəfələrlə yuxuma da girib. Və yuxuma girəndə də heç vaxt ziyan tapmamışam, əksinə, xeyir tapmışam. Gedib ona "Yasin” oxutdurmuşam. Bundan sonra ürəyim bir qədər sakitləşib. Düşünürəm ki, yaxşı insanlar, hamı üçün doğma olan adamlar vallah, heç vaxt, heç zaman ölmürlər. Vay onda ki, sağ olasan, nə toyda yada düşəsən, nə də yasda...

Surxay Əlibəylinin ən çox sevdiyi şairlərdən biri Ramiz Rövşən idi. O, Ramiz Rövşənin şeirlərini əzbər bilirdi. Və məclislərdə də əzbər bildiyi o şeirlərdən deyərdi, dostlarını sevindirərdi. Mən onun əzbər dediyi "Bütün dostlar sağ ola kaş” şeirilə yazımı bitirmək istəyirəm:

Mən öləndə ağlamağa

Bütün dostlar sağ ola kaş.

Gözlərimi bağlamağa

Neçə cüt barmaq ola kaş.

Boynunu büküb qapıda,

Bir qız göz yaşı axıda...

Üç balam şirin yuxuda,

Qadınım oyaq ola kaş.

Güc tapsam ev tikməyə,

Qapımda ağac əkməyə,

Kəfən yox, məni bükməyə

Bir yaşıl yarpaq ola kaş...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK